Accessibility links

“Müəllim bizə dedi: "Uşağınız fars dilini heç bilmir." [Audio-Müsahibə]


Saleh Molla-Abbasi
Saleh Molla-Abbasi

Seçki kampaniyalarında İranda ana dilinin məktəblərdə oxudulmasına dair vədlər verən Həsən Ruhaninin prezidentliyə seçilməsindən iki ildən artıq keçsə də bu il də İran Azərbaycanında məktəblər türk dilində hər hansı dərs proqramı olmadan açıldı. Şərqi Azərbaycanın Əhər şəhərindən Amerikanın Səsinə danışan türk dil haqları müdafiəçisi Saleh Molla-Abbasi bu vədlərin sadəcə seçkilər dönəminə məxsus olduğunu vurğulayır.

Saleh Molla-Abbasi güneyli məktəblilərin durumu haqda danışır
please wait

No media source currently available

0:00 0:15:35 0:00

Dil hüquqları uğrunda fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalmış Molla-Abbasi ana dilində təhsil almayan uşaqların üzləşdiyi çətinlikləri şərh edərkən öz müşahidələrindən söz açıb. Müsahibədə o, İran Azərbaycanının ən yoxsul bölgələrindən sayılan və 2012 ilindəki faciəvi zəlzələnin baş verdiyi Qaradağ bölgəsində məktəbli uşaqların yaşadığı problemlərə diqqət çəkib.

Əhərli fəal ana dilində təhsil haqqı və digər hüquqlarla bağlı vədlərin həyata keçirilmək üçün deyil seçkilərdə istifadə edilmək üçün irəli sürüldüyünü vurğulayır:

Ana dili mərasimləri ilə bağlı bir təcrübəmi də deyim ki, təhlükəsizlik məmurları gəlib mərasimlərə qatılanları həbs etmələri səbəb olur ki millətimiz arasında həssaslıq və suallar ortaya çıxsın.
Saleh Molla-Abbasi

“Həsən Ruhani keçmişdə Şərqi Azərbaycan səfərində Azərbaycanda Türk Dili Qurumunun təsisinə də söz vermişdi. Başqa yerlərdə də bu sözlərdən verib. O cümlədən, Kürdüstan vilayətində... Bunlar böhran şəraitində ya işləri bərkə düşəndə bu vədlərdən çox istifadə edirlər. Amma bu gün görürük ki, neçə il sovuşduqdan sonra Türk Dil Qurumu qısaldı qısaldı, oldu Azərbaycan Sənət və Kültür Quruluşu.”

Ana dilində təhsil almayan uşaqların psixoloji çətinliklərlə üzləşdiyini söyləyən milli fəalın dediklərinə əsasən, İranda qeyri-fars şagirdlərə fars dilinin onların öz dilindən “daha prestijli və daha üstün” olduğu təlqin edilir.

“Uşaq gedir mədrəsəyə, sonra gəlir anasından küsür ki, mən bu dili bilmirəm, mədrəsəyə getmək istəmirəm,” deyə Molla-Abbasi söyləyir.

Üç uşaq atası olan türk dil haqları müdafiəçisi məktəbə getdikləri zaman fars dilini bilməyən uşaqların yaşadığı problemi öz uşağının durumundan söz edərək açıqlayır:

İran azərbaycanlıları ana dilində təhsil hüququndan məhrumdurlar.
İran azərbaycanlıları ana dilində təhsil hüququndan məhrumdurlar.

“Keçmiş illərdə, ki uşaqlarımın biri ilk məktəbə gedirdi, dörd aydan sonra bunun xanım müəlliməsi bizləri çağırdı mədrəsəyə. Dedi ki, siz bu uşaqla evdə çox işləyin, fars dilini heç bilmir. Uşaq dörd aydan sonra görürdün ki hələ fars dilini öyrənməyə maraq göstərmir. Biz də müəllimin cavabında dedik ki, qədim bu basqı yox idi, siz də çox basqı etməyin lütfən. Öyrənəcəkdir, necə ki, bizlər məcburi halda öyrənmişik, bunlar da öyrənəcək.”

Molla-Abbasinin yaşadığı Əhər şəhəri İran Azərbaycanının Qaradağ bölgəsində yerləşib. 2012-ci ilin avqust ayında baş verən faciəvi zəlzələ xüsusilə bölgə uşaqlarının yaşadığı ağır çətinlikləri meydana çıxarmışdı.

Güneyli fəalın söylədiklərinə görə, “Qaradağ bölgəsində əhalinin çoxu kəndlərdə yaşayır. Kəndlərimizdə bəzi məktəblər vardır ki, 5 sinifi bir yerə yığıblar. Bir müəllim birinci sinifdən beşinci sinifə qədər dərs verir. Amma bu müəllimin nə qədər vaxtı var ki bu uşaqların hamısının dərsinə çatsın?”

Zəlzələdə sonra durumun daha ağırlaşdığını önə çəkən Qaradağlı fəal zəlzələdə yıxılan məktəblərin hələ tikilmədiyini, məişət imkanlarının az olduğunu önə çəkir.

Qaradağ bölgəsində əhalinin çoxu kəndlərdə yaşayır. Kəndlərimizdə bəzi məktəblər vardır ki, 5 sinifi bir yerə yığıblar. Bir müəllim birinci sinifdən beşinci sinifə qədər dərs verir. Amma bu müəllimin nə qədər vaxtı var ki bu uşaqların hamısının dərsinə çatsın?
Saleh Molla_Abbasi

Saleh Molla-Abbasi 2014 ilinin fevralında Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatıldığı zaman 100-ə yaxın fəalla bərabər nəzarət altına alınıb həbsxanada sorğu-sual edildikdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Həmin mərasimə qatılması ittihamı ilə keçən avqust ayında Əhər məhkəməsində mühakimə edilən türk dil haqları müdafiəçisi bu növ mərasimlərin keçirilməsinin əhali arasında öz ilkin haqlarını tanıması istiqamətində həssaslıq yaratdığını deyir.

“Ana dili adına keçirilən mərasimlər sadəcə ana dilini əzizləmək üçün deyil. Təbii fəalların baxışı budur ki, bu mərasimlərlə millət ilkin haqları ilə tanış olsun. Bu mərasimlərlə bağlı bir təcrübəmi də deyim ki, təhlükəsizlik məmurları gəlib mərasimlərə qatılanları həbs etmələri səbəb olur ki millətimiz arasında həssaslıq və suallar ortaya çıxsın,” deyə o əlavə edir.

XS
SM
MD
LG