Accessibility links

Sevinc Babayevanın öldüyü xəstəxananın sahibi Azərbaycanla bağlı adamdır

"Azadlıq" qəzeti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Əliyev rejiminin korrupsiya və qanunsuzluqlarını sübut edən videolarında "vasitəçi" olduğu şübhə doğurmayan insanlardan biri Sevinc Babayevanın ölümü ilə bağlı Türkiyədə araşdırma aparıb.

Qəzetin araşdərmasının daha çox maraq doğuran hissələrini diqqətinizə çatdırırıq.

Məqalədə deyilir ki, İstanbul Bəylikdüzü Medicana Xəstəxanasında həyatını itirən Sevinc Babayevanın ölümü hələ də sirli pərdə arxasında qaldığı üçün sui-qəsd ehtimalının daha böyük olduğu qətidir. Türkiyədə istintaqın da üstünlük verdiyi versiyaların biri budur.

Ölümlə bağlı İstanbul Əmniyyət Müdürlüyü Asayiş Şöbəsi zəhərlənə biləcəyi də ehtimal edilən Sevinc Babayevanın yaxın çevrəsi və son günlərində saxladığı telefon əlaqələrini öyrənir.

Xəstəxananın Əmniyyətə təqdim etdiyi arayışda göstərilir ki, S.Babayeva ürək çatışmazlığından ölüb. Əmniyyət isə Məhkəmə Tibb Ekspertizasının rəyini gözləyir. Məhkəmə Tibb Ekspertizasının dəqiq rəyi isə ən geci 2 ay ərzində təqdim edilməlidir. Türkiyədə bütün bu cür hallarda tələb olunan müddət bu qədərdir.

Dövlət xəstəxanasından özəl xəstəxanaya şübhəli transfer

Hələlik əldə edilən bilgilər bundan ibarətdir ki, Sevinc Babayeva əvvəlcə Esenyurt dövlət xəstəxanasına gətirilib, amma sonradan müəmmalı səbəblər və bir o qədər də müəmmalı təhriklər nəticəsində özəl Medicana Xəstəxanasına aparılıb. Hər iki xəstəxanaya girişdə Sevinc Bababyeva Məryəm Solmaz adına saxta kimlik vəsiqəsi təqdim edib.

Medicana xəstəxanasında "Azərbaycan izi" varmı?

Özəl Medicana xəstəxanasının Azərbaycanla və ya Azərbaycan əsilli insanlarla ilişkiləri varmı? Bu məsələ ciddi şəkildə araşdırılır.

Əslində, Sevinc Babayevanın dövlət xəstəxanasından buraya köçürülməsi çox müəmmalıdır. S.Babayevanın tibbi sığortası olmayıb.

Hadisə barədə xəbər yayılandan sonra xəstəxanada medianın işləyə bilməməsi üçün hər cür tədbir görülüb. Xüsusilə də, xəstəxana mühafizəçiləri qəzet əməkdaşlarının bilgi ala bilməməsi üçün əllərindən gələni edib.

Xəstaxanada polisin həddən ziyadə çoxluğu diqqəti çəkib. Yabançılar polisi, Qaçaqçılıq ve Mütəşəkkil Cinayət idarələrinə bağlı polis heyəti xəstəxananın daxiliondə və həyətində çoxluq təşkil edib.

Özəl Medicana xəstəxanası, bu xəstəxana ilə eyni adı daşıyan Fond Türkiyə üçün də nadir sayılacaq və diqqət çəkici bir soyadla bağlıdır: bu, Bakistanlı soyadıdır.
Bakistanlı soyadı ilk baxışda Azərbaycanla əlaqədə təsəvvür edilə bilər, amma belə deyil.

Medicana xəstəxanasının təsisçisi və sahibi Mixayıl Bakistanlı Türkiyə vətəndaşıdır. Mardində doğulub. Öncə bu familiya turizm biznesilə məçğul olub. Amma nədənsə sonralar birdən-birə müalicə-xəstəxana sektoruna keçib. Bakistanlılar ilk xəstəxanalarını 1990-cı illərin sonlarında Azərbaycanda açıb. O zamanlar Azərbaycanda özəl klinikaları açmağın şərtləri daha rahat ola bilərdi, hər halda.

Bu xəstəxanalar şəbəkəsi 2010-2011-ci illərdə ciddi bir kriz keçirərək iflas həddina gəlib, amma sonradan təhlükəni sovuşdura biliblər...

Sevinc Babayeva İstanbula hansı yollarla gedib?

Sevinc Babayeva ölümündən öncə İstanbulun gəcəqondu bölgələrindən olan Kıracda bir xanımla birlikdə yaşayıb. Amma bu xanımı hələ də tapmaq mümkün olmayıb.

Babayevanın Türkiyəyə saxta pasportla girdiyi, üzərində iki pasport olduğu iddia edilir, amma ortalıqda nə bir dənə də olsun saxta pasport, nə də bu saxta adlarla Türkiyəyə kiminsə girdiyini göstərən hər hansı sənəd yoxdur.

İşin əsl gerçəyi isə bundan ibarətdir: Sevinc Babayeva Bakıdan Naxçıvana gətirilib, oradan isə qaçaq yolla Iqdıra keçirilib. Iqdırda bir kənddə 2 gün qaldıqdan sonra İstanbula yerləşdirilib.

Azərbaycanda rəsmən axtarışda olan S.Babayevanın Naxçıvana necə keçirildiyi, oradan hansı yollarla Iqdıra ötürüldüyü çox müəmmalıdır və Azərbaycan tərəfində araşdırılmalı məsələdir.
XS
SM
MD
LG