Accessibility links

Arif Hacılı: Cəmiyyəti aktivləşdirmək üçün addımlar atmaq niyyətindəyik [Sərbəst Kürsü]


Arif Hacılı

Arif Hacılı

Müsavat Partiyasının başqanı Sərbəst Kürsünün qonağı olub

2015-ci il Azərbaycanda Parlament Seçkiləri ili olmaqla yanaşı, həm də bir çox əlamətdar hadisələrlə yadda qalmaqdadır. Son günlər manatın məzənnəsinin 33 faiz aşağı düşməsi bu hadisələrdən ən yaddaqalanıdır.

Bu həftə Sərbəst Kürsüdə qonaq olan Müsavat Partiyasının yeni başqanı Arif Hacılı qarşıdan gələn seçkilər, ölkədəki hazırki iqtisadi durum, Müsavat Partiyasında baş verən son hadisələr və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılması barədə suallarınızı cavablandırıb.

----------------------------

Emil Quliyev [Moderator]: Sərbəst Kürsünün növbəti canlı forumunda xoş gördük.

Arif bəy, Sərbəst Kürsüyə qatıldığınız üçün minnətdarıq. Bildiyiniz kimi bu günlərin ən həssas mövzularından biri manatın məzənnəsinin dollara nisbətən düşməsidir. Ona görə də, ilk öncə bu məsələ barədə fikrinizi bilmək istərdik. Nə baş verir?

Arif Hacılı: Sərbəst kürsüdə məni söhbətə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Manatın məzənnəsinin düşməsi dünyada baş verən ciddi siyasi qarşıdurma: Qərb-ABŞ-la Rusiya arasında bərpa olunan soyuq müharibənin nəticəsində yaranmış iqtisadi böhranın Azərbaycana daxil olmasının ilk xəbərdarlığıdır. Bu son deyil, başlanğıcdır. Azərbaycan cəmiyəti həm iqtisadi, həm də siyasi baxımdan ciddi təbəddülatlara hazır olmalıdır. Çox ciddi dəyişikliklər ərəfəsindəyik. Bu dəyişikliklərin Azərbaycanın mənafelərinə uyğun istiqamətə yönəlməsi üçün ciddi çalışmalıyıq.

Moderator: Zaur Həsənov adlı oxucumuz sizə 4 sualla müraciət edib:
- Arif bəy, salam.
1. Dəfələrlə bildirmisiz ki, Müsavat başqanı postu Sizin əsas hədəfiniz deyil. Elə isə əsas hədəfiniz nədir?
2. Arif bəy, sovet rublunun devalvasiyası qısa müddətdə nəhəng imperiyanın çöküşünə səbəb oldu. Ölkəmizdə baş vermiş eyni hadisəni mövcud rejimin qələminin sındırılması ilə əlaqələndirmək olarmı? Baş vermiş böhranla bağlı Müsavat Partiyasının hər hansı bir addımı barədə bizləri məlumatlandıra bilərsinizmi?
3. sizcə hakimiyyət real danışıqlara start verəcək, yoxsa görüntünü qorumaq kimi qeyri-ciddi addımlarını davam etdirəcəkmi?
4. Və siyasətdən kənar bir sual: dünən İ. Qəmbərin ad günü idi. Sirr deyilsə dostunuz və silahdaşınıza nə hədiyyə etdiniz? :)

Arif Hacılı:

1.Həyatımın əsas hədəfi Müsavat başqanı olmaq deyil,ümummilli lider,ölkə prezidenti olmaq iddiam da yoxdur. Azad,bütöv,firavan Azərbaycan uğrunda mübarizənin lideri olmaq iddiasındayam.

2.Rublun devalvasiyası Sovet imperiyasının çökməsi üçün aparılan çoxçaxəli siyasətin nəticələrindən biri idi.Oxşarlıqlar çoxdur. Son proseslər ilk növbədə avtoritar Rusiya ilə demokratik Qərb arasında qarşıdurmanın şiddətlənməsinin nəticəsidir.Rusiyanın,yəni avtoritarizmin məğlub olacağı qənaətindəyəm. Azərbaycan hakimiyyəti ya Qərbib tərəfində olaraq islahatlara start verməli, ya da rusiyanın yanın yanında olaraq kataklizmlər və iflas yolunu seçməlidir. Müsavat partiyası bu qlobal proseslərdən həm Azərbaycanın, həm demokratik düşərgənin,həm də Müsavat partiyasının uğurla çıxması üçün çalışır. Cəmiyyəti aktivləşdirmək üçün addımlar atmaq niyyətindəyik.

3.Hakimiyyət real müxalifətlə real dialoq aparmaq zorundadır. Məncə hökumətdə də bu həqiqəti anlayanlar var.

4.İsa Qəmbərə ad günündə böyük arzular və kiçik əşyalar hədiyyə etdik.

Emil Quliyev: Qubadan KEND təxəllüslü bir oxucumuz yazır:

- Hörmətli Arif bəy. Müxalifətin birliyi üçün addım atdınız. Ancaq AXCP isti yanaşmadı. Bu yönde səylərinizi yene de davam etdireceksinizmi?

Cavab: Azərbaycan cəmiyyətinin ən ciddi problemlərindən biri də müxalifət düşərgəsində qarmaqarışıqlığın olmasıdır. Hakimiyyət bu qarmaqarışıqlığın davamı və daha da genişlənməsi üçün çox ciddi resurslardan istifadə edir. Hesab edirəm ki, müsbət siyasi dəyişikliklərə nail olmaq üçün ilk növbədə hakimiyyətə opponent olan siyasi təşkilatlarin, ictimai birliklərin, ayrı-ayrı mərkəzlərin münasibətləri aydınlaşmalı, bu qüvvələr arasında qeyri-sağlam rəqabətə son qoyulmalıdır. AXCP ilə münüsibətlərin yeni mərhələsinin də bu konsepsiya əsasında qurulmasının tərəfdarıyam. Hesab edirəm ki,siyasi təşkilatlar arasında münasibətlər şəxsi düşüncələr və emosiyalar əsasında deyil,ümümi maraqlar,ilk növbədə isə cəmiyyətin maraqları əsas götürülməklə qurulmalıdır. Mövqeyimi AXCP sədrinə bildirmişəm. Biz əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı müzakirələrə başlamağa hazırıq. Əks təqdirdə gözləmə mövqeyində durmaq niyyətimiz yoxdur. Yeni siyasi vəziyyətin mahiyyətini cəmiyyətə izah edərək yolumuza davam edəcəyik.

Səlim [Bakı]: Arif bəy salam,

1.Sizə qarşı siyasi dairələrdə, mətbuatda açıq qərəz hiss olunur, haqqında ən çox şayiə yayılan şəxslərdən birisiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

2. Arif bəy, oxudum ki, AXCP sədri Əli bəylə görüşüb əməkdaşlıq etmək, birgə mübarizə aparmağı təklif etmisiz, sizə nə cavab verildi?

Arif Hacılı: Siyasətçi publik sənətdir. Hər bir siyasətçinin təsir imkanları onun cəmiyyətdə tanınması, cəmiyyətdən, seçicilərdən aldığı dəstəklə ölçülür. Ola bilər ki, əleyhimə olanların siyasi cəhətdən fəallığı, daha ciddi resurslardan istifadə etmək imkanlarına malik olması bu görüntünü yaradır. 20 yaşımdan sonra namizəd olaraq iştirak etdiyim bütün seçkilərdə qalib gəlmişəm. Seçkidə iştirak edən seçicilərin əksəriyyətinin səsini almışam. Məncə əsas göstərici budur.

Moderator: Ali Tyagi adlı Facebook istifadəçisi yazır:

- Bəy salam. Belə getsə bizi yaxın gələcəkdə nə gözləyir?

Arif Hacılı: Tarixin çox maraqlı dövrünü yaşayırıq. Yaxın gələcəkdə həm bütün dünyada həm də Azərbaycanda ciddi dəyişikliklər olacaq.Amma bu dəyişikliklərin müsbətə doğru olması labüd deyil. Biz buna çalışmalıyıq.Uğurlu gələcəyimiz üçün fədakarlığa hazır olmalıyıq. Bizdən nə edək? - deyə soruşanlara cavabım sadədir. Əmin olun ki,heç vaxt arxanızda gizlənməyəcəyik."İrəli gedin" -yox "Ardımızca gəlin" -deyəcəyik. Çağırışlarımaza hay verin.

Kənan [Bakı]: Arif bəy Siz Musavat daxilində bir mənalı qarşılanmadığınız halda Azərbaycan cəmiyyəti ətrafında toparlamağa iddialı olan bir partiyaya başqan seçildiniz və Musavatın toparlanmaq inkişaf etmək cəmiyyətin demokratik inkişafı yolunda lokomotiv olmasının qarşısını aldı. Yüzlərlə fədakar əqidəli Musavatçının etirazına məhəl qoymadınız və başqanlıqdan yapışdınız. Əgər Siz Məmməd Əminin davamçısı olsaydınız hətta yığdığınız 10-15 səs sizə mesaj olmalıydı ki, Musavat başqanlığından imtina edəsiniz. [Bəzi hissələr çıxarılıb (red.)]

Arif Hacılı: Müsavat partiyasının qurultayında azad siyasi rəqabət, alternativlilik, bərabərhüquqlu təbliğat imkanları.etimadlı komissiyalar,şəffaf səssayma və digər demokratik prinsiplərə uyğun seçkilər keçirilib. Bu seçkilər Azərbaycan tarixində olan bir neçə demokratik seçki nümunəsindən biridir. Partiyanın azad iradəsinin ifadəsinə qarşı çıxmaq yalnız Rəsulzadə ruhuna deyil, demokratik seçki prinsiplərinə də xəyanət olardı. Müsavat partiyası,müsavatçılıq Azərbaycan xalqının yaratdığı müqəddəs dəyərlərdən biridir. Müsavat daim cəmiyyətin demokratikləşməsi,firavanlığı,layiqliyi yolunda lokomotiv rolunu oynamaqda davam edəcək. Buna şübhəniz olmasın.

Rüfət Əliyev [Sual]: Arif bəy, Qubad İbadoğlu tanınmış iqtisadçı idi. Partiyadan uzaqlaşdırdınız. Səbəbləri maraqlı deyil, çünki bu partiyadaxili məsələdir. Maraqlıdır, partiyada onu əvəz edə biləcək iqtisadçı varmı?

Cavab: Siyasi partiya eyni ideoloji-siyasi xətti,Proqramı,Nizamnaməni,yəni həm də davranış qaydalarını qəbul etmiş adamların könüllü birliyidir. Zaman- zaman partiyadan çıxarılanlar,o cümlədən son qurultaydan sonra Müsavatdan xaric edilən 6 nəfər bu qaydaları pozduqları üçün barələrində belə qərar qəbul edilib. Hər bir individium özünəməxsusdur. Lakin əvəzolunmaz kimsə yoxdur.

Moderator: Rasim Qulamlı adlı oxucu yazır:

- İsa Qəmbərin başqanlığı dövründən fərqli olaraq sizin başqanlığınız dövründə Müsavat partiyasında hansı dəyişikliklər baş verməkdədir və hansı dəyişikliklərin baş verməsi gözlənilir.

Cavab: Partiya qurultayının 4 il ləngiməsi müəyyən fəsadlar yaratmışdı. Bəzi partiya funksionerləri müxtəlif səbələrdən öz vəzifələrini yerinə yetirə bilmirdi.Bəzi partiya strukturları komplektləşdirilməmişdi.Partiyada yeni başqan seçkiləri ilə bağlı qeyri-müəyyənlik hökm sürürdü.İndi bu qüsurlar aradan qaldırılır. Çoxdan gözlənilən nəsildəyişmə prosesi yekunlaşır. Müxtəlif səbələrdən konservləşdirilmiş bəzi problemlər müəyyən gərginlik yaratsa da həll edilir. Partiya daha çevik fəaliyyət göstərən təşkilata çevrilir. Bu proses bundan sonra da davam edəcək.

Nihad [Bakı]: Salamlar. Sualım Arif Hacılıyadır, Müsavatın qurultayından sonra açıq-aşkar görsənirdi ki, Qubad İbadoğlu və onun dostları hakimiyyətin sifarişlərini icra edirdilər, niyə bu qədər gözlədikdən sonra Qubad bəyi uzaqlaşdırdız? [kiçik düzəliş edilib (red.)]

Cavab: Müsavatın hər bir üzvü bizim üçün əzizdir. Məqsədimiz kimlərisə partiyadan xaric etmək deyil. İmkan daxilində hər kəsin partiyada qalaraq nizamnamə çərçivəsində fəaliyyətini davam etdirməsinə nail olmaqdır. Demokratik quruluş, problemsiz quruluş demək deyil. Demokratiya həm də problemlərlə birlikdə yaşamaq, fərqli düşüncə ilə uzlaşmaq bacarığı deməkdir. Biz yalnız bu prinsipləri qəbul etməyənlərlə,uzlaşmaq istəməyənlərlə,son zərurət olaraq vidalaşırıq.

Moderator: Sonda qısaca olaraq Güllü Sadığovanın da sualına cavab verməyinizi istərdik:

- Qiymət artımı ilə bağlı etirazlar təşkil etməyi planlaşdırırsız? Mütləq qatılacam.

Cavab: Planlaşdırırıq. Aksiyalarımızda Sizi də gözləyacəyik.

Emil Quliyev [Moderator]: Arif bəy, Sərbəst Kürsüyə qatıldığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk.

Arif Hacılı: Dəvət etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Emil Quliyev: Mən forumu izləyən və öz sualları ilə maraqlı edən oxucularımıza təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti forumunda görüşənədək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG