Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycanda tənqidi səslərin kökü kəsilir


Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb
Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

Təşkilat ölkədə media və hüquq müdafiəçilərinə son basqılarla bağlı bəyanat yayıb

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti müstəqil səslərə təzyiq kampaniyasını genişləndirir. Bunun növbəti nümunəsi avqustun 1-də ölkənin aparıcı müxalif qəzeti “Azadlığ”ın nəşrinin dayandırılmasıdır. Bu, KİV plüralizminə növbəti zərbə, ölkədə tənqidi səslərin kökünün kəsilməsidir və getdikcə Azərbaycanın azsaylı müstəqil səsləri üçün vəziyyət daha da çətinləşir. Bu barədə mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar mətbuat azadlığını müdafiə təşkilatının bəyanatında deyilir.

“Qasid” dövlət mətbuat yayım şəbəkəsi qəzetin satışdan gələn gəlirlərini saxlamaqda davam edir və qəzetə 70 000 manatdan çox (67 000 avro) borcu yaranıb. Öz gəlirindən məhrum olan qəzet nəşriyyata 20 000 manatlıq (19000 avro) borcunu ödəyə bilmir.

“Azadlıq” yenidən hakimiyyətin həyata keçirdiyi fəlakətli maliyyə senzurası strategiyasının qurbanı olub. İlham Əliyev hökuməti hazırda ölkənin sədri olduğu Avropa Şurasının dəyərlərinə baxmayaraq, plüralizmin məhvi üzrə kampaniyasını yekunlaşdırır. Azərbaycanda son tənqidi səslər də susa biləcəyi bir şəraitdə beynəlxalq ictimaiyyət boş otura bilməz”, sənəddə qeyd edilir.

Qəzetin Fransada mühacirətdə olan redaktoru Qənimət Zahid deyib: “Biz bilirik ki, əsas azadlıqlar uğrunda mübarizənin sərhədi yoxdur və bütün diktatorlar bu azadlıqları boğmaq üçün belə metodlardan istifadə edir, amma biz təslim olmayacağıq”.

Bir müddət əvvəl ölkənin aparıcı rusdilli qəzeti “Zerkalo” da eyni səbəbdən nəşrini dayandırmaq məcburiyyətində qalıb.

Son günlər ölkədə bir neçə məşhur hüquq müdafiəçisi – Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus həbs edilib. Bundan əvvəl hakimiyyət daha bir məşhur jurnalisti – Rauf Mirqədirovu həbs edib.

Ölkənin çoxsaylı QHT-ləri və onların rəhbərləri də təzyiqlərə məruz qalır, onların bank hesablarına həbs qoyulub, özlərinin isə ölkəni tərk etməsi qadağan edilib. Bu QHT-lər söz və KİV azadlığı üzrə fəaliyyət göstərir. İş o yerə çatıb ki, Amerikanın İREX QHT-sinin hesabına da həbs qoyulub”, bəyanatda vurğulanır.

XS
SM
MD
LG