Accessibility links

“Sepah” işində apelyasiya təmin edilməyib


Həbs
Həbs

MTN 22 nəfəri “Sepah”la məxfi əməkdaşlığa görə saxlayıb. Məhkəmə həmin şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum edib

Bakı Apelyasiya Məhkəməsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilə əməkdaşlıqda ittiham olunan dəstə üzvlərinin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA agentliyinin məlumatına görə, məhkəmə apelyasiya şikayətləri təmin etməyib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan 22 nəfər şəxs İranın xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.

Saxlanılan şəxslər Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu, Zəkiyev Əbülfəz Əlikram oğlu, Bəşirov Əli Əli İsa oğlu, Nuriyev Gülhüseyn Əhmədağa oğlu və Fərəcov Asif Fərəc oğludur. Onlar Cinayət Məcəlləsinin 28. 214.2.1 (cinayətə hazırlıq; terrorçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 28, 214.2.3 (cinayətə hazırlıq; terrorçuluq; odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;), 228. 2.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 10-15 il müddətinə azadlıqdan məhrum ediliblər.
XS
SM
MD
LG