Accessibility links

Hökuməti tənqid edən qadının oğlu narkotik ittihamı ilə 2 il həbsə məhkum edilib


Şirinbacı Rzayeva müxalifətin mitinqində çıxış edir

Şirinbacı Rzayeva müxalifətin mitinqində çıxış edir

“Demokratiya naminə oxu” kampaniyası məhkəmənin İlqar Rzayev barəsində çıxardığı hökmü pisləyir

“Demokratiya naminə oxu” hüquq müdafiə təşkilatı öz bəyanatında avqustun 31-də Bakının Nərimanov rayon məhkəməsinin İlqar Rzayev barəsində çıxardığı ittiham hökmünü pisləyib. (O, aprelin 22-də Bakıda müxalifətin mitinqində hakimiyyəti kəskin şəkildə tənqid edən Şirinbacı Rzayevanın oğludur).

Məhkəmə Rzayevi qanunsuz narkotik saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bəyanatda xatırladılır ki, İlqar Rzayev Mirzağa Əliyev küçəsi, 211 ünvanındakı evin sakini idi və doğmaları ilə birlikdə bu məhəllənin sökülməsinə etiraz edirdi.

Kampaniya hesab edir ki, Rzayev barəsində ittiham hökmü onun və anasının vətəndaş fəallığı ilə bağlıdır.

Ananın mitinqdə çıxışlarından bir neçə gün sonra Rzayevlərin evi heç bir məhkəmə qərarı olmadan sökülüb. Buna görə, şirkət Rzayevin siyasi motivlərlə həbs edildiyini hesab edir və o, “Eurovision-2012” ərəfəsində Bakıda keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılır.

“Demokratiya naminə oxu” kampaniyası hakimiyyəti Rzayevi azad etməyə və beynəlxalq ictimaiyyəti bu məqsədlə rəsmi Bakıya təsir göstərməyə çağırır.

“Demokratiya naminə oxu” kampaniyası “Eurovision 2012” müsabiqəsi ərəfəsində demokratiya sahəsindəki problemlərə diqqət çəkmək məqsədilə ölkənin 30-dan çox QHT-si tərəfindən keçirilirdi.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların fikrini ifadə etdiyinə görə həbs edilməsi ilə bağlı deyilənləri qəbul etmir. Hökumət rəsmiləri bir qayda olaraq deyir ki, Azərbaycanda insanlar siyasi mənsubiyyətinə görə deyil, törətdiyi cinayətlərə görə qanunun tələblərinə uyğun olaraq həbs edilir.
XS
SM
MD
LG