Accessibility links

Səyavuş Novruzov: Rüstəm İbrahimbəyov 25 təşkilatdan arayış almalıdır, - öhdəliyi yoxdur [Video-Müsahibə]


YAP icra katibi müavininin Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Səyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov, onun namizədliyinin qeydə alınması, ölkəyə gəlməsi, müxalifətlə dialoq, ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi, Azərbaycan-Rusiya münasibətləri, avrointeqrasiya məsələlərindən danışıb.

Sual: Azərbaycanda prezident seçkiləri gəlir və Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur. YAP öz namizədinə konkurent olaraq Rüstəm İbrahimbəyovu görürmü?

Cavab: YAP-ın namizədinin nə ölkə daxilində, nə də ölkədən kənar alternativi yoxdur. Ona görə ki, YAP-ın istər özünün gördüyü işlər, istər partiya sədrinin 10 ildən artıq Azərbaycan xalqının qarşısında olan xidmətləri, onun həm iqtisadiyyatda, həm sosial sferada, beynəlxalq aləmdə Azərbaycanı təmsilçiliyi və s. əhali tərəfindən və 600 minlik YAP üzvü tərəfindən dəstəklənir. Həmin insanların təkidli tələbi ilə biz öz qurultayımızda partiya sədrinin namizədliyini irəli sürdük.

Qalan hallarda isə istər Milli Şura, istərsə ayrı-ayrı siyasi partiyalar tərəfindən, ayrı-ayrı politoloqlar öz namizədliyini irəli sürmək haqqında fikir söyləyib. Qanunun tələbinə uyğun olaraq Azərbaycanda kim istəyir prezidentliyə namizədliyini irəli sürə bilər. Həm konstitusiya, həm də “Seçki Məcəlləsi”nin tələblərinə riayət etməklə istənilən şəxs namizəd ola bilər.

Bizim üçün ən yaxşı variant elə Rüstəm İbrahibəyovdur.
Mən dəfələrlə müsahibəmdə qeyd etmişəm, bizim üçün ən yaxşı variant elə Rüstəm İbrahibəyovdur. Çünki Rüstəm İbrahimbəyov Azərbaycanda bir saat belə olsun siyasətlə məşğul olmayan insandır. Bir neçə filmin müəllifidir, onunla da öz işini yekunlaşdırıb. Heç bir zaman ictimai-siyasi həyatda, xalqın həlledici, taleyüklü məsələlərində, ağır zamanlarda Azərbaycan xalqı ilə bir yerdə olmayan insandır.

Mən o siyasi partiyaları, təşkilatları başa düşə bilmirəm. Hər bir siyasi partiyanın ən ali məqsədi, amalı seçkilərdə iştirak etmək, partiya sədrinin və partiyanın məsləhət bildiyi şəxsin namizədliyini irəli sürməkdir. Bu gün həmin partiya liderləri partiyalarından onların namizədliyinin irəli sürülməyəcəyindən ehtiyat etdiyinə, partiyalarında nüfuzlarının olmadığına görə başqa bir ictimai nümayəndəni özlərindən üstün tutduğuna görə onun namizədliyi ilə bağlı fikir söyləyirlər.

Sual: Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi mümkündürmü? Çünki bir sıra bəyanatlarda deyilir ki, o gələn kimi həbs ediləcək, onun barəsində cinayət işi var, o prezidentliyə namizədliyini irəli sürə bilməz, başqa dövlətlərin qarşısında öhdəliyi var və s.

Cavab: Birinci onu qeyd edim ki, Rüstəm İbrahimbəyovun özü qeyri-ciddi adamdır. Bu seçkidir. Azərbaycanda seçkinin həyata keçirilməsi ilə bağlı “Seçki Məcəlləsi”nin tələbi var ki, oktyabrın üçüncü həftəsinin çərşənbə günü seçki keçirilir.

Hesablasaq, bu gün seçkilərə 70 gündən az vaxt qalır. Seçki müddəti isə iki aydır. Yəni on gündən sonra seçkilərə rəsmi start veriləcək. Bu günədək Rüstəm İbrahimbəyov dörd dəfə Azərbaycan ictimaiyyətinə məlumat göndərib ki, ayın 2-də Kinematoqrafçılar Günündə gəlirəm, iyulun 30-da, 31-də, avqustun 1-də gəlirəm və yaxud başqa vaxt gəlirəm. Bunun özü insanın məsələyə nə qədər ciddi yanaşmasından xəbər verir.

İkinci bir tərəfdən Rüstəm İbrahimbəyov rəsmi qaydada namizəd deyil. 1-2 nəfər Milli Şurada olan insanın bəyanatı əsas şərt deyil. Çünki “Seçki Məcəlləsi”nin 53, 54-cü maddələrinə uyğun olaraq namizəd ya öz təşəbbüsü ilə təşəbbüs qrupu tərəfindən irəli sürülür və yaxud da namizəd siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülür.

Rüstəm İbrahimbəyovun namizədliyi rəsmi qaydada irəli sürülməyib.
Milli Şura qeydiyyatdan keçməmiş qeyri-hökumət təşkilatıdır. Azərbaycan qanunvericiliyinə görə, qeyri-hökumət təşkilatı, ictimai təşkilat heç bir seçkidə namizəd irəli sürə bilməz. Bələdiyyə seçkilərindən tutmuş prezident seçkilərinədək namizəd irəli sürə bilməz. Bu baxımdan da Rüstəm İbrahimbəyovun namizədliyi rəsmi qaydada irəli sürülməyib. Onun namizədliyinin irəli sürülməsi üçün ya İbrahimbəyov özü namizədliyini irəli sürməlidir və yaxud da siyasi partiyalar, siyasi partiyaların bloku özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb, sonradan blok yaradıb onu vahid namizəd kimi müdafiə edə bilərlər. Bu qanunvericiliyin bir tərəfi.

Namizəd olmağın şərtləri isə Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsində göstərilir. Bu maddədə deyilir ki, o şəxslər namizəd ola bilər ki, ikili vətəndaşlığı olmasın, digər ölkələr qarşısında öhdəliyi olmasın, Azərbaycanın ərazisində 10 il daimi yaşasın və üzərində ağır cinayət məsuliyyəti olmasın. Rüstəm İbrahimbəyov bu müddəaların 4-nə də cavab vermir.

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır.
Birinci ona görə ki, bunun ikili vətəndaşlığı var. Baxmayaraq ki, Azərbaycan ictimaiyyətini uzun müddət aldatmaqla məşğul oldu ki, ikili vətəndaşlığım yoxdur. Sonra qayıtdı ki, Sovet İttifaqının vətəndaşıyam. Hamı bilir ki, o vaxt müttəfiq respublikalarda bir vətəndaşlıq var idi, SSRİ vətəndaşlığı. Özbək də, pribaltikalı da, gürcüstanlı da, azərbaycanlı da bir ölkənin vətəndaşı idi, - Sovet İttifaqının. Müstəqillik əldə olunduqdan sonra hər ölkənin öz vətəndaşı oldu. Rusiyanın öz Rusiya vətəndaşı, Gürcüstanın Gürcüstan vətəndaşı, Latviyanın Latviya vətəndaşı, Ukraynaın Ukrayna vətəndaşı.

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Yəni bunun üzərində ikili vətəndaşlıq var. İkili vətəndaşlıqla bağlı Rusiya prezidenti yanında komissiya var və bu komissiyaya müraciət olunmalıdır. Bu günədək İbrahimbəyovun müraciət etməsi bəlli deyil və Rüstəm İbrahimbəyovun həmin komissiyaya müraciət etməsinə Milli Şuradan da heç kəs qarantiya verə bilməz. Çünki bu Rüstəm İbrahimbəyova heç sərf eləmir. O qəti şəkildə bu müraciəti də etməyib.

O müraciəti etdikdən sonra Rusiyadakı komissiya baxır. Onun səbəblərini müəyyənləşdirdikdən sonra Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından azad olunması barədə Rusiya prezidenti sərəncam imzalayır. Bu məsələnin birinci tərəfi.
O Rusiya vətəndaşı olmaqla avtomatik olaraq Rusiya dövləti qarşısında öhdəlikləri var. Yəni bu gün Azərbaycan vətəndaşıyam, mənim dövlətim qarşısında öz öhdəliklərim var. Seçmək və seçilmək hüququm var, vergi ödəmək hüququm var, Sosial Fonda ödəmək hüququm var, həmkarlara üzv olmaq hüququm var və s. onlarla belə hüquq saymaq olar.

Mixalkovla bunun o qədər məhkəmə çəkişmələri var ki, ola bilər hansısa məhkəmə qarşısında öhdəliyi var. Vergidən yayınma öhdəliyi ola bilər.
Yəni Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. Konstitusiyada göstərilir ki, digər dövlət qarşısında öhdəliyi olmasın. Rüstəm İbrahimbəyov 25 təşkilatdan arayış almalıdır ki, bu təşkilatlar qarşısında öhdəliyi yoxdur. O da xarici kəşfiyyatdan tutmuş daxili işlər strukturuna, məhkəmələr qədərdir. Ola bilər məhkəmələrdə öhdəliyi var. Vaxtı ilə deyirdi vətəndaş deyiləm vətəndaşlığı çıxdı. Mixalkovla bunun o qədər məhkəmə çəkişmələri var ki, ola bilər hansısa məhkəmə qarşısında öhdəliyi var. Vergidən yayınma öhdəliyi ola bilər. Deyir ki, hansısa universitetin professoruyam və Balayanla da Rusiyada üç dənə film çəkib. İndi bunların da hamısı ortada olan məsələlərdir. Onun özü də göstərir ki, öhdəliklərlə bağlı aydınlıq gətirməlidir.

Rüstəm bəyin son bir ilini götürdükdə, bir ildə bir ay Azərbaycanda yaşamayıb.
Üçüncü məsələ, siz də, biz də şahidiyik ki, Rüstəm bəyin son bir ilini götürdükdə, bir ildə bir ay Azərbaycanda yaşamayıb. On bir ay tamam başqa ölkənin ərazisində olub. İllərə vuranda, son on ili götürsək, onun 8-9 ilini tamamilə başqa yerdə yaşayıb, daimi Azərbaycanda yaşamayıb. Bunun özü də konstitusiyanın tələbidir.

Bilirsiniz ki, burada da kinematoqrafiya barədə vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb. Təşkilata məxsus müxtəlif əmlakların qeyri-qanuni yolla əldə olunmasıdır. Bu sahədə də istintaq gedir. Əgər burada Rüstəm İbrahimbəyovun hansısa məsuliyyəti varsa, mən o haqda deyə bilmərəm, bununla bağlı hüquq-mühafizə orqanları var.

Sual: İndi Milli Şura öz iclasını Tbilisidə çağırır. Rüstəm İbrahimbəyov da Tbilisiyə gələcək. Buna münasibətiniz necədir?

Cavab: Buna münasibət. Bu şoudur. Yəni Tbilisi də olsun, ya Rusiyada olsun. Tbilisiyə getmək, ya Moskvaya getmək fərq nədən ibarətdir? Fərq yoxdur. Bu sadəcə bir şou qurmaqdır. Seçkinin bir taktikasıdır.

Sadəcə olaraq Milli Şura üzvlərinin gəzmək arzusu olub, getsinlər bir-iki gün qalıb dincəlsinlər, yay vaxtıdır istirahət etsinlər.
Vaxtı ilə yadınızdadır, Rəsul Quliyev də deyirdi bu gün gəlirəm, sabah gəlirəm, birisi gün gəlirəm, Tbilisiyə gələcəyəm, Ukraynaya gələcəm, Türkiyəyə gələcəm, ordan gələcəm və s. Həminki bir şeydir. Sadəcə olaraq Milli Şura üzvlərinin gəzmək arzusu olub, getsinlər bir-iki gün qalıb dincəlsinlər, yay vaxtıdır istirahət etsinlər. Ona görə Tbilisini nəzərdə tutublar, yəqin Batumiyə, zada da getmək fikirləri var. Ona görə gedirlər. Başqa burada heç bir şey yoxdur. Yəni onlar ora getsinlər, gəlsinlər heç bir mənası yoxdur.

Onlar qüvvə deyil. Onlar bu gün YAP-ın ən kiçik rayon təşkilatının potensialı qədər potensialı olmayan insanlardır. Bəzilər hüquq-mühafizə orqanlarından rüşvət üstündə qovulmuş, indi özünü vəkil adlandıran insanlardır. Bəzilərinin siyasi partiyasında bir möhürü, bir özü, bir adı olan adamlardır. Bəzilər isə siyasi partiyası tərəfindən qəbul olunmayan insanlardır.

Sual: Amma, YAP da bir tərəfdən deyir ki, bizim üçün ən sərf edən variant Rüstəm İbrahimbəyovun namizədliyidir. Digər tərəfdən də onun namizədliyinin qeydə alınmayacağı ilə bağlı çoxsaylı səbəblər göstərir. Bu ikili münasibət nədən irəli gəlir?

Çünki yenə də deyirəm, bizim namizədimizin alternativi yoxdur.
Cavab: Tamamilə doğrudur. İkili münasibət deyil. Biz sadəcə olaraq, seçki başlamamışdan qabaq rəsmi şəkildə həm ölkə daxilində Azərbaycan ictimaiyyətinə, həm onun namizədliyini irəli sürən partiyalara, həmçinin də beynəlxalq təşkilatlara göstəririk ki, (biz bu məsələni qaldırmaya da bilərik) Rüstəm İbrahimbəyovun namizədliyi gələndə Mərkəzi Seçki Komissiyası qanunvericiliyi qoyacaq ortaya ki, bu qanunvericiliyin tələbidir, bu mümkün deyil.

Biz əksinə bunları xəbərdar edirik ki, seçkiyə az bir müddət qalıb. Biz istəyirik ki, nə qədər çox alternativ olsa bir o qədər, biz yəni bu məsələdən çəkinmirik, qorxmuruq. Çünki yenə də deyirəm, bizim namizədimizin alternativi yoxdur. Biz qabaqcadan onları xəbərdar edirik. Bax qanunun bu tələbləri var, adlarını hüquqşünas qoyublar, vəkil qoyublar. Bu gün qanunun araşdırılması ilə məşğul olmayıblar ki, namizəd hansı şərtlərlə irəli sürülə bilər və kimlər namizəd ola bilər.

Bu ölkədə namizəd psixi cəhətdən arayış gətirməlidir ki, ağlı yerindədir, yerində deyil, bir də qazax dilindən imtahan verməlidir.
Mən bir çox dünya ölkələrində namizədlərə qarşı tələblərlə bağlı araşdırmalar aparmışam. Məsələn, Qazaxıstanın prezidentliyə namizədlər üçün şərtlərinin doğrudan da bir neçəsi bizim üçün də tələb oluna bilər. Bu ölkədə namizəd psixi cəhətdən arayış gətirməlidir ki, ağlı yerindədir, yerində deyil, bir də qazax dilindən imtahan verməlidir.

Digər ölkələrdə də başqa müddəalar var. Bizim də qanunvericiliyin tələbləri bundan ibarətdir. Bu açıq şəkildə konstitusiyada, “Seçki Məcəlləsi”ndə yazılıb. Məcəllənin və konstitusiyanın maddəsinə qədər deyirəm ki, budur. Gedin araşdırın, müəyyənləşdirin, kimi məsləhət bilirsiniz, bu tələblərə uyğundursa namizədliyini irəli sürün.

Sual: Amma, bununla yanaşı Milli Şuranın rəhbərliyi bəyan edir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa Milli Şura namizədinin qeydə alınması uğrunda mübarizə aparacaq. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa bu alternativsiz seçki olacaq. Münasibətiniz?

Biz illərlə eşidirik ki, tutalım İsa Qəmbər seçkilərdə iştirak etməsə seçkiləri demokratik hesab etməyəcəklər və yaxud da Müsavatdan, Xalq Cəbhəsindən Milli Məclisə seçilməsə parlament antidemokratikdir.
Cavab: Biz illərlə eşidirik ki, tutalım İsa Qəmbər seçkilərdə iştirak etməsə seçkiləri demokratik hesab etməyəcəklər və yaxud da Müsavatdan, Xalq Cəbhəsindən Milli Məclisə seçilməsə parlament antidemokratikdir. Yəni illərlə, 20 ildir bu şeyləri biz eşidə-eşidə gəlirik. Seçkini Azərbaycan xalqı müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Yəni xalq öz hakimiyyətini formalaşdırır. İndi kim namizədliyini verəcək, kim olacaq, kim olmayacaq. İndi dəlinin biri gəlsin desin ki, mən də namizəd olacam. İndi bunun əlində bir dəlilik kağızı var. Məsələn götürəkmi, bu da namizəd olacaq.
Qayda var, qanun var. Bu qanunun tələblərinə uyğun olmalıdır namizədlik. Biz yenə deyirik, kim istəyir namizədliyini irəli sürsün. Kifayət qədər də insan namizəd olacağı barədə fikir irəli sürür.

Mən başa düşə bilmirəm. Burada qanunun tələbi tələb olunur, hansı mübarizədən söhbət gedə bilər. Rüstəm İbrahimbəyov Nelson Mandelladır, kimdir, adi bir rejissordur, Azərbaycan vətəndaşıdır. Və yaxud da eşidirəm ki, Rüstəm İbrahimbəyov gələcəkmi? Adi vətəndaşdır. Rusiyada Azərbaycanın yüz minlərlə vətəndaşı yaşayır, o da onlardan biri. Gələ də bilər, gedə də bilər.

Sual: Amma, həbs olunmayacaq?

Cavab: O məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur. Mənim üçün fərqi yoxdur. Mən heç tərəfdarı da deyiləm, ümumiyyətlə olsa belə. Amma, bu fiqur deyil Azərbaycan üçün.

Sual: Digər tərəfdən, Azərbaycan Respublikası rəsmi səviyyədə Rusiya ilə münasibətlərdə daha çox həvəslidir və Putinin Azərbaycana səfərinin olacağı ilə bağlı bəyanatlar da səslənir. Azərbaycan-Rusiya münasibətləri fonunda seçkiyə necə baxırsınız?

Cavab: Ümummilli liderimiz hakimiyyətə gələndən bu günki dövrümüzə qədər Azərbaycanda balanslaşmış siyasət aparılır. Bu siyasətin ən əsası da ondan ibarətdir ki, biz bütün qonşularımızla münasibətlərimizi daim yaxşı saxlamağa çalışırıq. Həmin münasibətlər İranla da elədir, Gürcüstanla da elədir, Rusiya ilə də elədir. Ermənistanla məsələmiz aydındır. Yəni bu tamam başqa yanaşma tərzidir.

Sadəcə bunu qızışdıranlar var ki, Rusiya burada hakimiyyətdəkilərin tərəfdarıdır, əleyhdarıdır.
Tutalım İranla bağlı biz dəfələrlə bəyanat vermişik ki, Azərbaycanın ərazisindən İrana hər hansı hərbi müdaxilə ola bilməz. Rusiya ilə bağlı bildirmişik ki, Azərbaycanın ərazisində heç bir dövlətin, heç bir qurumun bazaları yerləşdirilə bilməz. Yəni biz çalışırıq ki, bütün qonşularımızla bərabər səviyyəli, eyni müstəvidə siyasət aparaq.

Sadəcə bunu qızışdıranlar var ki, Rusiya burada hakimiyyətdəkilərin tərəfdarıdır, əleyhdarıdır. Yenə deyirəm, hakimiyyəti Azərbaycan xalqı müəyyənləşdirir. Vaxtı ilə Arif Hacı parlamentində çıxışında dedi ki, İsa Qəmbərin parlament sədri seçilməsi doqquz dövlətlə razılaşdırılıb. Bu ölkədə xalq və millət var. Xalq öz rəhbərini seçir. Onu hansı ölkə ilə razılaşdırmaq, beynəlxalq qurumla razılaşdırmaq, - bizdə belə anlayış yoxdur. Sadəcə bunu ortaya atırlar.

İkinci, dövlətlərarası münasibətlərə gəlincə, dəfələrlə Putin Azərbaycanda olub, Medvedyev Azərbaycanda olub və yaxud İranın prezidenti Azərbaycanda olub. Başqa-başqa, ayrı-ayrı dövlətlərin prezidentləri Azərbaycanda olub.

İndi də Putinin səfəri nəzərdə tutulub və səfərə də gələcək. Bunun seçkiyə heç bir aidiyyəti yoxdur.

Sual: Amma digər tərəfdən də Azərbaycan ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı təklif irəli sürdü və qəbul edildi. Yəni Rusiya münasibətləri fonunda, seçki ilində ATƏT-in ofisinin statusunun aşağı salınması Avropaya inteqrasiyanın münasibətlər sistemində bir qədər geriyə atılması demək deyilmi?

Azərbaycan NATO-nun 600-dən çox hərbi, ictimai, siyasi proqramında iştirak edir. Bu proqramların 300-də Azərbaycan hərbiçiləri iştirak edir.
Cavab: Qətiyyən yox. Avropaya inteqrasiya ATƏT-in seçkilərdə müşahidə aparıb - aparmaması ilə bağlı deyil. Azərbaycan Avropanın ən böyük layihələrində iştirak edir. Avropanın Cənubi Qafqazda ən böyük layihələrində ən yüksək səviyyədə iştirak edən Azərbaycandır. Azərbaycan-NATO münasibətləri, Avropatlantik məkana inteqrasiya daim davam etdirilir. Biz bu prosesdə ən aktiv iştirak edirik.

Azərbaycan NATO-nun 600-dən çox hərbi, ictimai, siyasi proqramında iştirak edir. Bu proqramların 300-də Azərbaycan hərbiçiləri iştirak edir.

Azərbaycan hərbi sistemi 2007-ci ildən tam NATO standartlarına keçib, həm tədris, həm forma, həm silahlanma, həm də digər sahələrdə. O cümlədən, Avropa Şurası, Avropa Parlamenti ilə biz əlaqələrimizi qururuq. Azərbaycanda seçki sistemi təkmilləşib. Bu dövlətlər arasında yeganə Azərbaycanda “Seçki Məcəlləsi” var. Azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün tam baza yaratmış bir sənəddir. Seçki məntəqələrində veb kameraları birinci Azərbaycan quraşdırdı. Dairələrə yeni binalar tikildi, məntəqələr ən yüksək səviyyədədir. Seçki keçirilməsi üçün seçicilərin siyahısı tam əksini tapıb. Ona görə də onlar baxırlar, istər uzunmüddətli müşahidəçilər, istər qısamüddətli olacaq müşahidəçilər tamam başqa yönümdə yanaşırlar.

Mısal göstərə bilərəm. ABŞ ümumiyyətlə ATƏT-i prezident seçkilərinə buraxmadı, Rusiya kimi dövlət isə dedi 50 nəfər müşahidəçi göndərə bilər. Amma, Azərbaycan həmişə deyib ki, nə qədər istəyir beynəlxalq müşahidəçi gəlsin, müşahidəni aparsın.
Sadəcə görürlər ki, müşahidəni aparanda onların dövlətlərinin təzyiqi nəticəsində bunlar ədalətsiz qərar verməyə məcbur olurlar. Bu baxımdan da özləri öz statusunu müəyyənləşdirir.

Sual: Digər tərəfdən də ölkədə mitinqlərin keçirilməsinə, sərbəst toplaşmağa imkan verilməməsi ilə bağlı həmin təşkilatlar bəyanatlar yayırlar.

20-ci sahəyə. Həmin o ayrılmış yerə. Milli Məclisdən avtomobillə, günün ən sıx vaxtında 7 dəqiqəyə həmin mitinq keçirilən yerə getdik. Geri qayıdanda isə daha rahatdır, düz 4 dəqiqəyə Prezident Administrasiyasının qarşısında olursan.
Cavab: Qəti şəkildə mən bunun tərəfdarı deyiləm. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var, qanunvericiliyin tələbində də göstərilir ki, müəyyən olunmuş yerlərdə keçirilməlidir. Çox təmirli, yaxşı, gözəl və şəhərin mərkəzində, məsələn, bu yaxınlarda Avropa Parlamentinin üzvləri, Avropa Şurası və ATƏT-in nümayəndələri Milli Məclisdə görüşdən sonra onları dəvət etdik, həmin mitinq keçirilən yerə.

Sual: Hara?

Cavab: 20-ci sahəyə. Həmin o ayrılmış yerə. Milli Məclisdən avtomobillə, günün ən sıx vaxtında 7 dəqiqəyə həmin mitinq keçirilən yerə getdik. Geri qayıdanda isə daha rahatdır, düz 4 dəqiqəyə Prezident Administrasiyasının qarşısında olursan. Yəni, şəhərin ən mərkəzi yeridir. Jurnalistlər də bu saat orada yerləşirlər. Jurnalistlərə verilən evlərin yanıdır, birbaşa balkonlarından yazıb, müşahidə edə bilərlər onların mitinqlərini.

Təmir olunmuş, gözəl yol çəkilmiş, havası yaxşı, dənizin kənarı, gedib istənilən vaxt öz toplantılarını keçirə bilərlər. Sadəcə olaraq onlar iki dəfə mitinq keçirdilər. Bir dəfə mitinqdə 1200-1300 nəfər, ikinci dəfə isə 900 nəfərdən o tərəfə keçmədi. Artıq onlar gördü ki, növbəti mitinq keçirsələr ümumiyyətlə adam gəlməyəcək. Bu baxımdan da onda başqa yeri, məsələn şəhərin Fəvvarələr meydanında, indi isti olmasına baxmayaraq biz çıxsaq orada 10 min adam bu tərəfə, on min adam da o biri tərəfə gedir. Başqa-başqa ticarət obyektlərinin qarşısındakı insanlar orada ticarətlə məşğuldurlar və s. Orada onları öz sosial bazaları kimi göstərirlər. Əgər mənim sosial bazam varsa, gedib Ərdəbildə mitinq keçirərəm. Dəvət edirəm ki, orada keçirirəm.
İkinci sərbəst toplaşmaq azadlığı dedikdə müasir texnologiyalar əsridir. Məsələn, internetdə və ya sosial şəbəkədə kimsə hansısa fikrini çatdırsa milyonlarla insan bunu oxuyur, bilir, aydın olur. İndi kimsə gedib kiosklardan qəzet almır. Axşamdan oxuyur ki, sabah qəzetlərdə nə dərc olunacaq.

Sual: Müxalifətlə dialoq nə vaxt baş tutacaq?

Cavab: Müxalifətin bir hissəsi ilə dialoq var. Parlamentdə təmsil olunan müxalifət partiyaları var ki, istənilən taleyüklü məsələlərlə bağlı dialoq aparılır. O cümlədən, Azərbaycanla bağlı bəzi məsələlərdə hətta parlamentdə təmsil olunmayan digər partiyaları da biz bir neçə dəfə dəvət etmişik, bəzi məsələlərdə, məsələn Dağlıq Qarabağla, Xocalı ilə bağlı, imza atdığına görə Müsavat Partiyasını hətta İctimai Palatadan çıxarmaq haqqında fikir söylədilər ki, YAP-la bir yerdə BMT-yə, ATƏT-ə gedən sənədə imza atıb.

Bu onların göstəricisidir ki, onlar dialoqa hazır deyillər. Onların o potensialı yoxdur. Əgər hər hansı bir partiya iqtidarla, iqtidar partiyası ilə dialoqa gələn kimə ona hakimiyyətə işləmək damğası vuracaqlar. İndi görürsünüz?

Kimsə Milli Şurada obyektiv fikrini bildirirsə, dərhal onu separatçılıqda, nə bilim Milli Şuranı dağıtmaqda ittiham edirlər. Yəni bunlarda şəxsi maraqlar ümumxalq, ümumdövlət, ümummillət maraqlarından üstündür.

Sual: Sizin namizədiniz, YAP-ın namizədi seçkilərdə təbii ki, deyəcəksiniz ki, qalib gələcək. Nə qədər səs çoxluğu ilə qalib gəlmək imkanları var?

Cavab: Bizim namizəd demək olar ki, əksəriyyətin səsini alacaq. Yəni seçkidə iştirak edən seçicilərin əksəriyyəti səsini bizim namizədə verəcək.

Sual: Yəni, təxminən 70-80-90 faiz?

Cavab: Ondan da yuxarı. Ötən seçkilərdə biz 76 faiz səs almışıq, qalib gəlmişik. Bu müddət ərzində Azərbaycanda görülən işlər, aparılan islahatlar, quruculuq, abadlıq işləri. Bu gün Azərbaycanda on məsələ götürsək, məsələn BMT TŞ-nin qeyri-daimi üzv olması, Azərbaycanda ən böyük beynəlxalq tədbirlərin keçirilməsi, gəlirlərin artması, iqtisadiyyatın inkişafı.

Yunanıstanda 30 min müəllimi ixtisar etdikləri halda, Azərbaycanda müəllimin, həkimin əmək haqqı artır. Avropanın ayrı-ayrı ölkələrində nəqliyyat sənayesində, başqa-başqa sənaye sahələri bağlandığı halda Azərbaycanda müəssisələr, iş yerləri açılır, abadlıq-quruculuq işləri görülür, yollar, körpülər salınır, sosial obyektlər tikilir. 500 azərbaycanlı gənc dövlət tərəfindən xaricdə təhsil almaq üçün göndərilir. Hansı sahəyə baxsan Azərbaycanda inkişaf var. Bu inkişafın başında da Azərbaycan Respublikasının prezidenti durur. Ona görə də xalq bunu qiymətləndirir, seçkiyə gələn seçicilərin əksəriyyəti, müxalifəti qohum-əqrabasından başqa, onlar da bizə səs verəcək, hətta özləri də, mən hesab edirəm və az bir hissəsi, qısa bir faiz ola bilsin səs verməsin.

XS
SM
MD
LG