Accessibility links

Sabir Rüstəmxanlı: Türklərin haqqı verilməsə, İran parçalanacaq [Video-Müsahibə]


Dünya Azərbaycanlıları Konqersinin həmsədrinin 21 Azər - Milli Hökumətlə bağlı Amerikanın Səsinə müsahibəsi

Dünya Azərbaycanlıları Konqersinin həmsədri Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibəsində 21 Azər - Azərbaycan Milli Hökumətinin 69-cu ildönümü, o dövrdə aparılan islaghatlar, İranda yaşayan azərbaycanlıların milli-mədəni haqları, prezident Həsən Ruhaninin İran Azərbaycanı ilə bağlı vədlərindən danışıb.

Amerikanın Səsi: 21 Azərin tarixi dərsləri nədir?

Milli Hökumət Azərbaycanın təxmini sərhədləri müəyyənləşdirdi və yeni dövr üçün Azərbaycanın bütövlük idelaının təməlini qoydu.

Sabir Rüstəmxanlı: 21 Azər Azərbaycanın tarixində çox böyük hadisədir. 1945-ci il dekabrın 21-də Güney Azərbaycanda milli hökumət quruldu. Ondan öncə Azərbaycan Demokrat Partiyası qurulmuşdu. Partiyanın başında Seyid Cəfər Pişəvəri dururdu. Həmin Partiyanın başçılığı ilə xalq öz gücünü toplayaraq milli hökumət qurdu. Bu milli hökumət göstərdi ki, Güney Azərbaycan xalqı İran cəhaləti içərisində yaşamasına baxmayaraq demokratiya, azadlıq, müstəqilliyə hazırdır. Bir il ərzində bu dövlət seçkilər keçirdi, torpaq islahatı apardı, müstəqil universitet yaratdı, teatr və flarmoniya qurdu, Türk dilini Güney Azərbaycanın dövlət dili elan etdi, mətbəələr quruldu, kitab nəşri başladı. Bütün əyalətlərdə ibtidai və orta məktəblər quruldu. Milli Hökumət Bütöv Azərbaycanın mənəvi ideyasını, enerjisini, gücünü bir araya gətirdi. Bu dövlət məcbur etdi ki, irticaçı Tehran rejimi Güney Azərbaycanla müqavilə bağlasın, onunla sazişə girsin.Belə bir saziş 1946-cı ildə bağlandı. Baxmayaraq İran rejimi xəyanəıt etdi, bu sazişi pozdu Güney Azərbaycan Milli Hökuməti gələcək dövlətçilik üçün bir təməl hazırladı. Azərbaycanın təxmini sərhədləri müəyyənləşdirildi və yeni dövr üçün, - bu günkü, gələcək günlər üçün Azərbaycanın bağımsızlıq və bütövlük idelaının təməlini qoydu.

Amerikanın Səsi: İranda yaşayan azərbaycanlılar hələ də Pişəvəri dövrünün islahatlarına çata bilməyib. Təbii ki, o dövrdə Azərbaycan dili dövlət dili elan edildi, Azərbaycan dilində məktəblər, universitet açıldı, qəzetlər nəşrə başladı. Bu gün vəziyyət necədir?

Əslində Güney Azərbaycanda bu gün çox ciddi milli oyanış var. Oyanışın nəticələrini də görəcəyik.

Sabir Rüstəmxanlı: Bu gün Güney Azərbaycan bütün parametrlər üzrə 1945-1946-cı illərdən daha irəlidədir. İnkişaf etmiş bir xalq var və öz tarixini bilən, öz gələcəyini görən bir xalq var. Amma sadəcə olaraq müəyyən şərait yetişməyib, o şəraiti gözləyirlər. Bir də Quzey Azərbaycanda bizim dövlətimizin qurulması çox böyük bir ibrətdir və güneydə bunun ciddi təsiri olacaq. Hesab edirəm ki, Güney Azərbaycanın bu gün biz qeyd etdiyimiz Milli Hökumət xatirəsi və Milli Hökumət ənənələri onun gələcəyinə işıq salır. Əslində Güney Azərbaycanda bu gün çox ciddi milli oyanış var. Oyanışın nəticələrini də görəcəyik.

Amerikanın Səsi: Prezident Həsən Ruhani Təbrizdə azərbaycanlılar qarşısında söz verdi ki, onların dilində məktəb açılacaq, dillərinə hörmət ediləcək. İranın bu günkühökumətinə sözünüz?

Amma İran rəhbərləri öz dövlətləri üçün təhlükəni özləri yaradır.

Sabir Rüstəmxanlı: Ruhani mahiyyət etibarı ilə əvvəlki dövlət başçılarından heç nə ilə fərqlənmir. Əvvəlcə deyilir Azərbaycan dilində məktəb açılacaq, dalınca isə deyirlər öncə bunun müəllimləri hazırlanmalıdır. Güneydə istənilən qədər ana dili müəllimləri var, lazım olsa Azərbaycandan və Türkiyədən də dəvət etmək olar. Əsas məsələ istəyin olmasıdır. Mən İran rəhbərlərinə, dini rəhbərinə məktub da yazmışdım. İndiki prezidentinə də üzümü tutub deyirəm, - İranın bir dövlət kimi bütöv, güclü qalmağını,(İran bizim qonşumuzdur və əslində İrana öz dövlətimiz kimi baxırıq, İran tarixən bir türk dövləti olub) bütövlüyünün qorunub saxlanmasını istəyirsinizsə İranda yaşayan türklərin haqqını verməlisiniz. Türklərin haqqı verilməsə bizim müdaxiləmiz olmadan İran öz içindən parçalanacaq. İranda Qüzey Azərbaycanın (Azərbaycan Respublikasının) heç bir təhlükəsi yoxdur. Biz onların daxili işinə qarışmırıq. Amma İran rəhbərləri öz dövlətləri üçün təhlükəni özləri yaradır. Öz millətlərinə sayğısızlıqla, öz millətlərinin haqqını ayaqlamaqla İranın gələcək bütövlüyünü şübhə altına alırlar.

XS
SM
MD
LG