Accessibility links

Ermənilərin dini lideri Azərbaycanın dini liderinə Qarabağda - təmas xəttində görüş təklif edir


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Ermənilərin katalikosu 2-ci Qaregin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Ermənilərin katalikosu 2-ci Qaregin

Katolikosun təklifi bu günlərdə Gürcüstanda səfərdə olarkən Allahşükür Paşazadəyə təqdim edilib

Bütün Ermənilərin katolikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Dağlıq Qarabağda təmas xəttində görüşməyi təklif edib. Bu barədə Turan agentliyi Eçmiadzin mətbuat xidmətinin rəhbəri Vahram Melikyana istinadən məlumat yayıb.

V. Melikyan xatırladıb ki, Ermənistan və Azərbaycanın dini liderlərinin görüşünü təşkil etmək təklifi hələ 2011-ci ilin noyabrında II Qaregin, Paşazadə və Patriarx Kirilin üçtərəfli görüşündə səslənib. Ermənistan tərəfi razılıq verib, lakin bu məsələ ilə bağlı dəqiq razılıq əldə olunmayıb.

Melikyan həmçinin qeyd edib ki, bu günlərdə Katolikosun tapşırığı ilə Ermənistan kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan hər iki tərəfin ziyalı nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd edilən təklifi Gürcüstanda səfərdə olan Allahşükür Paşazadəyə təqdim edib.

Təkliflə bağlı şərh verən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Turana bildirib ki, belə görüşlər yalnız siyasi rəhbərliklə razılaşdırılaraq həyata keçirilə bilər.

“İkitərəfli formatdan söhbət getdiyini nəzərə alaraq, ölkə rəhbərliyinin razılığı lazımdır. Şeyx bu yaxınlarda Tbilisidə görüş zamanı bu fikri erməni katolikosu nümayəndəsinin diqqətinə çatdırıb”, deyə o bildirib.
XS
SM
MD
LG