Accessibility links

Azərbaycanda SEPAH-la əməkdaşlıqda ittiham olunanların məhkəməsi başlayıb


SEPAH_logo

SEPAH_logo

Proses qapalı rejimdə keçirilir, məhkəmə qarşısına 22 nəfər çıxarılıb. Onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 228.2.1-ci (qanunsuz silah saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə İranın SEPAH xüsusi xidməti ilə əməkdaşlıqda ittiham olunanları işi üzrə hazırlıq iclası başlayıb.
Proses qapalı rejimdə keçirilir, məhkəmə qarşısına 22 nəfər çıxarılıb. Onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 228.2.1-ci (qanunsuz silah saxlama) maddə ilə və s. ittihamlar irəli sürülüb.
İstintaq materiallarına əsasən, əsas rollardan birini İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Əkbər Pakrveş tərəfindən hələ 1999-cu ildə Məşhəddə cəlb olunmuş Bakının Nardaran kənd sakini Niyazi Kərimov oynayıb. Pakrveş Kərimova Bakıda ABŞ, İsrail və digər qərb ölkələrinin vətəndaşlarına qarşı terror aktları hazırlanması üçün Azərbaycan vətəndaşları seçməyi tapşırıb.
Həmin vaxtdan etibarən 2011-ci ilə qədər Kərimov dəfələrlə İrana gedib, SEPAH nümayəndələrindən tapşırıq və pul alıb. İran tərəfinin tapşırıqları əsasında Niyazi Kərimov İran tərəfi ilə 15 nəfəri əlaqələndirib. Bu qrup dini ziyarətlər adı altında İranda olub.
Gizli mənzillərdə görüşlər zamanı SEPAH nümayəndələri Azərbaycan vətəndaşlarını qərb ölkələrinin və İsrailin nümayəndəliklərinə və vətəndaşlarına qarşı terror aktı həyata keçirməyə hazırlayırdılar. Daha sonra bu qrup Tehran və Kərəc yaxınlığında diversantların məşq düşərgələrində xüsusi hazırlıq keçib.
Müstəntiq müəyyən edib ki, iranlılar İsrailin “Sohnut” təşkilatına, BP şirkətinə, American Fast Food restoranına və xarici diplomatik missiyalara qarşı terror aktları planlaşdırırdılar. Bu məqsədlə qrup üzvlərinə silah və xüsusi vasitələr göndərilib.
Həbs edilənlərdən bir neçə avtomat, müxtəlif modelli tapançalar, snayper tüfəngi, qumbaraatan, patronlar, qumbaralar, trotil şaşkaları, detonatorlar müsadirə edilib.
Milli Təhlükəsizlik Nazirliyi bu il martın 14-də qrupun saxlanıldığını elan edib. Həmçinin saxlanılanların adları açıqlanıb: Niyazi Kərimov, Mübariz Əliyev, Elman Tağıyev, Nüsrət Cəlilov, Rəhim Qasımov, Məmmədtağı Zəkiyev, Bəhram Həşimov, Ayaz Abbasov, Əfqan Abbasov, Şahin Məmmədov, Mirələsgər Ağayev, Rövşən Zülfüqarov, Həmidağa Ələkbərov, Seymur Qasımov, Taleh Rəsulov, Ceyhun Həbibov, Elçin Kərimov, Zahid Məmmədov və başqaları.
XS
SM
MD
LG