Accessibility links

Fevralın 10-da vətəndaş cəmiyyətinin tanınmış simaları, vəkillər və jurnalistlər “Sivil Toplum Platforması” təsis etdiklərini bəyan edib.

Platforma ölkədəki mövcud durumdakı problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə yaradılıb.

“Sivil Tolum Platforması”nın ictimaiyyətə ünvanladığı manifestdə ölkənin çox ağır iqtisadi, sosial və siyası böhranla baş-başa qaldığı bildirılir.

“İndi toplumumuzun qarşısında duran əsas çağırış Azərbaycan cəmiyyətinin üzləşdiyi iqtisadi, sosial və siyası böhranı aşmaq, cəmiyyətimizi və dövlətimizi ayaqda saxlamaq, konstitusiyamızda müəyyən olunmuş, lakin son illər sürətlə məhdudlaşdırılan təməl insan hüquq və azadlıqlarının bərpasına və qorunmasına nail olmaqdır”, sənəddə qeyd edilir.

Manifestdə deyilir ki, böhran ölkəni və cəmiyyətin bütün təbəqələrini əhatə edir.

“Milli valyutanın dəyər itirməsi, qiymətlərin bahalaşması, yüksək inflyasiya, iş yerlərinin itirilməsi, işsizliyin geniş miqyas alması, vətəndaşların həyat səviyyəsinin pisləşməsi, işgüzar fəallığın azalması, hüquq və azadlıqların hər addımda pozulması, məhkəmə sistemindəki ədalətsizliklər, vətəndaşların səsinin eşidilməməsi - ölkə qarşısında duran və həllini gözləyən problemlərin tam olmayan siyahısıdır. Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir.

Platforma hesab edir ki, böhranın gələcək inkişafı ilə bağlı təhlükə aktual olaraq qalır, cəmiyyətdə həyəcanlı əhval-ruhiyyəni gücləndirir.

“Böhranın açıq formada özünü bir ildən çoxdur ki, göstərməsinə baxmayaraq, hökumət indiyədək ondan çıxış yolu təklif etməyib, ölkənin inkişafına dair aydın plan ortaya qoymayıb. Belə bir şəraitdə müasir çağırışları nəzərə alaraq, biz, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bu ölkənin vətəndaşları kimi problemlərin həlli istiqamətində səylərimizi birləşdirmək, ideyalarımızı və fəaliyyətimizi sizinlə bölüşmək qərarına gəldik.

Bu Manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etməyə, çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk”, sənəddə qeyd edilir.

“Biz gələcəyimizə inanırıq! Hədəfimiz azad, ədalətli və demokratik Azərbaycandır! Toplumumuzun yaradıcı və işıqlı gücü bizi bu hədəfə çatdıracaq!”, qurum bu şüarlarla çıxış edir.

XS
SM
MD
LG