Accessibility links

Şahin Hacıyev: İsraillə hərbi əməkdaşlıq regiondakı vəziyyətə təsir edir, hərbi riskləri artırır [Audio]


 Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev

Ekspertin fikrincə, Azərbaycan-İsrail münasibətlərini Amerika, İran, Rusiya və Türkiyə qısqanclıqla qarşılayır

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-İsrail münasibətlərinin perspektivlərindən danışıb.


Sual: Azərbaycan-İsrail münasibətlərinin bu gününü necə qiymətləndirirsiniz və perspektivlərini necə görürsünüz?

Cavab: Maraqlı tendensiya ondan ibarətdir ki, bir neçə il əvvəl Azərbaycan-İsrail münasibətləri Azərbaycan-qərb, daha doğrusu Amerika-Azərbaycan münasibətlərinin tərkib hissəsi idi. Bu gün bu münasibətlər daha yüksək səviyyəyə qalxıb və hətta bəzi hallarda Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Amerika münasibətlərinə zidd gəlir.

İsrail və Azərbaycan artıq yüksək səviyyədə bir-birinin maraqlarını dəstəkləməyə nail olub. Azərbaycanın maraqları ilk növbədə İsraillə hərbi sahədə əməkdaşlıqdan ibarətdir, İsrail də bunu dəstəkləyir. Lakin bu əməkdaşlıq Vaşinqtonun xoşuna gəlmir və münasibətlərə qısqanclıqla yanaşır.

Mənə elə gəlir ki, Azərbaycan-İsrail münasibətlərindəki tendensiya yaxın zamanlarda qalacaq və ciddi dəyişiklik gözləmirəm.

Sual: Azərbaycan-İsrail münasibətlərinin regional təsirləri nə ola bilər? İranın yüksək rəsmiləri bəzən emosional bəyanatlar verir. Türkiyə və Rusiyanın Azərbaycana münasibətlərinə hansı yeniliklər gətirə bilər?

Cavab: Azərbaycan-İsrail münasibətləri ilk öncə İranın, sonra isə Türkiyənin narazılığına səbəb olur. Əgər İran bunu emosional şəkildə qarşılayırsa, Türkiyə sadəcə olaraq İsrailin islam dünyasında mövqeyinin güclənməsinin əleyhinə çıxış edir.

Təbii ki, İsrailin dünyadakı siyasəti, rolu və mövqeyi bu ölkə ilə dost olan hər bir ölkə üçün islam dünyası ilə ehtiyatlı davranmağa səbəb olur. Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirirsə, onda bütün bu narazılıqlara hazır olmalıdır.

Rusiyanın marağı və narazılığı ondan ibarətdir ki, Azərbaycanın Moskvanın nəzarətindən kənar hərbi cəhətdən güclənməsi Qafqazda balansı poza bilər. Yəni, Moskva regionda oyunu idarə edə bilməyəcək və Azərbaycan güclənəndən sonra öz bildiyi kimi hərəkət edə biləcək. Moskvanın narahatçılığı bundan ibarətdir.

Regiona gəldikdə, geopolitik vəziyyət o qədər gərgindir ki, proqnoz vermək çox çətindir. Burada durum ilk növbədə Amerika-İran münasibətlərindən asılıdır. Nəzərə alsaq ki, İranın nüvə proqramının həlli hələ tapılmayıb, deməli yaxın dövrdə siyasi təzyiqin artmasını gözləmək olar.

Sual: Azərbaycan-İsrail münasibətləri və onun perspektivləri Azərbaycanın daxili təhlükəsizliyinə təhdidlər yarada bilərmi?

Cavab: Təbii ki, İrana bağlı olan, İsrailə qarşı olan siyasi qüvvələr, islamçılar bunun əleyhinədir. Onların münasibətinin dəyişəcəyini də gözləmək olmaz. İsraillə yaxşı münasibətlər daim daxildə bu qüvvələrinin tənqidi üçün səbəb olacaq. Bu isə Azərbaycan hökumətini bu qüvvələrin əleyhinə yenə də hansısa tədbirləri görməyə davam etməyə vadar edəcək.

Sual: Azərbaycan-İsrail münasibətlərinin inkişafı Ermənistanla müharibə riskini artırır, yoxsa azaldır? Çünki, indiyədək həm Ermənistanın, həm də Azərbaycanın silah təchizatçısı məhz Rusiya idi.

Cavab: Təbii ki, İsraillə münasibətlərin inkişafı Ermənistanla müharibə riskini artırır. Çünki İsraillə sonuncu 1,6 milyard dollarlıq hərbi kontrakt Azərbaycanın tarixində ən böyük hərbi kontraktdır. Bu onu göstərir ki, İsraillə hərbi sahədə əməkdaşlıq bilavasitə regiondakı vəziyyətə təsir edir, hərbi risklərin artmasına səbəb olur. Burada həm Azərbaycan, həm də İsrail öz maraqlarından çıxış edir.
XS
SM
MD
LG