Accessibility links

Azərbaycan sərhədindən İrana keçmək istəyən 5 nəfər öldürülüb


Martın 13-də Azərbaycanın Yardımlı rayonunun (Bakıdan 300 kilometr cənub) Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Nəticədə 5 nəfər ölüb, 2 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, martın 13-də xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycandan İran istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx duman şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstərib.

Sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər saxlanılıb. Həkimlərin yaralanmış sərhəd pozucularının həyatını xilas etməsi mümkün olmayıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerinə gedib.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG