Accessibility links

Sevil Süleymani: İranda iqtisadi durum azərbaycanlı gənclərin ailə qurmaq perspektivlərinə təsir göstərir


Bu yaxınlarda İranda rəsmilərin gənclər üçün “əxlaqsız” kimi səciyyələndirdiyi onlayn tanışlıq xidmətlərindən istifadəyə məhdudiyyətlər qoyulub. İranın 77 milyonluq əhalisinin təxminən 55 faizinin yaşı 30-dan aşağıdır. Son illər İranda iqtisadi vəziyyətlə əlaqədar olaraq gənclərin ailə qurmaq planlarını təxirə salması kimi halların geniş yayıldığı bildirilir. İran əhalisinin üçdə birindən artıq hissəsini təşkil edən güney azərbaycanlılar arasında da bu tendensiya mövcuddurmu? Kaliforniyada yaşayan güneyli fəal Sevil Süleymani mövzunun Amerikanın Səsinə Skype müsahibəsi zamanı müzakirə edib.

Sevil Süleymaninin sözlərinə görə, İranda son 10-15 ildə yayılmağa başlayan onlayn tanışlıq saytları dünyanın başqa yerlərində olduğu kimi maraqla qarşılanıb. O, İranda internetdə ünsiyyət saytlarını iki yerə ayırır: ”Bunlara Facebook, Tvitter, Viber kimi beynəlxalq sosial media saytları daxildir və azərbaycanlı gənclər bunlardan geniş istifadə edir, bu saytlar vasitəsilə ünsiyyət qururlar.Bununla yanaşı, hökumətin özünün də yaratdığı tanışlıq saytlar var. Gənclər burada fikir mübadiləsi aparır, şəkil və video görüntülərlə paylaşır. İran cəmiyyəti qapalı bir cəmiyyətdir və dövlət tərəfindən də təzyiqlər olduğuna görə gənclərin fiziki görüşmələrdən daha çox internetdə ünsiyyətə meyli var. İnternet vasitəsilə ünsiyyət daha rahat, daha zərərsiz və daha az problematik olduğu üçün gənclər buna üstünlük verirlər. Azərbaycan gəncləri arasında da bu tendensiya yayılır və güclənir.”

Sevil Süleymani İranda gənc qız və oğlanların bir-biri ilə açıq şəkildə görüşməsi üçün şəraitin məhdud olduğunu qeyd edib. Onun sözlərinə görə, böyük şəhərlərdən fərqli olaraq, kiçik şəhərlərdə onların bu imkanları daha azdır. “Ona görə də onların onlayn təmas qurmağa meyli daha çoxdur”-deyən Sevil Süleymani gənc azərbaycanlılar arasında Facebook sosial şəbəkəsinin populyarlıığının artdığını qeyd edib. Onun sözlərinə görə, azərbaycanlı gənclər ünsiyyət qurmaq və yazışmalar aparmaq üçün Facebook və Viber kimi sosial şəbəkələrdən geniş istifadə edirlər.

Son zamanlar İranda iqtisadi durumla əlaqədar olaraq gənclərin ailə qurması planlarını gecikdirməsi və təxirə salması kimi halların geniş yayıldığı bildirilir. İqtisadi durumun azərbaycanlı gənclərə təsirləri nədən ibarətdir? Sevil Süleymani:” İqtisadi durumun Azərbaycana birbaşa və bilavasitə təsirləri var. Birbaşa təsirlərdən danışanda təhsil səviyyəsinin artması və şəhər həyatının yaşam standartlarına təsir göstərməsi, tələblərin artmasına gətirib çıxarmasını qeyd etməliyik. Bu standartların İranın bugünkü iqtisadi-ictimai durumu nəzərə alınaraq təmin edilməsi mümkün deyil. Buna görə də evlilik yaşı getdikcə artırılır. İnsanlar özləri üçünq qoyduğu minimumlara çatmayanda ailə qurmaq istəmir. Gənc nəsildə evlilik yaşı həddinin yüksəldiyini görürük. Amma adi insanlar arasında minimum səviyyəyə ilə qane olanlar var. Onlar həyat səviyyəsinin yüksəlməsinə çalışmır. Cəmiyyətin bu təbəqəsinə mənsub insanlar arasında iqtisadi çətinliklərinə baxmayaraq, evlilik həddi artırılmayıb.”

Sevil Süleymani deyib ki, İranda iqtisadi durum azərbaycanlı gənc və kişilərin ölkədən mühacirət etməsinə səbəb olur, bu isə öz növbəsində azərbaycanlı qız və qadınların ailə qurmaq perspektivlərinə təsir göstərir: “Azərbaycanlılara iqtisadi baxımdan təsir göstərən bir məsələ də mühacirətlə bağlıdır. İqtisadi durum bir çox azərbaycanlı gəncin və kişinin ölkədən mühacirət etməsinə səbəb olub. Mühacirət isə qadınların həyat tərzinə və ailə qurmasına təsir göstərir. Qadınlar ailə qurmaq üçün artıq əvvəlki şanslara malik deyil.”

Sevil Süleymaninin sözlərinə görə, qadınlar və qızlar onlayn tanışlıq xidmətlərindən istifadəyə üstünlük versə də, internetdə əldə etdikləri imkanlar qədər risk və hədələrlə də qarşılaşır: ”Əlbəttə, bu təhdidlər kişilər üçün də mövcuddur, amma qadınlar daha böyük təhdidlərlə qarşılaşır, çünki bizim cəmiyyətlərdə qadın daha artıq zərbə altındadır. Qadının tanışlıq zamanı istifadə etdiyi foto-şəkil, hətta kiçik bir zarafat sonradan ona qarşı ciddi təhdid kimi istifadə oluna bilər. Amma buna baxmayaraq, qadınlar daha rahat və daha azad olduğu üçün onlayn tanışlığa üstünlük verir. Facebook şəbəkəsinə baxsaq, çox sayda qadın istifadəçi görərik.”

Sevil xanim, iqtisadi vəziyyət gənclərin ailə qurmaq planlarina necə təsir göstərir? Azərbaycan şəhərləri və kəndlərində vəziyət haqda nə demək olar?

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG