Accessibility links

Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb


Silk Way aviaşirkətinin təyyarəsi

Silk Way aviaşirkətinin təyyarəsi

Azərbaycanın Silk Way şirkətinə məxsus AN-12 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.

Dəqiqləşdirilməmiş məlumata görə, Əfqanistanın Gilmənd əyalətində ölkə daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən AN-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) mayın 18-də axşam yaydığı məlumatda deyilir.

Rəsmi məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30-da Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə beynəlmiləl ekipaj tərəfindən idarə olunub. Heyətə Özbəkistan vətəndaşı (kapitan), üç nəfər Ukrayna vətəndaşı və beş nəfər Azərbaycan vətəndaşı daxildir.

Təsdiqlənməmiş məlumata görə, ekipajın 7 nəfəri həlak olub, iki Ukrayna vətəndaşı olan ekipaj üzvü isə sağ qalıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Adminsitrasiyasında hadisənin araşdırılması üzrə komissiya yaradılıb. “Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir”, - ADMAA-nın məumatında deylir.

Xatırladaq ki, 2011-ci il iyulun 6-da da Silk Way şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. 9 nəfərdən ibarət ekipaj həlak olub.

XS
SM
MD
LG