Accessibility links

Sincan vilayətində son zorakılıq Çində uyğur məsələsini yenidən aktuallaşdırıb


Sincan vilayətində son zorakılıq Çində uyğur məsələsini yenidən aktuallaşdırıb

Sincan vilayətində son zorakılıq Çində uyğur məsələsini yenidən aktuallaşdırıb

Əvvəl onları “cinayətkar” adlandırdılar, daha sonra dövlət mediası hadisənin “ciddi zorakı terror hücumu” olduğunu bildirdi. Ölənlərin sayı 4-dən 18-ə qaldırılanda isə hadisəni törədənlər “qiyamçı” adlandırıldılar.

Təqribən bir həftə əvvəl Çinin qərbində, uyğurlar yaşayan Sincan əyalətində son bir ilin ən ağır itkili günü yaşanıb. Çinin rəsmi dövlət mediasının xəbərinə görə, Sincanın Hotan şəhərində bir qrup silahlının polis bölməsinə hücumu nəticəsində azı 18 nəfər həlak olub. Rəsmilər bildiriblər ki, ölənlərdən 14-ü hücumçulardır, amma Amerikanın səsinin müxbiri William Ide bildirir ki, rəsmi Pekin üçün hələ də aydın deyil ki, hücumçular kim olub və onları buna nə vadar edib.

İyulun 18-dən, hadisənin baş verdiyi gündən bəri hökumətin hücum edənlər və başqa detallarla bağlı verdiyi informasiyalar təzələnir. Əvvəl onları “cinayətkar” adlandırdılar, daha sonra dövlət mediası hadisənin “ciddi zorakı terror hücumu” olduğunu bildirdi. Ölənlərin sayı 4-dən 18-ə qaldırılanda isə hadisəni törədənlər “qiyamçı” adlandırıldılar.

Xaricdəki uyğur qrupları dövlət mediasının rəqəmləri ilə razılaşmırlar, bildirirlər ki, hadisə vaxtı azı 20 nəfər öldürülüb, 70-i həbs olunub. Onlar bildirirlər ki, qarşıdurma polis nümayişçilərə atəş açandan sonra başlayıb.

Human Rights Watch təşkilatının Hong-Kongdakı Asiya tədqiqatçısı Nicholas Bequelin deyir ki, ilk vaxtlar adam oğurluğu və bomba hücumları barədə ittihamlar var idi, indi isə terrorçuların bu hadisəni törətməsi üçün təlim keçdikləri haqda şübhələr var. Bequelin deyir ki, hökumətin bu versiyaları çaşdırıcıdır və inandırıcı deyil. Amma o əlavə edir ki, çaşdırıcı məlumatlara baxmayaraq o, zorakılığın baş verdiyini istisna etmir: “Sincanda, xüsusilə də Sincanın cənubunda zorakılığın və hökumət əleyhinə fəaliyyətin olmadığını iddia etmək ehtiyatsızlıq olardı. Əksinə, Çin hökumətinin uyğurlara qarşı qəddar siyasi zorakılığı və uyğur xalqı haqda artan narahatlıq kənardan böyük kontekstdə nəzərdən keçirilə bilməz”.

Sincan əyalətinin ərazisi Çinin ümumi ərazisinin altıda birini təşkil edir. Bura özünün zəngin neft və qaz yataqlarına, o cümlədən, Əfqanıstan, Pakistan, Mərkəzi Asiya ilə həmsərhəd olduğuna görə, Çin üçün strateji mühüm hesab olunur. Regionda çoxlu uyğur türkləri yaşayır. Çin hökuməti bu icmanın bəzi üzvlərini zorakılıq törətməklə müstəqilliyə nail olmağa cəhddə ittiham edir.

Corc Vaşinqton Universitenin Beynəlxalq İnkişaf Tədqiqatı Proqramının direktoru Sean Roberts deyir ki, han çinləri və müsəlman uyğurlar arasında gərginliyin kökü 18-ci əsrə dayanır. Robertsin sözlərinə görə, son illər bununla bağlı bir neçə mühüm hadisə baş verib və məsələ aktuallaşıb. Belə ki, dünyada qlobal terrorla mübarizə başlayandan sonra Çin də anti-terror tədbirləri adı altında siyasi aktiv uyğurlara qarşı mübarizəyə başlayıb. İkinci məsələ isə budur ki, Çin dövləti Sincanı qorxulu bir sürətlə inkişaf etdirir.

Rəsmi medianın məlumatına görə, hücumçular yerli ləhcə ilə danışmırlarmış. Onlar diqqəti yayındırmaq üçün silahlarını şəhərə çatandan sonra alıblar. Onları həmçinin hücum etdikləri polis stansiyasının qarşısında “Cihad bayrağı” dalğalandırmaqda şübhəli bilirlər.

İrəli sürülən fikirlərdən biri də budur ki, hücumu ölkədən kənarda təşkil ediblər. Çinin terror üzrə bəzi mütəxəssisləri planın qonşu Pakistandakı nüfuzlu qrupun adını da çəkiblər.

Çin terrorla mübarizə dövlət ofisi Sincana araşdırma qrupu göndərib, amma hələ ki, hücumla bağlı bir yenilik yoxdur.

Səhra şəhəri Hotan Sincanın cənub-qərbində yerləşir və Çinin qərb qurtaracağında Pakistan və Əfqanıstanla həmsərhəddir.

Təhlilçilər deyirlər ki, indiyə qədər Sincanın xarici terror qrupları ilə əlaqəsi olub. Uyğur ekstremistlərin keçən il Pakistanda ABŞ–ın təşkil etdiyi hücumda öldürülməsi haqda məlumatlar var. ABŞ–da 11 sentyabr hadisələrinin törədilməsi ilə bağlı Quantanamo həbsxanasında saxlanılanlar arasında uyğurlar da olub.

Polis bildirib ki, keçən həftəki hücum zamanı 30 ədəd silah, o cümlədən, xəncər, bıçaq, dəhrə, ox, üç ədəd istifadə olunmamış Molotov kokteyl qaz bombası, 48 daş və bir ədəd sapand götürülüb.

King Kollecində Radikallaşma üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin köməkçi alimi Raffaello Pantucci deyir ki, zorakılığın miqyası onu deməyə əsas verir ki, bu daha çox yerli səviyyədə bir etiraz partlayışıdır, nəinki xaricdən təşkil olunmuş terror aktı.

Çinin dövlət mediası isə hücumun motivi ilə bağlı yalnız bir versiya deyib - yerli siyasi və hüquqi bölmələri bilərəkdən hədəfə almaq və separatizmin daha böyük məqsədi. Xaricdə yaşayan uyğur qrupların hücumu yerli nümayişçilərin törətməsi barədə versiyanı isə rəsmi media rədd edir.

Hadisə vaxtı öldürülənlərin və girov götürülənlərin adı hələ ki, açıqlanmır. Çin mətbuatına görə, hücumda iştirak edənlər 20-40 yaşlarında olanlardır.

Bununla belə, Çin dövlət mediası bildirib ki, öldürülən və yaralananların heç də hamısı xan çinləri deyillər, siyahıda bir neçə milli azlıq da var.

XS
SM
MD
LG