Accessibility links

ARDNF Seulda 447 milyon dollara ofis kompleksi alıb


Azərbaycan Dövlət Neft Fondu (ADNF)

Azərbaycan Dövlət Neft Fondu (ADNF)

65 min kvadratmetr olan kompleks Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "S&K Qrup" tərəfindən icarəyə götürülüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini satın alıb.

Fondun məlumatına görə, əmlak kompleksin dörd sahibinin adından "Miraye" Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən hərrac vasitəsilə həyata keçirilib.

Bu Fondun Asiya-Sakit okean hövzəsində aldığı ilk obyektdir.

"Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır. Binanın ümumi ərazisi təqribən 65 min kvadratmetr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "S&K Qrup" tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir", - deyə məlumatda bildirilir.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, bir ilə yaxın müddətdə Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirilib. “Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik", deyə Mövsümov bildirib.

“Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ı, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər. 2013-cü ildə portfelin 3,3%-i qızıla, 1,8%-i daşınmaz əmlaka, 4,1%-i səhmlərə qoyulub.

Buna qədər Neft Fondu Moskvada "Qalereya Aktyor" mərkəzini $133 mln-a alıb. Bundan başqa, London (177,35 mln funt sterlinq) və Parisdə (135 mln avro) daşınmaz əmlak alınıb.

1 yanvar 2014-cü il üçün ARDNF-nin aktivləri 5,1% artaraq $35 877,5 mln olub.
XS
SM
MD
LG