Accessibility links

Tofiq Zülfiqarov: Ermənilər ya real danışıqlar aparacaq, ya da hərbi cavab alacaq [Video-Müsahibə]


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında perspektivlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburqda münaqişənin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib. Ermənistan bunu təkzib edib. Rusiya Xarici İşlər Nazirinin mətbuat katibi isə bəyantaları “əsassız və məsuliyyətsiz” adlandırıb. Sizcə, Sankt-Peterburq danışıqlarında nə baş verib?

Tofiq Zülfüqarov: Birincisi, onu qeyd etmək lazımdır ki, orada deyilən məsələlər həm də mərhələli adlandırıla bilər, - mən Novuz Məmmədovun açıqlamasını nəzərdə tuturam, - həm də Madrid prinsipləri adlandırıla bilər. Çünk, onun dedikləri, elə Madrid prinsipləridir. Bu, sirr deyil. Bunlar var, mövcuddur. İkinci bir məsələyə toxunmaq istəyirəm. Erməni tərəfi elə göstərmək istəyir ki, 3 prezident ona görə yığışıb ki, mənim hörmət etdiyim səfir Anjey Kaspirşikin missiyasının mandatının elə bil təzə redaksiyasını qəbul etsin. Bu bir az gülməli gəlir. Çünki, onun mandatı qəbul olunanda prezidentlərin iştirakı olmayıb. Çünki, mən o prosesin içində idim. İndi də, onun mandatının təzə redaksiyasını qəbul etmək üçün 3 prezident Sankt-Peterburqda yığışıb? Yəni, bu qeyri-ciddi yanaşmadır. Ermənilərin iddialarıdır, guya sadəcə müzakirə olunan məsələlər bundan ibarətdir. Xanım Zaxarovanın (Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü -red) bəyanatı heç də Novruz müəllimin bəyanatına birbaşa aid deyil. Orada nə ad çəkilib, nə də qeyd olunub. Məsuliyyətsiz bəyanat,- elə Nalbandyanın da bəyanatı məsuliyyətsiz bəyanat kimi qiymətləndirilib və digər şəxslərin də. Yəni orada ad yoxdur, bir şey yoxdur. Yenə, biz burada Ermənistanın Rusiyada diaspora imkanlarından istifadə edərək prosesləri dəyişmək, ya da ona kölgə salmaq cəhdini nəzərə almalıyıq.

Inanmıram ki, bu cür yanaşma Ermənistan üçün hansısa perspektivlər verə bilər. Həm Vyana görüşü, həm də Sankt-Peterburq görüşü ondan irəli gəlib ki, aprel döyüşlərindən sonra məlum olub ki, Azərbaycanın hərbi imkanları Ermənistanın hərbi imkanlarından qat-qat çoxdur. Və bu döyüşlər, göstərib ki, artıq balans yoxdur. Hərbi balans mövcud deyil. Bunu və bundan irəli gələrərək tərəflərin mövqeyində yaranmış dəyişiklikləri müzakirə edirdilər.

Amerikanın Səsi: Siz Ermənistan-Azərbaycan münaqişəsinin vaxtı ilə mərhələli və paket həll variantlarının müzakirələrində iştirak edibsiniz? Bu variantların fərqli və oxşar cəhətlərini necə xarakterizə edərdiniz? Sülhə aparan yol haradan keçir?

Tofiq Zülfüqarov: Əslinə qalsa, paket variantı mövcud deyil. Çünki, paket variantında da bəzi hissələri ilkin mərhələdə, bəzi hissələri son mərhələdə həll edilməlidir və s. Niyə erməni tərəfi paket variantına guya ki, üstünlük verir? Onların istədiyi çox sadədir. Onu deyə bilmirlər. Amma, çox sadə məfhumdan ibarətdir. Söhbət nədən gedir? Onlar istəyirlər ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı Azərbaycanın bəyanatını dəyişdirsinlər ki, guya ki, Azərbaycan qəbul edir ki, artıq Dağlıq Qarabağ müstəqildir. Və onlar ona paket variantı deyirlər. Demək olar ki, onlar Azərbaycanın kapituliyasiyasını tələb edirlər. Yəni, onların paketi bu şəkildə təqdim olunur. Ya da deyirlər ki, artıq bu paket variantında qeyd olunsun ki, məsələn, bir ildən sonra Dağlıq Qarabağda referendum keçirilir. Dağlıq Qarabağda azərbaycanlılar qalmayıb, etnik təmizləmə olub, ikincisi də Dağlıq Qarabağda referendum keçirmək Azərbaycanın Konstitusiyasına ziddir. Mən inanmıram ki, bunu Azərbaycan tərəfi hansısa şəkildə qəbul edəcək. Çünki, Konstitusiyaya görə Azərbaycanda referendum bir ölkənin bir hissəsində yox, bütün ölkədə keçirilməlidir. Yəni, bu baxımdan, biz yenə də ermənilərin oyunları ilə rastlaşırıq.

Amerikanın Səsi: Danışıqlarda əsas ziddiyyətli məqam bir qayda olaraq ərazi bütövlüyü və müqəddaratın təyin edilməsi prinsipləri olub. Burada tərəfləri qane edəcək ortaq mövqe nə ola bilər?

Tofiq Zülfüqarov: Siz dediyiniz, bu prinsiplərin toqquşması Lissabondan qabaq olub. Artıq ATƏT bu məsələlərlə məşğul olan, vasitəçilik edən Minsk qrupu Lissabon sammitində qərar qəbul edib. Qərar da ondan ibarətdir ki, artıq ermənilərin Dağlıq Qarabağda müqəddaratı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Çünki, heç yerdə yazılmayıb ki, hansısa icmanın, hansısa milli azlığın müqəddaratı təkcə müstəqil dövlətin yaranması ilə bağlı olmalıdır. Çünki, siyasi təcrübə göstərib ki, müqəddarat müxtəlif ola bilər. Muxtariyyət şəklində, federasiya, konfederasiya şəklində və s. formaları mövcuddur. Məsələn, tatar xalqı öz müqəddaratını Rusiyanın tərkibində federasiya şəklində həll edib. Burada heç bir ziddiyyət yoxdur. Sadəcə, bu terminlərin oyunu, vaxt uzatmaq və dünya ictimaiyyətinin fikrini yayındırmaqdır.

Amerikanın Səsi: ABŞ-ın təşəbbüsü ilə keçirilən Vyana görüşü və Rusiyanın təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşü bir-birini tamamlayırmı? Bu iki görüşdə münaqişənin ümumi və xüsusi məqamları ilə bağlı müzalkirə edilən hansı məsələlər diqqəti cəlb edir? Sankt-Peterburq görüşü gələcək perspektivdə danışıqlarda müsbət nəticələrə yol aça bilərmi?

Tofiq Zülfüqarov: Əlbəttə, bu görüşlərdə ermənilər göstərmək istəyir ki, orada söhbət sadəcə atəşkəs rejiminin güclənməsindən gedir və s. Amma, məsələ daha ciddidir. Çünki, Ermənistanın həm hərbi, həm siyasi, həm mental fikrində Rusiya faktoru mövcuddur. İndi isə biz əgər retrospektiv (Keçmişə müraciət; keçmişi nəzərə alan baxışlar sistemi-red) aparsaq ermənilər konfliktin əvvəlində deyirdilər ki, biz ermənilərin təhlükəsizliyini təmin etmək istəyirik. Sonra Azərbaycan ərazilərini işğal edəndən sonra dedilər ki, biz bunu bufer zonası kimi təhlükəsizlik üçün etmişik. İndi isə, axırıncı mövqeləri ondan ibarətdir ki, artıq bu sərhəddir, yəni bu işğalda olan Azərbaycan əraziləri dirnaqarası Qarabağ respublikasının ərazisidir. Yəni, bu, hər mərhələdə ermənilərin artan tamahıdır və onun arxasında Rusiya dayanmaq istəmir. Onu da deyim ki, aprel döyüşləri bunu göstərib ki, Rusiya bunların istəklərini, xülyalarını dəstəkləmək niyyətində deyil. Nə Rusiya əsgərlərini göndərmək istəyir, nə də silah göndərmək istəyir.

Çünki, Azərbaycan son 10 ildə silah alınmasına 20 milyard dollardan çox vəsait sərf edib. İndi havayı silah yoxdur. Əgər ermənilər belə silah istəyirlərsə, bu 20 milyardlıq silahı kimdi onlara verən? Yoxdur belə bir ölkə. Bu baxımdan ermənilər çox ciddi seçimin qabağında dururlar. Ya real siyasət, ya real danışıqlar aparılacaq, ya da hərbi cəhətdən onlar öz cavabını alacaqlar. Və Azərbaycan təkbaşına BMT-nin qətnamələrini yerinə yetirəcək.

XS
SM
MD
LG