Accessibility links

Sinan Oğan: "Bu saziş Türkiyə üçün önəmli olduğu qədər də risklidir"


Sinan Oğan, TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Sinan Oğan, TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

İran Türkiyə və Braziliya liderləri ilə danışıqlardan sonra 1200 kiloqram uranın zənginləşdirmək üçün Türkiyəyə göndərməyə, əvəzində nüvə yanacağı almağa razılıq verib. Türkiyənin imzalanan sazişdə rolundan danışan TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan İranın bu sazişə əməl edəcəyi təqdirdə beynəlxalq sanksiyaların tətbiqinin real görünmədiyini bildirir.

Sual: Uzun müddət İran BMT-nin vasitəçiliyi ilə nüvə sazişini qəbul etməmişdi. Lakin dünən İran Türkiyə və Braziliyanın, xüsusilə Türkiyənin vasitəçiliyi ilə bu sazişi qəbul etdi. Sizcə İranın Türkiyəyə inamı nəyə əsaslanır?

Cavab: Burada Türkiyənin bölgədə apardığı siyasət – ABŞ-a baxmayaraq Türkiyənin İranın sanksiyalar mövzusunda daha diplmatik mövqe tutması və bundan da önəmlisi İranın başqa çıxış yolunun olmamasıdır. İran xarici siyasətdə nəzarətli gərginliyi uğurlu şəkildə tətbiq edən bir ölkədir. İran tez-tez müharibəyə doğru gedən bir prosesi dayandıra bilir və yaxud da hərəkətsiz olan bir prosesi bəlkə də nəhayətdə müharibə ilə nəticələnəcək məcraya apara bilər. İran açıqlamalarında da bunu açıq şəkildə bildirir. Məsələn İsrailə çox sərt bəyanatlar verir və yaxud bu gün olduğu kimi sazişdən dərhal sonra “Biz uran zənginləşdirmə proqramına davam edəcəyik” kimi açıqlamalar verə bilir. Həm Rusiya dövlət başçısının “Bu İrana verilən son şansdır” deməsi, həm keçən ay Amerikada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində İrana ağıllı sanksiyaların tətbiqi qərarının verilməsi və bu qərarda Rusiya və Çinin də iştirakı, həm də İsraili payıza doğru İrana hərbi müdaxiləsi iddiası İranın Türkiyəyə güvənməsinə və belə bir sazişə imza atmasına səbəb olub.

Sual: Sinan bəy, İran bu sazişə nə dərəcədə səmimi görünür, yəni Tehran gələcəkdə bu sazişə sadiq qalacaqmı?

Cavab: Bu sualı cavablandırmaq çox çətindir. İran bu sazişin hər hansı bir nöqtəsində geri dönə bilər. İran beynəlxalq vəziyyətdən çox yaxşı istifadə edir. Əgər qarşıdakı prosesdə beynəlxalq vəziyyət İranın lehinə çevrilərsə, İran sazişdən üz döndərə bilər. İran bir qədər də vaxt almağa çalışır. Qarşıdakı prosesdə İran bu sazişi poza bilər. Ancaq bu, yalnız İran üçün risk deyil. Deyək ki, Türkiyə İrandan 1200 kiloqram az zənginləşdirilmiş uranı alıb, Fransa və ya ABŞ göndərdi. Bu dövlətlər nüvə yanacağı verməmişdən əvvəl İranın Beynəlxalq Atom Enerji Agentliyinə bildirmədiyi bir təsis tapsa, nüvə yanacağını İrana verməyə bilər. Belə olacağı təqdirdə də, Türkiyə vasitəçilik üçün başlatdığı bu işdə, arada qala və ciddi sıxıntılar yaşaya bilər.

Sual: Bu razılıq Qərb dövlətlərini qane edəcəkmi? Siz də qeyd etdiniz ki, Rusiya dövlət başçısı da hətta bildirmişdi ki, bu, sanksiyalar baxımından İrana verilən son şansdır. Sizcə İran bununla BMT Təhlükəsizlik Şurasının növbəti sanksiyalar paketindan yaxasını qurtara bildimi?

Cavab: İndilik qurtardı deyə bilərik, amma, İran bu gün tərs açıqlama verib: “Sazişə rəğmən, mən nüvə proqramımı davam etdirəcəm” dedi. Amma İran bu sazişin şərtlərinə əməl edəcəyi təqdirdə beynəlxalq sanksiyaların tətbiqi o qədər də real görünmür.

Sual: İranın məhz Türkiyənin vasitəçiliyi ilə nüvə sazişini qəbul etməsi, Türkiyənin regionda, Yaxın Şərqdə və ümumilikdə qlobal səviyyədə, dünyada imicinə necə təsir edəcək?

Cavab: Əgər hər şey qaydasında getsə, əlbəttə, müsbət təsir edəcək. Belə olacağı təqdirdə Türkiyə bölgədə dünyada sülhə töhvə vermiş iki ölkədən biri olacaq. Biri Braziliyadır, biri də Türkiyədir. Burada Braziliyanın da dünya siyasətində özünə mövqe qazandığını vurğulamaq lazımdır. Braziliya dünya siyasət səhnəsinə bu sazişlər geri dönüb. Amma Türkiyə də bölgəsində artıq ciddiyyəti olan, qonşuları tərəfindən güclü dövlət olduğu qəbul edilən və güvənilən bir ölkə kimi qəbul edilməyə başlayıb. Bu saziş Tükriyə üçün önəmli olduğu qədər də risklidir. Prosesdə hər hansı bir yanlışlıq olsa, onun məsuliyyəti Türkiyənin üzərində qalacaq.

XS
SM
MD
LG