Accessibility links

Həsən Şəriətmədari İranın əsas qanununun ləqvini istəyir (audio)

  • Insafəli Hidayət

Həsən Şəriətmədari İranın əsas qanununun ləqvini istəyir (audio)

Həsən Şəriətmədari İranın əsas qanununun ləqvini istəyir (audio)

Cənab Şəriətmədari yaşılçılar barədə deyir: “Bunların mübarizəsi, istibdadla deyil. Bəlkə də müstəbidlərlədir. Bunlar Xameneyi ilə mübarizə edirlər. Amma, mövcud sistem nə qədər ki qalır, Xameneyi kimilər hakimiyyətdə olacaq. Fikrimcə, əsas qanun aradan qaldırılmalıdır. Mümkündür ki, Musəvi və Kərrubi cənablarının yaxşı niyyətləri var, amma tərəddüd içindədirlər, nə istədikləri aydın deyil”.

İranın görkəmli din xadimi olmuş Ayətullah Seyid Məhammədkazım Şəriətmədarinin oğlu Seyid Həsən Şəriətmadari Amerikanın səsi radiosuna müsahibəsində İrandakı Yaşıl Hərəkata işarə edərək deyir: İran azərbaycanlıları 32 il əvvəl İranın əsas qanunu və xüsusilə də Konstitusiyanın 110-cu maddəsinə etiraz olaraq meydanlara çıxıb, bildirdilər ki, "Əsli 110 ziddi bəşərdi - islah əgər olmasa batildi hədərdi".

Seyid Həsən Şəriətmədari bu şüarın izahında deyir: “Əgər İranın dini liderinə verilən geniş səlahiyyətlər əlindən alınmazsa və o, İranda yaşayan xalqlardan və təşkilatlardan daha güclüdürsə, ölkədəki qanunların heç bir mənası yoxdur.

İranın əsas qanununun 177 maddəsindən 50-si İran xalqlarının haqq və hüquqlarına aiddir. Amma Yaşıl Hərəkatın liderləri Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və keçmiş İran prezidenti Seyid Məhəmməd Xatəmi hesab edir ki, İranın əsas qanununun İran xalqları ilə bağlı olan hissəsi ya bütövlükdə icra olunmayıb, ya da çox zəif şəkildə və dövlətin mənafeyinin təmini məqsədilə icra olunub. İran xalqlarının fəalları və ziyalıları iddia ediblər ki, əsas qanunun 15 və 19-cu maddələri fars dili ilə yanaşı azlıqların da dillərinin öyrədilməsinə imkan verir. Konstitusiyanın başqa xalqlarla bağlı hissəsi ötən 32 ildə heç vaxt icra olunmayıb.

Ayətullah Şəriətmədarinin oğlu İranın əsas qanununun icra olunmaması barədə deyir: “İran azərbaycanlılarının etirazlarından yalnız 32 il sonra digərləri həmin etirazların səbəblərini anlayıb və meydanlara çıxıb nümayişlər keçirir. Bu gün azərbaycanlılar 32 il əvvəl başladıqları işi tamamlamalıdır. Azərbaycanlılar əsas qanun qüvvəyə minəndə etiraz etmişdi. Onların gərək bu qanunun aradan qaldırılmasında da böyük rolu olsun”.

Şəriətmədari deyir: “Gərək bu əsas qanun aradan qaldırılsın. Bu qanunda nə farsın, nə türkün, nə kürdün, nə də heç kəsin haqqı nəzərə alınmayıb və onun icrası gözlənilmir. Yalnız, bir qrup molla, sipah və başqa güc strukturları xalqın canına susayıb, qanını sorur. Heç bir xalqın haqqı verilmir. Nə qədər ki, bu əsas qanun var, bizim haqqımızdan danışmaq bir zarafata bənzəyir”.

Hazırda Almaniyada yaşayan mühəndis Şəriətmədari Yaşıl Hərəkatın liderlərinin 2011-ci ilin fevralında İranın əsas qanununun və xalqların haqları barədə hissəsinin tam və kamil icrasını tələb etməsi ilə bağlı bəyanatlarından danışıb: “Bizim onlara çox hörmətimiz var. Onlar, bu gün canlarını əllərində tutub etiraz edirlər. Bu liderlər özlərinə də zülm olunandan və şəffaf seçki keçirilməsinin qarşısı alınandan sonra xalq etirazlarına qoşuldular. Buna görə də onların mənafeyi islam hakimiyyətinin daxilindədir. Amma indi bir qədər də azadlıq istəyirlər”.

Cənab Şəriətmədari sonra deyir: “Bunların mübarizəsi, istibdadla deyil. Bəlkə də müstəbidlərlədir. Bunlar Xameneyi ilə mübarizə edirlər. Amma, mövcud sistem nə qədər ki qalır, Xameneyi kimilər hakimiyyətdə olacaq. Fikrimcə, əsas qanun aradan qaldırılmalıdır. Mümkündür ki, Musəvi və Kərrubi cənablarının yaxşı niyyətləri var, amma tərəddüd içindədirlər, nə istədikləri aydın deyil”.

Şəriətmadəri Yaşıl Hərəkat liderlərinin bəyanatlarına dəyişikliyi mümkün saydığını da xatırladıb: “Amma bizim istəyimiz ondan daha böyükdür. Fikrimcə, indi İranda daha böyük hərəkat yaranıb. Biz onlara deyirik ki, gəlin bu hərəkata qarışıb öz fundamental haqlarımızı tələb edək”.

Şəriətmədari İran azərbaycanlılarının istəklərinə toxunaraq deyir ki, azərbaycanlılar gərək bu etiraz numayişlərində iştirak edib öz haqlarını tələb etsin: “Gərək Azərbaycana sərmayə yatırılsın. Gərək öz dilimizdə danışaq və məktəbimiz olsun”.

Həsən Şəriətmədari bir qrup azərbaycanlı və digər iranlıların Yaşıl Hərəkatı barədə tənqidlərinə də işarə edir: “Bir qrup deyir ki, bu hakimiyyətdə olanlar və ya farsların arasında olan bir davadır və bizim davamız deyil. Əgər, bu mübarizə bizim mübarizəmiz deyilsə, bəs bizim mübarizəmiz nədir? İndi 1800 işçi Təbrizin “Petroşimisində” aclıq aksiyası edir. Əgər biz, bu gün Təbrizi dəstəkləməyəcəyiksə, onların istəklərini himayə etməyəcəyiksə, nə zaman bu işi yerinə yetirəcəyik? Bu gün təbrizlilərin və Azərbaycan insanının gəlirləri və haqları verilmir. Aclıq çəkib, etiraz edirlər”.

Onun fikrincə, azərbaycanlıların milli hərəkatı İranın hər yerində mübarizəyə qatılmalıdır. Onlar hərəkatın içində həm azadlıq, həm demokratiya, həm qanunun aliliyi və həm də öz haqları ilə bağlı şüarlar səsləndirməlidir. Özümüz öz haqqımızı tələb etməliyik, çünki başqaları o haqları bizim üçün ala bilməz. Bu haqları birlikdə istəsək, ala bilərik. Əmin olun ki, haqqımızı ala bilərik. Ona görə ki, İrandakı siyasi partiyaların üzvlərinin ən azı, 50 faizi azərbaycanlılardır və İran iqtisadiyyatında, siyasətində, ordusunda, o cümlədən ayətullahlarının içərisində böyük nüfuz sahibi olan çoxsaylı azərbaycanlı var.

Xatırladaq ki, Həsən Şəriətmədarinin atası Ayətullah Şəriətmədari İranın əsas qanununa və dini rəhbərə etiraz edərək Ayətullah Ruhullah Xomeyniyə müxalif olandan sonra ağır basqılara məruz qalıb və bu səbəbdən də vəfat edib.

Həsən Şəriətmədari deyir: “Azərbaycanın iki çatışmazlığı var. Bunların biri bizim mədəni haqlarımız və dilimizdir, ikincisi isə İranda Azərbaycana sərmayə yatırılmır və iş yerləri yaradılmır”.

Mühəndis Şəriətmədari ayrıseçkiliyə işarə edərək deyir ki, hər yerdə və hər zaman ayrıseçkilik olacaq. “Gərək bizim ozümüzün hər yerdə nümayəndələrimiz olsun ki, arxamızca danışmasınlar”-deyə o bildirir.

O, İran inqilabı zamanında azərbaycanlıların və atasının istəklərinə və fəaliyyətlərinə işarə edərək deyib ki, əgər o zaman, biz istədiyimiz əsas qanun olsa idi, bu gün Azərbaycan bu günə qalmazdı”.

Cənab Şəriətmədari azərbaycanlıların Yaşıl Hərəkatın himayəsi ilə keçirilən etirazlarda iştirak etmə ehtimalı ilə bağlı danışarkən bildirib ki, azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar və digər xalqlar Yaşıl Hərəkatda iştirak edib, amma iştirak bizim gözlədiyimiz qədər olmayıb. “Bu iştirak sadəcə etniklər yaşayan ərazilərdə görünmürdü. Bəlkə Tehran, İsfahan və Şirazdan başqa digər şəhərlərdə də biz istədiyimiz qədər iştirak yox idi. Bunun səbəblərindən biri Yaşıl Hərəkatın müxtəlif şəhərlərdəki insanların istəklərinə diqqət göstərməməsidir. Demokratiya, azadlıq və mədəni istəklər tələb etmək yaxşıdır, amma xalq ondan öncə məktəb, sağlamlıq, iş yeri və pul istəyir. Xalq istəyir ki, öz dilində məktəbi, qəzeti, kitabı olsun. Amma, Yaşıl Hərəkat bunları müdafiə etmədiyi üçün xalqlar öz mənafeyini bu hərəkatda tapmadı və hərəkata qoşulmadı”.

Onun fikrincə, xalq liderlərini gözləmədən öz problemlərini səsləndirməlidir. “Gərək xalq öz problemini fəryad etsin. Yaşıl Hərəkatın liderləri olmasına baxmayaraq, bu heç kimin şəxsi hərəkatı deyil. Bu xalqın hərəkatıdır. Millət meydanlara gəlib, can verib, şəhid verib. İranda yaşamaq istəyənlər, öz istəklərini irəli sürməlidir. İrandan ayrılmaq istəyən azərbaycanlıların sayı isə olduqca azdır”.

Yaxın Şərq, Şimali Afrika ölkələrində, o cümlədən Misir, Tunis, Sudan, Əlcəzair və digər ölkələrdəki inqilablar, xalq hərəkatları, hökumət dəyişikliyi, üsyan, toqquşma və hətta vətəndaş müharibələri barədə danışan Həsən Şəriətmədari bildirib ki, indiki nəsil internet və facebook nəslidir. “Bu, məlumatlı nəsildir. Bir qrup ona hökmranlıq edə bilməz. Bu nəsil rahatca bir-birini tapır. Meydanlara gəlir və böyük fironları devirir. Bu gün - sabah İrandakı fironların növbəsidir. Biz, gərək bu işə qarışaq və öz haqqımızı istəyək. “Bu bizim davamız deyil, bizim davamız sonra gələcək” deməməliyik. Bu, xalqı öz haqlarından məhrum etməkdi. Sabah iş o yerə çatacaq ki, iştirak etməyən bölgələr məzəmmət ediləcək. Azərbaycan İranda həmişə hərəkatların başında olub. Hesab edirəm ki, Azərbaycan indi də bu işi özü başlayıb və özü də sona çatdıracaq. Təbrizdə bir məsəl var, deyirlər "Təbriz daş qazanı kimidir. Gec qaynayır, amma, bərk qaynayır".- deyə o fikrini tamamlayıb.

XS
SM
MD
LG