Accessibility links

ABŞ Senatı Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair qərar qəbul edib


Amerikanın ən yüksək kəşfiyyat rəsmisi Şimali Koreyanın nüvə, ballistik və kiber imkanları barədə xəbərdarlıq edəndən bir gün sonra ABŞ Senatı Pxenyanı, onun xarici təchizatçıları və həmkarlarını hədəfləyən genişmiqyaslı sanskiyaların tətbiqinə dair qanun qəbul edib. Çərşənbə günü 96-0 nəticəsi ilə başa çatan səsvermə Şimali Koreyanın bazar günü uzunmənzilli raket göndəməsi və nüvə sınağı həyata keçirməsinə reaksiya olaraq keçirilib.

Senatın qəbul etdiyi qanun layihəsi Pxenyanın nüvə proqramından tutmuş insan haqları durumunu hədəf alır. Respublikaçı Bob Korker isə ABŞ-ın illərdir davam edən Şimali Koreya siyasətini “miskin uğursuzluq” adlandırıb.

“Prezident sanskiyaların tətbiqini tələb edən əməlləri araşdırmalıdır. Buna kütləvi qırğın silahlarının yayılması, insan haqlarının pozulması və kibertəhlükəsizliyi pozmaq məqsədi daşıyan cəhdlər daxildir," deyə o bildirib.

Demokrat Ben Kardinin bildirdiyinə görə, qanun layihəsi Şimali Koreyanın mineral ticarətini və rejim üçün gəlir mənbəyi olan digər fəaliyyətləri, eləcə də Pxenyanla iş birliyi edən çinli və digər şəxsləri hədəf alır.

“Biz Şimali Koreyaya qanunsuz silah istehsal etmək üçün lazım olan avadanlıq və təchizatları əldə etməyə yardım edən, kommersiya maraqları olan şəxslərin qarşısını almağa çalışırıq,” deyə cənab Kardin bildirib.

Demokrat Robert Menendez Birləşmiş Millətlər Təşkilatını hərəkətə keçməməkdə günahlandırır.

“Sadəcə BMT Təhlükəsizlik Şurasını boş ritorika üçün bir araya gətirmək kifayət deyil. Bu, Kim rejiminə heç bir təsir göstərmir, sadəcə beynəlxalq səyə iradənin olmadığını üzə çıxarır.”

Hər iki partiyadan senatorlar Çini Pxenyanı cilovlamaq üçün daha sərt mövqe sərgilməyə çağırır.

Senatda qəbul olunan bu qanun layihəsi ya Nümayəndələr Palatasının daha öncə qəbul etdiyi digər bir qanun layihəsi ilə uyğunlaşdırılmalı, ya da Nümayəndələr Palatası Senatın bu yeni qanun layihəsini qəbul etməlidir.

Bundan əlavə Dövlət Departamenti Şimali Koreyaya qarşı daha sərt cəzaları təsdiq edib. Lakin Departament qanun layihəsinin prezident Obamaya təqdim olunanadək hər hansı konkret qanun barədə məlumat verməyi rədd edib.

XS
SM
MD
LG