Accessibility links

SEPAH-la məxfi əməkdaşlıqda günahlandırılan 22 nəfərə hökm oxunub


SEPAH-logo

SEPAH-logo

Azərbaycan vətəndaşları 1999-2011-ci illərdə SEPAH-la əməkdaşlıq edib. Onlar ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, səfirlik əməkdaşları, ictimai xadimlər və şirkətlərlə bağlı məxfi məlumatlar toplayıb.

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində SEPAH-la (İran İslam İnqilabı Keşikçiləri Korpusu) əməkdaşlıqda ittiham edilən 22 nəfər (11 nəfəri Bakının Nardaran kəndinin sakinidir) Azərbaycan vətəndaşına hökm oxunub.

Məhkəmə prosesi avqustun 28-də başlayıb və qapalı keçirilib. Hökm oxunan zaman ittiham olunanların hər birinin iki ailə üzvü olmaqla məhkəmə zalına buraxılıb.

Məhkəmənin hökmü ilə Kərimov Niyazi 13 il, Ələkbərov Həmidağa 13, Tağıyev Elman 13, Rəsulov Taleh 10, Qasımov Rahim 10, Zəkiyev Məmmədtağı 10, Cəlilov Nüsrət 10, Həbibov Ceyhun 10, Məmmədov Şahin 10, Əliyev Mübariz 10, Qasımov Bəhram 10, Abbasov Araz 10, Abbasov Əfqan 10, Ağayev Mirələsgər 10, Zülfüqarov Rövşən 10, Qasımov Seymur 10, Kərimov Elçin 10, Məmmədov Zahid 10, Zəkiyev Əbülfət 3, Bəşirov Əli 3, Nuriyev Gülhüseyn 5, Fərəcov Asəf 3 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddələri ilə ittiham olunub.

Cinayət işinin istintaqını Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi aparıb.

Azadlıqdan məhrum edilənlərin qohumları Amerikanın Səsi radiosuna bildirib ki, məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcək. Apelyasiya məhkəməsi şikayətlərini təmin etməsə Ali Məhkəməyə kasasiya şikayəti olacaq və nəhayətdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.
Ailə üzvlərinin dediyinə görə, ittiham olunanlardan heç biri dövlətə xəyanət ittihamını qəbul etməyib. “Dövlətə xəyanətdə ittiham olunanlarından bir neçəsi Qarabağ müharibəsinin iştirakçıdır. Hətta bir nəfər indi də bədənində mərmi qəlpələri gəzdirir”, - qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu il martın 14-də yaydığı məlumata görə, adları sadalanan şəxslər İranın xüsusi xidmət orqanı “İslam İnqilabının Mühafizəçiləri Korpusu” – “SEPAH”ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub.

Onlar “SEPAH”ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb və verib, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “SEPAH”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.

Məlumatda həmçinin deyilir ki, ittiham olunanlar SEPAH-ın əməkdaşları ilə 1999-cu ildən etibarən 2011-ci ilədək məxfi əməkdaşlıq edib.

Azərbaycan ərazisində fəaliyyət göstərən ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarına, eləcə də vətəndaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsinə hazırlıq üzrə, həmçinin Azərbaycan dövlət təhlükəsizliyinin zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplanılaraq SEPAH-ın əməkdaşlarına verilib.

Yuxarıda adları qeyd olunan Azərbaycan vətəndaşları Tehran və Kərəc şəhərlərinin yaxınlığında yerləşən hərbi düşərgələrdə peşəkar təlimatcıların rəhbərliyi altında müxtəlif odlu, o cümlədən avtomat silahlardan, tapançalardan atəş açmağı, partlayıcı maddələrdən və qurğulardan, topoqrafik xəritələrdən istifadə edilməsi üzrə nəzəri və praktiki xüsusi hərbi təlimlər keçib, eləcə də piyada və avtomaşınla məxfi müşahidələr aparmaq, məxfi müşahidələrdən yayınmaq və mühafizə olunan qapalı tikililərə gizli surətdə daxil olmaq kimi vərdişlərə yiyələnib.
XS
SM
MD
LG