Accessibility links

Yerli media yeraltı sexdə və bunkerdə qalanların olduğunu güman edir

Şirvanda baş vermiş partlayış nəticəsində artıq iki nəfər ölüb.

Bu, Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir.

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayış nəticəsində indiyədək 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yerli media ölən və yaralananların sayının artacağını ehtimal edir. Belə ki, “Yeni Müsavat” qəzetinin hadisə yerində olan müxbiri müəyyən edib ki, partlayış mərmi-sursatın utilizasiyası sexində baş verib.

“Həmin sex yerin 10 metr dərinliyində yerləşir. Sexə bitişik bunker var. Sağ qalanlar ilk partlayışdan sonra bunkerə daxil olan işçilərdir. Bir çoxları isə qaçıb canlarını qurtara biliblər. Sexdə partlayış davam etdiyindən orada neçə nəfərin qaldığı bilinmir”, qəzet qeyd edir.

Öz növbəsində, Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir ki, fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

XS
SM
MD
LG