Accessibility links

İlham Əliyev Ermənistana qarşı beynəlxalq sanksiyalara çağırıb


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclasında bu barədə çıxış edib

Prezident İlham Əliyev beynəlxalq birliyi ikili standartlarda və Ermənistana qarşı sanksiya tətbiq etməməkdə ittiham edib.

“Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırım törədib. Xocalı soyqırımını törədib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmayıb. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir.”, - İ.Əliyev aprelin 13-də Nazirlər Kabinetinin iclasında bildirib.

“Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq.

Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyil.

Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq.

Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu.

Bizə qarşı etnik təmizləmə aparılıb, soyqırım törədilib. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilib. Hesab edirlər ki, bu məqbuldur. Buna dözmək mümkün deyil. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik.

O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq.

Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırıb. Bu gün Azərbaycan ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır.

Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat var, daha da artacaq. Biz daha da güclü olmalıyıq və olacağıq”, - dövlət başçısı bildirib.
XS
SM
MD
LG