Accessibility links

Hökumət Avropa Məhkəməsinin qərarlarını və beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırılıb

Azərbaycan hökuməti beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərini sonadək yerinə yetirmir, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər var, BMT-nin insan hüquqlarını müdafiə mexanizmlərinin yerinə yetirilməsində və bu sahədə əməkdaşılıqda durum yaxşı vəziyyətdə deyil.

Aprelin 27-də Sivil Tomlum Platformasının “Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu” mövzusunda keçirdiyi forumun əsas müzakirə mövzuları bunlar olub.

Forumda çoxsaylı Qeyri Hökumət Təşkilatlarının rəhbərləri, diplomatik korpusların təmsilçiləri və Ombudsman Aparatının nümayəndəsi iştirak edib. Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Milli Məclisin müvafiq komitələri dəvət edilsə də tədbirə qatılmayıb.

Sivil Toplum Platformasının forumu

Sivil Toplum Platformasının forumu

​"​Milli Məclisin “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya Qanunu layihəsinin müzakirəsi və plenar iclasa tövsiyə edilməsi açıq şəkildə konstitusiya ilə müəyyən edilmiş hüdudları aşmaqdır və konstitusiyanın ciddi şəkildə pozulmasıdır". Hüquqşünas Ələsgər Məmmədli Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilmiş qanun layihəsinin Azərbaycanın beynəlxalq öhdəliklərinin əleyhinə yönəldiyini bildirib.

Qanun layihəsi dövlətlərarası sənədlərin yerli məhkəmələr tərəfindən müvafiqliyi təsdiq edildikdən sonra tətbiqini nəzərdə tutur. Bu səpkili qanun bundan öncə Rusiyada qəbul edilib.

Bu sənədin Milli Məclisin müzakirəsinə çıxarılması parlamentin səlahiyyətlərini aşması deməkdir.

Ələsgər Məmmədli

“Bu sənədin Milli Məclisin müzakirəsinə çıxarılması parlamentin səlahiyyətlərini aşması deməkdir. Konstitusiyaya görə insan hüquq və azadlıqları ilə bağlı olan konstitusiya qanunları referendum yolu ilə qəbul edilməlidir. Bu layihə həmçinin Azərbaycanın imzaladığı Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir. Konstitusiyaya görə Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər ölkədə birbaşa qüvvəyə malikdir”, hüquqşünas qeyd edib.

Hüquqşünas Xalid Bağırov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 110-dan çox qərarının olduğunu bildirib. Onun sözlərinə görə, qərarlarda nəzərdə tutulan kompensasiyalar ödənilir, ancaq ümumi tədbirlər həyata keçirilmir.

Avropa Məhkəməsi tarixində seçki hüququ üzrə 47 üzv dövlətə qarşı 40-dək qərar qəbul edib. Bu qərarlardan 17-si yalnız Azərbaycana qarşıdır.

Xalid Bağırov

“Avropa Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (Yaşamaq hüququ) üzrə iki qərarı var və bu qərarlar hökumət tərfindən yerinə yetirilməyib, effektiv araşdırma mexanizmi yaradılmayıb. Məhkəmənin konvensiyanın 3-cü maddəsi (İşgəncələrin qadağan olunması) üzrə 18 qərarı var. Qərarların 14-də dövlət orqanları tərəfindən vətəndaşlar pis rəftara məruz qalıb. Bu sahədə araşdırma mexanizmi yoxdur və cəzalandırılan olmayıb. Kütləvi aksiyalarda pis rəftara görə də heç kim cəzalandırılmayıb. 5-ci maddə üzrə (Azadlıq və toxunulmazlıq hüququ) məhkəmənin 18 qərarı var. Bu sahədə də qərarlar yerinə yetirilmir. İlqar Məmmədov, Əli İnsanov barədə Avropa Məhkəməsinin qərarları umumiyyətlə yerinə yetirilməyib. 6-cı maddə üzrə (Ədalətli məhkəmə araşdırılması hüququ) Avropa Məhkəməsi Azərbaycana qarşı 52 qərar qəbul edib. Hökumət bu sahədə yerli məhkəmələrin qərarlarına yenidən baxmır, qərarların icrasını ləngidir. Bununla yanaşı, Azərbaycana qarşı mülkiyyət hüququnun pozulması ilə bağlı 2, fikri azad ifadə etmək hüququ üzrə 2, yığıncaq və toplaşmaq hüququ üzrə 11, hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin həddi ilə bağlı da 2 qərar var”, o qeyd edib.

Hüquqşünas seçki hüququ üzrə Azərbaycanın Avropada “çempion” olduğunu deyib.

“Avropa Məhkəməsi tarixində seçki hüququ üzrə 47 üzv dövlətə qarşı 40-dək qərar qəbul edib. Bu qərarlardan 17-si yalnız Azərbaycana qarşıdır. Seçki hüququ üzrə Azərbaycana qarşı qərarlarda bəzən bir neçə şikayətin bir qərarda əksini tapdığını nəzərə alsaq, sayı daha da artırmaq olar. Hətta seçkilərdə eyni pozuntu üzrə eyni şəxslər təkrarən məhkəməyə müraciət edib”, o qeyd edib.

Məruzəçilər Azərbaycanın BMT-nin insan hüquqları ilə bağlı çoxsaylı tövsiyələrini yerinə yetirmədiyini vurğulayıb. 2010-2015-ci illərdə işgəncə və pis rəftarla bağlı Penitensiar Xidmətdən 334, Daxili İşlər Nazirliyi sistemindən 984, prokurorluq orqanlarından 677 şikayət daxil olub.

2010-2015-ci illərdə işgəncə və pis rəftarla bağlı Penitensiar Xidmətdən 334, Daxili İşlər Nazirliyi sistemindən 984, prokurorluq orqanlarından 677 şikayət daxil olub.

Ziya Quliyev

“BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bu faktların araşdırılmasını və məlumat verilməsini tələb edir. Ölkədə əsas problemlər kimi Ombudsman Aparatına daxil olan şikayətlərin sayı və baxılması, gender bərabərliyinin pozulması, regionlarda vəkillərin azlığı (ölkədə cəmi 900 vəkillik hüququ olan şəxs var), əcnəbi olmayan şəxslərin deportasiyası, işgəncə faktlarının araşdırılmaması, gücün etik davranış qaydalarına uyğun tətbiq edilməməsi, ədalətli məhkəmə araşdırmasının olmaması, məhkəmələrdə korrupsiya, alternativ hərbi xidmətin olmaması, ifadə azadlığına məhdudiyyətlər, toplaşmaq azadlığının məhdudlaşdırılması, diffamasiya haqqında qanunun qəbul edilməməsi, hüquq müdafiəçilərinin həbsi, pis rəftar, vəkillərin müstəqilliyinin təmin edilməməsi, işgəncə yolu ilə sübutların əldə edilməsi göstərilir”, hüquqşünas Ziya Quliyev qeyd edib.

Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və Avropa Məhkəməsinin qərarlarının icra vəziyyətinə nəzarət edən qurum təsis edilməlidir.

Heç bir qurum Avropa Məhkəməsinin qərarlarının nə vaxt Ali Məhkəmənin plenumunda baxılacağına, qərarların icra vəziyyətinə görə cavabdeh deyil.

Əsabəli Mustafayev

“Praktikada Avropa Məhkəməsinin qərarlarının icrası və kompensasiyaların ödənilməsinə nəzarət edəcək Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi var. O şəxs də Prezident Administrasiyasında oturur. Heç bir qurum Avropa Məhkəməsinin qərarlarının nə vaxt Ali Məhkəmənin plenumunda baxılacağına, qərarların icra vəziyyətinə görə cavabdeh deyil”, o qeyd edib.

Hüquqşünas 9 şəxsin mülkiyyət hüququnun bərpası ilə bağlı Avropa Məhkəməsinin qərarının icra edilmədiyini diqqətə çatdırıb.

Ombudsman institutu bütün saxlanma yerlərində, həbsxanalarda monitorinqlər aparır. İndiyədək işgəncə faktları ilə bağlı bir dənə belə şikayət daxil olmayıb. Ölkədə insan haqları ilə bağlı çoxsaylı müsbət addımlar atılıb, dövlət proqramları qəbul edilib. Başlıcası isə bu sahə ilə bağlı ölkədə siyasi iradə var.

Faiq Ağayev

Bu arada Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev deyilənlərlə razılaşmır. O bildirib ki, ölkədə insan hüquqları sahəsində müsbət addımlar atılır.

“Ombudsman institutu bütün saxlanma yerlərində, həbsxanalarda monitorinqlər aparır. İndiyədək işgəncə faktları ilə bağlı bir dənə belə şikayət daxil olmayıb. Ölkədə insan haqları ilə bağlı çoxsaylı müsbət addımlar atılıb, dövlət proqramları qəbul edilib. Başlıcası isə bu sahə ilə bağlı ölkədə siyasi iradə var. Azərbaycan çoxsaylı beynəlxalq təşkilatların üzvüdür, sənədlərə qoşulub. Ombudsman parlament qarşısında insan hüquqlarının durumu ilə bağlı hesabatla çıxış edir”, o qeyd edib.

Azad dünyadan fərqli olaraq Rusiya avtoritar rejimlərin genişlənməsində maraqlıdır.

İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Azərbaycanda insan hüquqları ilə bağlı mürtəce addımların atılmasında yerli hakimiyyətlə yanaşı, Rusiyanı günahkar bilir.

“İnsan hüquqlarına qarşı qərarların təşəbbüsləri Moskvadan gəlir. Azad dünyadan fərqli olaraq Rusiya avtoritar rejimlərin genişlənməsində maraqlıdır. Bu gün Azərbaycanın Rusiya tərəfindən işğalı günüdür. Biz Rusiyanın qeyri-demokratik sifarişlərinin qarşısını almalıyıq”, Qəmbər deyib.

Müzakirələrdə Avropa Məhkəməsində şikayətlərə çox gec baxılması, qərarların yerinə yetirilməsi mexanizmlərinin olmaması da əsas müzakirə mövzularından olub.

Sivil Toplum Platformasının üzvü, forumun moderatoru Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində rəsmi şəxslərin dinləmələrə qatılmamasını qınayıb. Onun fikrincə, hökumət bu sahədə təcili islahatlar aparmasa beynəlxalq ictimaiyyətin qınaqları daha artacaq.

O, parlamentin son dövrlər insan hüquqlarının məhdudlaşıdırılması ilə bağlı qanunlara etdiyi düzəlişlərin aradan qaldırlmasını, hokumətin kionstitusiya öhdəliklərinə əməl etməsini vacib sayır.

XS
SM
MD
LG