Accessibility links

İnsan haqları qrupları Şimali Koreyaya təzyiq göstərir [Təhlil]


Bu həftə BMT-nın insan haqlarının baş müstəntiqi Şimali Koreya diplomatları ilə insan haqlarını dəyərləndirmək üçün ölkəyə səfərlə bağlı görüşlər keçirib. Şimali Koreya BMT-nin ölkənin insan haqları situasiyasını Beynəlxalq Cinayət Məhkəməsinə yönəldməsinin qarşısını almaq üçün bu danışıqlara başlayıb.

Bu həftə insan haqları üzrə müstəntiq Marzuki Darusman və Şimali Koreyalı diplomatlar arasında görüş Darusmanın ölkənin qorxunc insan haqları situasiyasını misilsiz araşdırmasının ardından keçirilib.

Bu ilin əvvəlində nəşr olunan BMT-nin araşdırma komissiyasının hesabatına Şimali Koreyada 120.000 nəfərdən çox insanı saxlayan siyasi həbsxana şəbəkələri və “tələf etmə, qətl, əsarət, işgəncə, məhkumluq, zorlanma, məcburi abort, və digər cinsi zorakılıqların” daxil olduğu vəhşilik siyahısı haqqında məlumatlar daxildir.

Şimali Koreya İnsan Haqları Vətəndaş İttifaqının sədr müavini Coanna Hosniak o ölkədəki hüquq pozuntularının miqyasını ətraflı təsvir etmək üçün BMT müstəntiqi ilə əməkdaşlıq edib. O, bildirir ki, bu hüquq pozuntuları sistematikdir və insanların Pxenyan rəsmilərinə qarşı olan sadiqliyinə bağlıdır.

Minlərlə şimali koreyalını bədxah adlandırmaq olar, çünki onların ailələrinin digər üzvləri keçmişdə ya rejimə qarşı çıxıb ya da rejimin rəğbətini itirib. Elə insanlar sonra məcburi əmək düşərgələrinə göndərilirlər və orada gündə 16-18 saat işləyib, cüzi yemək payı ilə təmin edilirlər.

Bu insan haqları pozuntularının son 30-40 ildə paraleli olmayıb və misli görülməyib
Fil Robertson, Human Rghts Watch

“Çox məhbus düşərgədəki ilk illində ölür, cünki məhbusların sözlərinə görə, bədənin bu ağır işə və bu qədər az qidaya öyrəşməsi üçün çox vaxt tələb olunur. Onların verdikləri yemək bəs etmir.”

Human Rights Watch təşkilatının Asiya proqramının sədr müavini Fil Robertson bildirir ki, BMT-nin araşdırma komissiyasının hesabatına İkinci Dünya Müharibəsi zamanı nasist həbs düşərgələri dövründən bu günə qədər görülməmiş insan haqları pozuntularını daxildir, və bu situasiya vahid beynəlxalq müdaxilə tələb edir.

“Araşdırma komissiyasının deməsi ki, bu insan haqları pozuntularının son 30-40 ildə paraleli olmayıb və misli görülməyib, deməkdir ki, BMT öz əsas məqsədinə dönməlidir, yəni kütləvi vəhşi cinayətlərinin qarşısını almalıdır.”

İnsan haqları qrupları bu hesabatın Kim Conq Un daxil olmaqla bütün Şimali Koreya liderlərini insan haqları pozuntularına görə Beynəlxalq Cinayət Məhkəməsinə vermək tövsiyəsini dəstəkləyirlər.

Kim Conq Un
Kim Conq Un

Şimali Koreya diplomatları bu ittihamları qınayaraq onları yalan, uydurma və böhtan adlandırıb.

BMT Baş Assambleyasının gələn həftə bu məsələ ilə bağlı səsvermə keçirəcəyi gözlənilir. Üzv ölkələrinin çoxluğu Şimali Koreya rəsmilərini məhkəməyə verməsinin lehinə səs versə belə, bu tədbir BMT-nin Təhkükəsizlik Şurasına göndərildiyi halda Rusiya və Çin tərəfindən veto ediləcək.

Lakin Hosniak bildirir ki, hesabat dünyanın diqqətini Şimali Koreyadakı insan haqları pozuntularında cəmləşdirməkdə müvəffəqiyyət əldə edib.

Bu hesabat Şimali Koreyanın da diqətini cəlb edib. Pxenyan artıq beynəlxalq orqanlar Şimali Koreya rəsmilərini məhkəməyə verməkdən imtina etdiyi təqdirdə, BMT insan haqları müstəntiqini ilk dəfə olaraq ölkəyə buraxmaq ehtimalını müzakirə edirlər.

İnanmıram ki, biz Şimali Koreyada hər hansı mühüm real insan haqlarına hörmət istiqamətində islahatlar görəcəyik.
Fil Robertson, Human Rights Watch

“Bu onları bir addım atmağa vadar edir, çünki onlar beynəlxalq ictimaiyyətin onları bu cinayətlərə görə ittiham etməsindən qorxurlar.”

Robertson bildirir ki, bu gözəl bir ilk addımdır, lakin hələ görüləsi çox iş var.

“Real məsuliyyət olanda və Şimali Koreya rəsmilərinin ittiham etmə təhlükəsi olanda hökümət reaksiya verəcək, amma mən bir dəqiqəlik olsa belə inanmıram ki, biz Şimali Koreyada hər hansı mühüm real insan haqlarına hörmət istiqamətində islahatlar görəcəyik.”

Bu fəallar bildirir ki, bu sadəcə ölkənin dəyişməsi üçün Şimali Koreyanı artan təzyiq altında saxlamaq və rəsmilərə onların insan haqları pozuntularına görə məsuliyyət daşıyacaqları haqda mesaj göndərmək strategiyasının başlanğıcıdır.

XS
SM
MD
LG