Accessibility links

Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensial gücləndirilir


“Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin təqdimatı

“Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin təqdimatı

Avropa İttifaqı (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsini həyata keçirməyə başlayıb. Oktyabrın 22-də Bakıda Azərbaycan hökumət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib ki, layihə Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlərin reallaşmasına yardım edir. Bu sazişlər sentyabrın 1-də qüvvəyə minib.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, 2014-17-ci illər üçün nəzərdə tutulan layihənin ümumi dəyəri 3,2 mln. avro təşkil edir və bunun 2,6 milyonunu Aİ ödəyir.

Layihənin reallaşmasına Azərbaycanın bir sıra hökumət orqanları – Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi cəlb edilib.

Layihə sərhəd və miqrasiya nəzarəti, bu sahədə idarələrarası əməkdaşlıq, texniki yardımın göstərilməsi üzrə potensialın gücləndirilməsini, qeyri-leqal miqrasiyanın və insan alverinin qarşısının alınması üzrə mexanizmlərin effektivliyinin artırılmasını nəzərdə tutur.

Öz növbəsində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib ki, layihə çərçivəsində sərhəd xidmətinin yeni avadanlıqla təchiz edilməsi, polis və sərhədçilər üçün qeyri-leqal miqrasiya, insan alveri və trans-sərhəd cinayətkarlığının digər növlərinə dair xüsusi kursların keçirilməsi nəzərdə tutulur.

Həmçinin readmissiya çərçivəsində miqrantların qayıdışının monitorinqi sisteminin yaradılması və onların cəmiyyətə reinteqrasiyasına yardım nəzərdə tutulur.

Azərbaycan Xarici İşlər Nazirliyinin Humanitar Məsələlər İdarəsinin rəisi Marat Kəngərlinski bildirib ki, layihə miqrasiya, immiqrasiya, tranzit və sığınacaqla təmin etmə məsələlərinin və prosedurlarının effektiv idarə olunmasına yardım göstərəcək.

Layihə institusional islahatlar proqramının plan - 2 çərçivəsində həyata keçirilir. Aİ bunun reallaşmasına 7,5 mln. avro ayırıb.

XS
SM
MD
LG