Accessibility links

Simin Səbri: Azlıq adlandırılmağımıza etiraz etdik


Bu yaxınlarda bir qrup güneyli insan haqları fəalı Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında iştirak edib. Müzakirələrin diqqət mərkəzində İranda müxtəlif etnik qruplar, o cümlədən azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi olub. BMT-nin İnsan Hüquqları Şurasının İran üzrə xüsusi məruzəçisi Əhməd Şahid və Nobel Sülh mükafatı laureatı Şirin İbadi də müzakirələrə qatılıb. Müzakirələrdə iştirak edən güneyli fəal Simin Səbri Amerikanın Səsinə müsahibədə Cenevrədə görüşün müsbət dialoq şəraitində keçdiyini deyib.

Simin Səbri müzakirələrin diqqət mərkəzində İranda yaşayan etnik qruplar və millətlərin durumu məsələsinin olduğunu deyib. O bildirib ki, Cenevrədə müzakirələrə qatılan etnik qrupların nümayəndələri İranda azlıqların nümayəndəsi kimi adlandırılmasına etiraz edib: “Birincisi, kimin bu ölkədə azlıqda, kimin çoxluqda olduğu bilinmir, çünki illər boyu heç bir yeni statistika yoxdur, xüsusilə də islam respublikasının hakimiyyətə gəlməsindən sonra. Bunlar azlıqda olan qrup adlanır, amma İranla bütün qonşu ölkələrdə bu qrupların öz dövləti var. “

Kimin bu ölkədə azlıqda, kimin çoxluqda olduğu bilinmir, çünki illər boyu heç bir yeni statistika yoxdur-Simin Səbri

Simin Səbri görüşdə İranda yaşayan Azərbaycan türkləri ilə yanaşı, əhvaz ərəbləri, kürdlər, bəluclar, türkmənlər və bəhailərin iştirak etdiyini deyib.

O bildirib ki, azərbaycanlı fəallar görüşdə İranda azərbaycanlıların durumu, etnik, milli, mədəni və dil hüquqları uğrundan apardığı mübarizə haqda məlumat verib. Simin Səbri xüsusilə də Ana dili günü münasibətilə bağlı kampaniya aparan azərbaycanlı fəalların həbsi barədə məlumat verildiyini qeyd edib.

Görüşdə iştirakçıları Nobel Sül mükafatı laureatı Şirin İbadi ilə konstruktiv müzakirə aparmaq imkanına malik olublar: “Özəl ortamlarda və fasilələrlədə Şirin xanımla Azərbaycan türkcəsində danışmağımıza çox sevindik və Nobel Sülh mükafatı laureatı ilə görüşmək bizim üçün fəxr idi.”

Simin Səbri azərbaycanlı fəallardan biri olan Mahmud Bilginin Şirin İbadinin azərbaycanlıların öz hüquqlarının müdafiəsi məsələsi ilə bağlı mövqeyi haqda sualına onun cavabını xüsusi qeyd edib: “Mahmud bəy soruşdu ki, son zamanlar öz milli kimliyi və ana dilini qorumaq və özlərini ana dilində təmsil etmək istəyən milli fəallara qarşı həbslər və basqılara münasibətini soruşdu. Şirin İbadi bildirdi ki, nəinki başqa etnik qruplar, hətta Azərbaycan tükrcəsi İranda qadağandır, İranda Azərbaycan türklərinə restoranlar və ictimai yerlərə adların qoyulması, anadan olan uşaqlara türk adları verilməsi icazə verilmir, bu, gərək fars adı olsun. Dövlət bilərəkdən milli məsələni təhlükəsizlik məsələsinə çevirib. Azərbaycan türklərinin hekayəsi hələ şah dövründən gəlir, bu, uzun bir hekayədir.”

Şirin İbadi dedi ki, Azərbaycan tükrcəsi İranda qadağandır, İranda Azərbaycan türklərinə restoranlar və ictimai yerlərə adların qoyulması, anadan olan uşaqlara türk adları verilməsi icazə verilmir-Simin Səbri

Simin Səbrinin sözlərinə görə, Şirin İbadi milli fəallar həbs edilən, saxlanılan fəalların durumu ilə bağlı BMT və İranda insan haqları məsələsi üzrə xüsusi nümayəndə Əhməd Şahidə məlumat verməyə çağırıb: “O sonda dedi ki, siz yalnız bir işi görə bilməzsiniz, o da odur ki, susmamalısınız.”

Simin Səbri azərbaycanlı fəalların Cenevrədə keçirilən müzakirələrdən razı qaldığını bildirib. “Ən mühümü budur ki, beynəlxalq təşkilata bizim səsimizi eşidə bildi. Onlar bizdən çoxlu məlumat aldılar. Bizim verdiyimiz hesabatlara əsasən, İran rəsmiləri qarşısında həbslər, işgəncə və insan haqları məsələsini qaldıra bilər və ana dilində təhsil almaq və uşaqları öz istədiyimiz mədəniyyətdə böyütmək məsələsinin bizim hüququmuz olduğunu deyə bilərlər.”

Simin Səbri həmçinin qeyd edib ki, görüşdə İranda yaşayan müxtəlif etnik qruplarla da yaxın əməkdaşlıq münasibətləri qurulub və geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG