Accessibility links

Şirin İbadi Urmiya gölünün qurumasına etirazlar zamanı həbs edilən fəallarla bağlı BMT-yə məktub göndərib

  • Insafəli Hidayət

Urmiyə gölünün qurumasının nəticəsi

Urmiyə gölünün qurumasının nəticəsi

Nobel Sülh mükafatı laureatı həbs edilən azərbaycanlı fəalların bəzisi haqda heç bir xəbərin olmadığını bildirir

2003-ci ildə Nobel slüh mükafatı lauretı olmuş İran azərbaycanlısı Şirin İbadi, Urmu gölünün qurumasına etiraz edən nümayişçiləri müdafiə edərək, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidə məktub ünvanlayıb. Məktubda xanım İbadi Azərbaycan viyalətlərində Urmu gölünün qurumasına etiraz nümayişləri zamanı həbs edilən fəalların vəziyyəti ilə bağlı heç bir məlumatın olmadığını bildirib. Xanım İbadinin fars dilində yazdığı məktub internetdə yayılıb.

Məktub xüsusi nümayəndə ilə yanaşı, BMT-nin Baş katibi Ban Ki Mun, təşkilatın İnsan Haqları Üzrə Ali komissarlığı və Ətraf Mühit agentliyinə də göndərilib.

Xanım İbadi BMT-yə məktubu İran Azərbaycanının (Güney Azərbaycan) partiyaları və fəallarının sakinləri mayın 19-da Urmu gölünün qurumasına etiraz aksiyalarına çağırdığı bir vaxt göndərib. Təbriz və Urmiyə şəhərlərində etiraz edən nümayişçilər və İranın təhlükəsizlik quvvələri arasında toqquşmalar baş verib. Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi və onlarla insanı həbs etdiyi bildirilir. Təkcə Urmiyə şəhərində 100-dən çox etirazçının tutulduğu və həbsə alındığı deyilir.

Təhlükəsizlik səbəbi ilə adları çəkilməyən bəzi mənbələrə əsasən, Urmiyə şəhərinin “Doqquz Pillə” polis mərkəzində saxlananlar arasında işkəncə verilənlər var.

Xanım İbadi BMT-yə məktubunda dünyanın ən böyük şor göllərindən biri olan Urmu gölündə suyun yarısının buxarlandığını bildirib. Nobel slüh mükafatı laureatı mütəxəssislərə istinad edərək yazıb ki, gölün qurumasının əsas səbəbi gölə axan çaylar üzərində bəndlərin tikilməsi ilə bağlıdır. Xanım İbadi məktubda qeyd edir ki, göldə yaranmış ekoloji faciənin qarşısı bəndlərin açılması ilə alına bilər. Şirin İbadi məktubda yazır ki, vəziyyət belə davam etsə gölün gələn üç il ərzində quruya bilər və gölün dibində10 milyard ton duz onun ətrafında yaşayan 6 milyon insan üçün ekoloji təhlükə yarada, kənd təsərrüfatını isə məhv olmaq qarşısında qoya bilər.

Şirin xanım azərbaycanlıların dinc etiraz bildirmək üçün toplaşmaq azadlığına işarə edərək yazıb ki, hökumətin fəaliyyətisizliyinə etiraz edən mədəni fəallar və ətraf mühit tərəfdarları əhalini mayın 20-də müxtəlif şəhərlərdə etiraz aksiyası keçirməyə çağırmış, lakin Urmiyə və digər şəhərlərdə dinc nümayişlər polisin hücumuna məruz qalmış və 100-dən çox insan həbs edilmişdir.

Şirin İbadi əlavə edib ki, həbslərdən iki gün sonra onların bəziləri azad edilsə də, bəzilərindən hələ də xəbər yoxdur. Şirin xanım saxlananlar və həbs edilənlər arasında azərbaycanlı fəallar Həsən Əhmədiyan, Əli Hamid İman, Məhəmməd İsgəndərzadə və Əfsanə xanım Tofiqinin adlarını sadalayır.

Məktubda azərbaycanlıların Urmu gölünün qurumasına dəfələrlə etiraz etdiyi və etiraz aksiyaları zamanı tutulanlar olduğu qeyd edilib. Şirin İbadi qeyd edib ki, İran İslam Cumhuriyyətinin məsələyə diqqət göstərməməsi milyonlarla insanın gələcəyini ciddi təhlükə altında qoyur, digər tərəfdən isə etnik münaqişələrin qızışmasına gətirib çıxara bilər. Bu, isə onun bildirdiyi kimi, İranın özü üçün böyük təhlükə yarada bilər.

XS
SM
MD
LG