Accessibility links

Regionda dövlət satınalmaları sahəsində mövcud olan ən təkmil qanunvericilik Ukrayna və Gürcüstana məxsusdur. Bu ölkələrdə satınalmalar sferasını tənzimləyən normativ-hüquqi normalar 100 ballıq şkala üzrə 86%-lə qiymətləndirilib. (bu ölkələr qiymətləndirmədə müvafiq olaraq birinci və ikinci yerləri tutublar). Müvafiq olaraq, üçüncü və dördüncü yerləri Moldova və Belarus bölüşür. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ən çox islahatlara ehtiyac olan ölkələr isə Ermənistan (60%) və Azərbaycandır (50%).

Bu barədə “Şəffaflıq Azərbaycan” təşkilatının məlumatında deyilir.

Belə ki, “Şəffaflıq Azərbaycan” təşkilatı Gürcüstanın İnformasiya Azadlığının İnkişafı İnstitutu tərəfindən icra olunan “Şəffaf Dövlət Satınalmaları Reytinqi – Avrasiya regionunda dövlət satınalmaları qanunvericiliyinin və tətbiqi prosesinin qiymətləndirilməsi” layihəsində tərəfdaş qismində iştirak edir. Layihə çərçivəsində “Şərq tərəfdaşlığı” üzv dövlətlərində – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin qiymətləndirilməsi aparılıb və 5 ölkənin vətəndaş cəmiyyəti nümayəndələri də tərəfdaş kimi qiymətləndirməyə cəlb olunub.

Layihənin məqsədi sözügedən 6 ölkədə dövlət satınalmaları qanunvericiliyinin və onun icra vəziyyətinin qiymətləndirilməsidir. Qiymətləndirmənin qanunvericiliklə bağlı nəticələri açıqlanıb, icra vəziyyəti barədə nəticələrin isə yaxın zamanda dərc olunması nəzərdə tutulub.

Məlumatda deyilir ki, qiymətləndirmənin Azərbaycanla bağlı nəticələri ürəkaçan deyil.

“Belə ki, qanunvericiliyin təhlili onu göstərib ki, dövlət satınalmaları sahəsində şəffaflığı təmin etməli zəruri normalar bir çox halda mövcud deyil. Məsələn, qanunvericilik aşağıdakı məlumatların açıqlanmasını tələb etmir: Satınalma üzrə illik planlar; Tender şərtlərinə edilmiş dəyişikliklər; Tenderdə iştirak etmək üçün müraciətlər (ərizələr); İddiaçılar tərəfindən təqdim olunmuş tender təklifləri; Tender komissiyalarının qərarları; Satınalma prosesi ilə bağlı qəbul edilmiş şikayətlər; Mübahisələrin həll edilməsi barədə qərarlar”.

Şəffaflıq üzrə ballar

Şəffaflıq üzrə ballar

Şəffaflıq defisiti ümumi nəticəyə mənfi təsir göstərib və bu sahədə mövcud qanunvericilik 100 baldan 9.4 balla qiymətləndirilib.

“Tender prosesi şəffaf həyata keçirilmədiyi üçün bu sahədə yüksək korrupsiya riski mövcuddur. Satınalma prosesinə ictimai nəzarət imkanlarının məhdud olması korrupsiya riskini daha da artırır.

Bundan başqa, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdə mövcud olan bir sıra boşluqlar dövlət satınalmalarının azad rəqabət əsasında həyata keçirilməsinə əngəl törədir. Şirkətlərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar açıq deyil. Vəzifəli şəxslərin maliyyə məlumatlarını açıqlaması barədə tələb qanunvericilikdə tam əks olunmadığı üçün işlək deyil. Nəticədə, tender nəticələri zamanı ortaya çıxa biləcək maraqlar toqquşması hallarını müəyyənləşdirmək çətinləşir”, qiymətləndirmədəqeyd edilir.

Məlumatda bildirlir ki, Azərbaycanda satınalma əməliyyatlarının elektron tender vasitəsilə həyata keçirilməməsi satınalma prosesinin səmərəliliyini azaldır və korrupsiya riskləri üçün zəmin yaradır.

“Mövcud qanunvericilikdə satınalma prosesinin hesabatlılığını və dürüstlüyünü təmin edən normalar da kifayət qədər əks olunmayıb. Tenderlərin keçirilməsi və qaliblərin seçilməsi prosesini tənzimləyən qaydalarda bir sıra boşluqlar var. Qanunvericilikdə vətəndaş cəmiyyəti təşkilatlarına dövlət orqanları və müəssisələri tərəfindən həyata keçirilən satınalmalara ictimai nəzarət imkanı verən tələblər mövcud deyil. Tender nəticələri barədə ictimaiyyətə açıqlanması tələb olunan məlumatların miqyası dardır. Yuxarıda qeyd edildiyi kimi tender sənədləri – tenderdə iştirak etmək üçün müraciət etmiş namizədlərin ərizələri (müraciətləri), tender iştirakçıları tərəfindən təqdim edilən təkliflər, tender komissiyalarının qərarları, satınalma müqavilələri kimi sənədlər ictimaiyyət üçün açıq deyil. Bütün bunlar tender prosesinin hesabatlılığını və dürüstlüyünü risk altında qoyur”, qiymətləndirmədə belə deyilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG