Accessibility links

Sərhədsiz Reportyorlar Fransa prezidentini Azərbaycanda jurnalistlərin azad edilməsi məsələsini qaldırmağa çağırır


Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar (SR) beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Fransa prezidentini Azərbaycanda bütün həbs edilmiş jurnalistlərin azad edilməsi məsələsinə diqqətini yönəltməyə çağırır.

Təşkilatın bəyanatında deyilir ki, aprelin 25-də prezident Fransua Olland İlham Əliyevlə görüşmək üçün Bakıya səfər edəcək.

Sərhədsiz Reportyorlar cənab Olandı həbs edilmiş jurnalistlərin azad edilməsini və hökumət tənqidçilərinin təqibinə son qoyulmasını tələb etmək üçün bu imkandan istifadə etməyə çağırıb.

“KİV-də plüralizm ləğv edildikdən sonra Azərbaycan hakimiyyəti sistemli şəkildə azsaylı tənqidi səsləri də boğur”, SR-in proqramlar direktoru Lyusi Morillon bildirib.

“Avropa Oyunları ərəfəsində qitənin liderləri söz azadlığının misli görünməmiş dərəcədə pozulmasını pisləməlidirlər. Biz Fransua Ollandı Fransa nümayəndə heyətinin oyunların açılış mərasimində iştirakı üçün həbs edilmiş jurnalistlərin azad edilməsini şərt qoymağa çağırırıq”, deyə bəyanatda bildirilir.

İki jurnalist dekabrda azad edilib, amma digər 8 jurnalist və dörd internet fəalı əvvəlki kimi saxta ittihamlarla həbsdədir, onlar arasında məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılova da var.

Ümumilikdə, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. O cümlədən, hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev ötən həftə 6,5 və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda sonuncu müstəqil KİV-lər hakimiyyət tərəfindən müxtəlif formalı təzyiqlər nəticəsində bir-birinin ardınca fəaliyyətini dayandırır. Onlar arasında “Azadlıq” radiosunun yerli bürosu, “Zerkalo” qəzeti, habelə bir sıra digər KİV və məbuat azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər var. Xüsusən, müxalif gündəlik “Azadlıq” qəzeti böyük maliyyə təzyiqi altındadır, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə uzun müddətdir İsveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətindədir.

“Qorxutma mühiti fiziki hücumlarla möhkəmləndirilir, “satqın” və ya “xarici casus” kimi böhtanlara məruz qalan hökumət tənqidçilərinin ünvanına şantaj və ittihamlar fonunda bu hücumlar cəzasız olaraq qalır”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG