Accessibility links

Bidzina İvanişvili : Gürcüstan və Azərbaycan arasında yüksək əməkdaşlıq qorunub saxlanacaq


Qafqaz Müsəlmanları idarəsinin sədri şeyxülislam Allahşükür Paşazadınin Gürcüstan baş naziri Bedzina İvanişvili ilə görüşü
Qafqaz Müsəlmanları idarəsinin sədri şeyxülislam Allahşükür Paşazadınin Gürcüstan baş naziri Bedzina İvanişvili ilə görüşü

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana səfəri zamanı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin vacibliyi qeyd edilib

Yanvarın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisi şəhərinə səfəri çərçivəsində Gürcüstanın Baş naziri Bidzina İvanişvili və parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

Görüşlərdə iki dövlət və xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin vacibliyi qeyd edilib.

“Biz həmişə bir-birimizə dəstək veririk. Mən bilirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu torpağı özlərinin vətəni hesab edir və tarixin ən çətin məqamlarında, onları buradan qovmaq, bizim aramıza nifaq salmaq istəyənlərə qarşı Patriarx haqq səsini ucaltmışdır. O, bizim soydaşlarımıza daim dayaq olmuşdur. Eyni zamanda, biz də hər zaman Azərbaycanda yaşayan gürcü icmasına kömək etmişik və bundan sonra da edəcəyik”, Allahşükür Paşazadə bildirib.

Bidzina İvanişvili bu günlərdə Bakıya etdiyi rəsmi səfərindən danışıb, prezident İlham Əliyevlə çox səmərəli danışıqlar apardığını bildirb.

“Biz qərara gəldik ki, iki ölkə arasındakı yüksək əməkdaşlıq və qarşılıqlı anlaşmanın səviyyəsini qoruyub saxlayaq, gələcəyə istiqamətlənən fəaliyyətimizə mane olan hər bir problemin öhdəsindən birgə gələk”, baş nazir qeyd edib.

Gürcüstan patriarxı II İlya deyib ki, iki dini liderin arasındakı dostluq və qardaşlıq münasibətləri xalqlar arasındakı münasibətlərin əksidir.

“Mən heç vaxt belə bir fikirlə razılaşa bilmirəm ki, biz torpaqlarımızı itirmişik. Əsla yox, sadəcə, müvəqqəti olaraq biz bu ərazilər üzərində nəzarət etmirik. Lakin yalan ayaq tutsa da, yeriməz, zaman hər şeyi öz yerinə qoyacaqdır. Abxaziya və Cənubi Osetiya əzəli Gürcüstan torpağı olduğu kimi, Dağlıq Qarabağ da tarixən Azərbaycanın olub və olacaq da. Bu yolda biz dualarımızı əsirgəməyəcəyik”, o bildirib.
XS
SM
MD
LG