Accessibility links

Avqustun 4-ü ABŞ prezidentinin 55 yaşı tamam olur

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı ad günü münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ad gününüz münasibətilə sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları dostluq əlaqələri üzərində qurulmuş sıx və çoxşaxəli əməkdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla davam edir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

İkitərəfli münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsində, əməkdaşlığımızın gündən-günə genişlənməsində sizin xidmətləriniz böyükdür. İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Eyni zamanda biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Belə əlamətdar gündə bir daha sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm".

XS
SM
MD
LG