Accessibility links

ABŞ Senatı Zika virusuna qarşı mübarizə məqsədilə 1.1 milyard dollar maliyyə ayrılmasını təsdiqləyib.

Bu rəqəmin Obama administrasiyasının təklif etdiyi 1.9 milyard dollardan az olmasına baxmayaraq, Nümayəndələr Palatasının nəzərdən keçirdiyi maliyyədən az qala iki dəfə artıqdır.

68 lehinə, 29 əleyhinə səsvermə respublikaçıların çoxluq təşkil etdiyi Senatın Ağ Evin müraciətini tam qarşılamamağa səs verməsindən sonra keçirilib. Fevral ayında ABŞ səhiyyə rəsmiləri xəbərdarlıq edib ki, Zika virusu ölkənin geniş ərzisinə yayıla bilər.

Debat zamanı Rod Aylenddan demokrat senator Cek Rid deyib ki, virusun təhlükəsi realdır.

“Biz bir-biri ilə qarşılıqlı əlaqədə olan dünyada yaşayırıq və bizdə bu virusa qarşı immunitet yoxdur. Artıq Birləşmiş Ştatlar ərazisində Zika virusuna min yoluxma halı qeydə alınıb. Virusa yoluxanlar arasında 100 nəfər hamilə qadınlardır. Mənim ştatım olan Rod Aylenddə iki virusa yoluxma halı qeydə alınıb. Və bu virus özü-özünə aradan qalxmayacaq. Biz yay ayları yaxınlaşdıqca bu rəqəmlərin artacağını görəcəyik” deyə senator bildirib.

Meyn ştatından respublikaçı senator Suzan Kollins həmkarı Ridlə razılaşıb.

“Amerikalılar haqlı olaraq Zika virusunun yayılmasından narahatdır. Virusun yayılmasının qarşısını almamaq ailələrimiz üçün olduqca təhlükəlidir” deyə Suzan Kollins bildirib.

Ağcaqanad sancması nəticəsində yaranan virus yeni doğulan körpələrdə qüsurlar və nevroloji pozuntulara səbəb ola bilər.

Senatın təsdiqlədiyi Zika virusu ilə mübarizə məqsədilə tədbirlərə dair sənədin Nümayəndələr Palatasında dəstəklənib-dəstəklənməyəcəyi sual altındadır. Belə ki, respublikaçıların çoxluq təşkil etdiyi palata bundan əvvəl Ebola virusuna qarşı mübarizə üçün ayrılmış 622 milyon dollarlıq maliyyə vəsaitindən istifadə edilməsini istəyir. Bu maliyyə Obama administrasiyasının Ebola ilə mübarizə proqramı üçün nəzərdə tutulan hesabdan bundan əvvəl götürdüyü təxminən 500 milyon dollara əlavə ediləcək.

Prezident Barak Obamanın masasına hansı palatada dəstəklənən sənədin çatmasından asılı olmayaraq, Konqresin Zika virusuna qarşı mübarizə üçün təsdiq edəcəyi maliyyə vəsaiti Ağ Evin müraciətində nəzərdə tutulduğundan daha az olacaq.

XS
SM
MD
LG