Accessibility links

Sevil Süleymani: Patriarxal cəmiyyətdə kişilər də basqı altında olur [Audio]


Sevil Süleymani

Sevil Süleymani

Sevil Süleymani patriarxallığın ictimai bir sistem olduğunu və bir çox sistemlər kimi müəyyən qruplara xidmət etdiyini söyləyir. Güneyli qadın haqları fəalı Amerikanın Səsi ilə söhbətdə patriarxal toplumların xüsusiyyətləri, din və toplumdakı adət-ənənələrin patriarxallığa verdiyi dəstəyi, eləcə də patriarxal bir toplumun muxtəlif qrupları o cümlədən, qadınların rolunu dəyərləndirib.

Ötən günlərdə Azərbaycan veb səhifələrində “Ataərkil Sistem” adlı ətraflı bir məqalə nəşr edən Sevil Süleymani patriarxallığın sadəcə erkəklərin tərəfindən tətbiq edilmədiyini vurğulayıb.

Qadınlar da patriarxal normların içində böyüdükləri üçün həmin düşüncəni uşaqlarına ötürürlər.

“Ümumiyyətlə ataərkillikdən (patriarxallıq) söhbət etdiyimiz zaman bir kişi ya kişilərin günahlandırılması nəzərdə tutulur... Bir çox kişi bu durumda “yox, mən belə deyiləm, eləyəm!” deyərək özünə bəraət qazandırmağa çalışır və qadın ziddi olmadığını isbat etməyə qalxır. Bu üzdən, ataərkillik sözü qadın düşməni kimi ya təkcə qadına qarşı bir sistem kimi anlaşılır,” deyə Amerikada yaşayan güneyli fəal məqaləsində qeyd edib.

Amerikanın Səsi ilə söhbətdə məqaləsində irəli sürdüyü məqamları açıqlayan Süleymaninin sözlərinə görə, patriarxal sistemdən zərər görən sadəcə qadın olmur, bu sistemin kişilərin üzərinə yüklədiyi vəzifələr onları da çətin duruma salır.

“Ataərkillik elə toplumun ən kiçik quruluşu olan ailədən başlayır. Sistem qadınlar və kişilərə fərqli rollar tərifləyir. Kişini evin başçısı və qadının cinsəlliyini onun xidmətində hesab edir... Bu durumda, kişi üzərinə düşən vəzifələri yerinə gətirmək və ailəni qorumaq üçün ağır yük altına girir və bu da onun ruhi və fiziki baxımdan çətinlik çəkməsinə səbəb olur,” deyə əslən güneyin Muğan bölgəsindən olan mədəni fəal söyləyir.

Bu durumda, kişi üzərinə düşən vəzifələri yerinə gətirmək və ailəni qorumaq üçün ağır yük altına girir və bu da onun ruhi və fiziki baxımdan çətinlik çəkməsinə səbəb olur.

“Qadınlar da patriarxal normaların içində böyüdükləri üçün həmin düşüncəni uşaqlarına ötürürlər,” deyə söyləyən Sevil Süleymani bu sistemlə mübarizə etmək üçün topluma yeni normların gətirilməsini gərəkli hesab edir.

Onun sözlərinə görə, Güney Azərbaycan kimi toplumlar bu istiqamətdə həm Qərb ölkələri həm də qonşu ölkələrin təcrübələrindən yararlanmalıdırlar.

Misal olaraq Türkiyə toplumuna işarə edən mədəni fəalın fikrincə sadəcə sekulyar (dünyəvi) bir idarəetmə sistemi inşa edib və dini siyasətdən ayırmaq yolu ilə patriarxal sistem aradan getməz və qadın haqları bütünlüklə təmin olunmaz.

“Dini qanunların ortadan qaldırılması müsbət rol oynayır. Ancaq, bu patriarxal sistemi bütünlüklə aradan qaldırmaz sadəcə onun şiddətini azaldar,” deyə o, əlavə edir.

XS
SM
MD
LG