Accessibility links

Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb


S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim
S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim

“İri silahlarla təchizat Soyuq müharibə dövründən bəri ən yüksək həddə çatıb”. Bu barədə AzadlıqRadiosu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu – SIPRI-nın silahlanma haqda illik hesabatına istinadən bildirir.

“Silahla təchizatda beynəlxalq meyllər-2016” adlanan hesabatda Azərbaycanın da həmişəkindən çox silah aldığı qeyd olunur. Dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutub.

SİLAHI DAHA ÇOX RUSİYADAN ALIR

Hesabatda Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlandığı vurğulanır. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75% artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur. Həm də Azərbaycanın müxtəlif tipli döyüş ləvazimatlarıyla təchiz olunduğu, tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələri əldə etdiyi deyilir.

Ermənistanda isə diqqəti çəkən 280 km-lik raket kompleksinin alınması olub. Hesabatda bu raketin Azərbaycanın, az qala, istənilən nöqtəsini vurmaq iqtidarında olduğu vurğulanır.

SIPRI həm Ermənistan, həm də Azərbaycanın əsas silah təchizatçısının Rusiya olduğunu deyir.

SIPRI-nın hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5%-ni Azərbaycanla Venesuela alıb. İsrailin ixrac etdiyi silahların 13%-nin, Belarus silahlarının 11%-nin müştərisi Azərbaycan olub.

Hesabatda Azərbaycanın 2012-2016-cı illərdə idxal etdiyi silahların 3.6%-ni Belarusdan, 22%-i İsraildən, 69%-ni Rusiyadan aldığı göstərilir.

ƏN BÖYÜK SİLAH İXRACATÇILARI

Ümumiyyətlə, Rusiya silah satışına görə ABŞ-dan sonra 2-ci yerdədir. 3-cü ən böyük silah ixracatçısı Çin, sonra Fransa və Almaniyadır. Dünya silah ixracatının 74%-i bu ölkələrin payına düşür.

Satılan silahların 1/3-i ABŞ-ındır (Rusiyanın payı 23%-dir). SIPRI 2012-2016-cı illərdə ABŞ-ın silah satışını 21% artırdığını və silahlarının, az qala, yarısını Yaxın Şərqə satdığını bildirir. “Birləşmiş Ştatlar təxminən 100 ölkəni iri silahla təchiz edir. Bu isə bütün digər ixracatçılarla müqayisədə xeyli böyük rəqəmdir”. SIPRI-nın Silahlar və Hərbi Xərclər Proqramının direktoru Aude Fleurant belə deyir.

BƏS ƏN ÇOX SİLAH ALAN KİMLƏRDİR?

SIPRI-nın yeni hesabatında silahların son illər daha çox Asiyaya, Sakit Okean adaları və Yaxın Şərqə satıldığı deyilir. Avropa, Amerika və Afrika ölkələrinə satışın son 10 ildə azaldığı müşahidə olunur.

Asiya və Okeaniya ölkələri silah idxalını son illər özəlliklə çoxaldıb, 2012-2016-cı illərdə qlobal idxalın 43%-i bu ölkələrin payına düşüb.

Yaxın Şərqdəkilər isə idxalı son 10 ildə 86% artırıblar, 2012-2016-cı illərdə satılan silahların 29%- ini Yaxın Şərq ölkələri alıblar.

İri silah idxalına görə birinci yerdə dayanan Hindistandır. Hesabatda qlobal silah idxalının 13%-nin Hindistana aid olduğu vurğulanır.

XS
SM
MD
LG