Accessibility links

Sərhədsiz Reportyorlar: Hazırda 54 jurnalist girovdur, 153 jurnalist həbsdədir


Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı dekabrın 15-də dünyada həbs edilmiş, mühakimə edilmiş və girov götürülmüş jurnalistlərin sayı haqqında hesabat dərc edib. Ötən illə müqayisədə girov götürülmüş KİV işçilərinin sayı 35% artıb. Bu gün belə jurnalistlərin sayı 54 nəfərdir. Onlar arasında bir qadın var.

Yalnız Suriyada 26 jurnalist girov götürülüb.

“Jurnalistlər münaqişə zonalarında girova çevrilib”, deyə Sərhədsiz Reportyorların baş katibi Kristof Delor bildirib.

“2015-ci ildə girov jurnalistlərin sayının artması islam ölkələrində jurnalistlərin kütləvi şəkildə oğurlanması ilə əlaqədardır. Təkcə Yəməndə 33 jurnalist girov götürülüb”, o qeyd edib.

Bundan başqa, bu gün həbs edilmiş jurnalistlərin sayı 153 nəfərdir ki, bu da ötən ildən 14% azdır.

Çin jurnalistlər üçün ən böyük həbsxana olaraq qalmaqdadır. Ondan sonra 22 həbs edilmiş jurnalistlə Misir gəlir.

Səkkiz jurnalist 2015-ci ildə itkin düşmüş elan edilib və bu hadisələr əsasən münaqişə zonalarında baş verir, həmin bölgələrdə araşdırma aparmaq və itkin düşənləri tapmaq çətindir.

Daha bir təhlükəli ölkə Liviyadır. Dörd liviyalı jurnalist və Misirin Barqa TV telekanalının operatoru bu ölkədə itkin düşüb.

Problemlərin ciddilik dərəcəsini nəzərə alsaq, “Sərhədsiz Reportyorlar” YUNESKO ilə tərəfdaşlıq çərçivəsində jurnalistlərin təhlükəsizliyi üzrə 4 dildə xüsusi təlimat hazırlayıb.

Bu təlimat yüksək risk zonalarında işləyən jurnalistlər üçün nəzərdə tutulub və təhlükələrdən sovuşmaq üçün təcrübi məsləhətlərdən ibarətdir.

XS
SM
MD
LG