Accessibility links

Cəmil Həsənli: Hökumət islahatdan qorxur [ Video-Müsahibə]


Milli Şuranın sədri Amerikanın Səsinə müsahibəsində ölkədəki iqtisadi-sosial və ictimai-siyasi durumdan danışıb

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində qurumun iyunun 4-də keçirilən sessiyasının xalqa müraciəti, ölkədə ictimia-siyasi, sosial-iqtisadi durum, Avropa Birliyinə daxil olan ölkələrin səfirləri ilə görüş və kütləvi aksiyalardan danışıb.

Amerikanın Səsi: Milli Şuranın son sessiyasının cəmiyyətə, hökumətə və beynəlxalq ictimaiyyətə əsas mesajları nə oldu?

Monopoliyanın qabağı alınmalıdır, korrupsiyanın qarşısı alınmalıdır, insan haqlarına hörmətlə yanaşılmalıdır.

Cəmil Həsənli: İyunun 4-də Milli Şuranın növbəti sessiyasını keçirdik. Burada ictimai-siyasi vəziyyətin müzakirəsi, təşkilatı məsələlər, cari məsələlərə baxıldı. Milli Şurada çox mühüm bir sənəd, - Milli Şuranın Azərbaycan xalqına müraciəti qəbul edildi. Burada sosial-iqtisadi vəziyyət, siyasi məhbuslarla bağlı vəziyyət, Qarabağ cəbhəsində vəziyyət, Azərbaycanın böhran iqtisadiyyatının vəziyyəti əks olunub. Əsas mesaj nədən ibarətdir? İslahatlar getməlidir. Azərbaycan üzünü Avropaya tutursa, burada həmin cəmiyyətin, həmin ailəmin qaydalarına uyğunlaşmaq üçün islahatlar edilməlidir. Monopoliyanın qabağı alınmalıdır, korrupsiyanın qarşısı alınmalıdır, insan haqlarına hörmətlə yanaşılmalıdır. Azərbaycan özünü azad və mədəni cəmiyyətin bir hissəsi hesab etmək istəyirsə hökmən sosial-iqtisadi, hüquqi islahatlar keçirilməlidir. Bu günləri heç kəsə sirr deyil ki, Əliyev hakimiyyəti, Əliyev rejimi Azərbaycanın məhkəmə sistemini, hüquq sistemini bir karikaturaya çevirib. Bir tərəfdən azad məhkəmə yoxdur, o biri tərəfdən bütün dünyaya müraciət edirlər, gəlin Azərbaycana investisiya qoyun. Azad məhkəmə sistemi, siyasi və iqtisadi azadlıqlar olmayan yerdə bu çağırışın heç bir əhəmiyyəti yoxdur.

Amerikanın Səsi: Bu günlərdə Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı dilomatik missiyalarının rəhbərləri ilə görüşünüz olub. Görüşün əsas mövzusu nə idi, nə ətrafında söhbətlər apardınız?

Cəmil Həsənli: Görüşdə əsas müzakirələr sosial-iqtisadi islahatların vacibliyi, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin ağırlığı və ondan çıxış yolları, Qarabağ ətrafında aprelin əvvəllərində cərəyan etmiş hadisələrlə bağlı müəyyən müzakirələr keçirdik. Milli Şura olaraq bizim əsas hədəfimiz Azərbaycanı Avropa cəmiyyətinin, Avropa təşkilatlarının və Avropa strukturlarının içərisində görməkdir.

Amerikanın Səsi: Milli Şuranın ölkədəki hazırki iqtisadi-sosial və istimai-siyasi durumla bağlı yeni təklifləri varmı? Hökumətlə bu istiqamtədə müzakirələrə hazırsınızmı?

Azərbaycan hakimiyyəti islahat keçirmək, yəni cəmiyyətin böhrandan müdafiəsi, ölkənin sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün islahat keçirmək fikrində deyil.

Cəmil Həsənli: Bu məsələ çox yerlərdə müzakirə edilir, qaldırılır. Birincisi, Azərbaycan hakimiyyəti islahat aparmaq qüdrətinə malik deyil. Çünki, o islahatdan qorxur. Yəni, bütün hallarda azad, demokratik, sosial-iqtisadi islahatları o özünə qarşı görür. Ona görə də bu islahatlara çox ehtiyatla yanaşır. Düzünü deyim ki, mən əmin deyiləm ki, Azərbaycan hakimiyyəti ölkədə real islahatlar keçirəcək. İkinci bir tərəfdən, Azərbaycan hakimiyyəti müxalifətə və müstəqil fikirli adamlara düşməncəsinə yanaşır. Nə özü bir şey bacarır, nə özü bir şey etmək istəyir, nə də ağıllı təklifləri, fikriləri qəbul etmək əzmində deyil. Şübhəsiz ki, bizim bir təşkilat olaraq belə bir təkliflərimiz, böhrandan çıxışla bağlı, Azərbaycanın Avrointeqrasiya yoluna qədəm qoyması ilə bağlı, ölkədə maliyyə böhranının dərinləşməsinin qarşısını almaq istiqamətində müəyyən fikir və mülahizələrimiz var. Hətta, Milli Şuranın üzvü Əli Kərimli bir müddət əvvəl, böhran başlayanda o, təkliflərin bir hissəsini səsləndirdi. Amma, nəticə nədən ibarətdir. Azərbaycan hakimiyyəti islahat keçirmək, yəni cəmiyyətin böhrandan müdafiəsi, ölkənin sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün islahat keçirmək fikrində deyil. Siz prezidentin verdiyi sərəncamlara diqqət yetirmiş osanız, görərsiniz ki, bir sərəncam bu həftə verildi, gələn həftə ləğv edildi. Niyə? Çünki, monopolist dairələrin, korrupsioner dairələrin maraqlarına toxunan məsələlər var idi ki, bir həftə-on gündən uzun çəkmədi, o sərəncamlar.

Amerikanın Səsi: Kütləvi aksiyalar keçirməklə bağlı Milli Şuranın qərarları varmı?

Cəmil Həsənli: Əlbəttə, indiki sosial-iqtisadi durum, əhalinin vəziyyəti və əhalinin böhrandan müdafiə olunmaması, elə bir sosial vəziyyət yaradıb ki, şübhəsiz ki, geniş xalq kütlələrini böhranın ağırlığından müdafiə etmək üçün kütləvi aksiyalara ehtiyac var. Bu istiqamətdə sessiyada da müüəyyən söhbətlər oldu, onun davamı da Koordinasiya Mərkəzinin toplantılarında olacaq.

Müəlliflərdən: Öz növbəsində, hökumət ölkədə istisadi, maliyyə, sosial və struktur islahatlarının davam etdirildiyini bildirir. Dövlət rəsmiləri azad məhkəmə sisteminin yaradıldığını, demokratik azadlıqların təmin edildiyini və insan haqlarına hörmətlə yanaşıldığını bəyan edir. Bununla yanaşı, Amnesty İnternational ölkədə çoxsaylı insanı “vicdan məhbusu” elan edib, bir sıra beynəlxalq təşkilatlar isə Azərbaycan hakimiyyətini demokratik azadlıqlara hörmətlə yanaşmağa çağırır.

XS
SM
MD
LG