Accessibility links

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Ədliyyə Nazirliyini məhkəməyə verib [Video-müsahibə]


Amerikanın Səsinə müsahibəsində Akif Qurbanov qeydiyyata alınmamasının səbəbini siyasi fəaliyyəti ilə dəyərləndirib

Aprelin 16-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində (RATİ) QHT-lərin qeydiyyata alınmaması məsələsinə həsr edilmiş ictimai müzakirə keçirilib.

Tədbir Demokratik Təşəbbüslər İnstitutu (DTİ) tərəfindən təşkil edilib.

Müzakirələr zamanı qeyd edilib ki, müstəqil QHT-lərin problemləri təkcə qeydiyyatdan imtina ilə bitmir.

Son illər qanunvericiliyə ictimai birliklərin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirən mürtəce düzəlişlər edilib. Belə ki, onların maliyyələşdirilmə mənbələri məhdudlaşdırılıb, texniki səhvlərə görə böyük cərimələr müəyyən edilib.

Ədliyyə Nazirliyinin qeydiyyatından üç dəfə imtina etdiyi yeni müstəqil QHT-lərdən biri olan DTİ bu qurumu məhkəməyə vermək niyyətindədir. DTİ rəhbəri, MSK üzvü Akif Qurbanov bildirib ki, iddiaya aprelin 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılacaq.

O, Ədliyyə Nazirliyinin əməllərini vətəndaş cəmiyyətinə məhəl qoymamaq kimi dəyərləndirib.

2005-ci ildən hakimiyyət partiyalara, QHT-lərə və mediaya total hücumlar edir, deyə o bildirib.

Demokratik İnstitutlar və İnsan Hüquqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev qeyd edib ki, hazırda Azərbaycanda 3 minə yaxın qeydiyyatdan keçmiş və təxminən 2 min qeydiyyata alınmamış QHT var.

Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyatı məsələsini siyasi prosesə çevirib.
QHT-nin profilindən asılı olaraq həmin sahəyə aid nazirliklərə bu QHT-nin nə dərəcədə etibarlı olduğunu və qeydiyyata alınmalı olub-olmadığını aydınlaşdırmaq üçün gizlicə sorğu göndərilir.

Bununla belə, Abdullayev belə bir fikir bildirib ki, QHT-lər öz hüquqları uğrunda adekvat fəaliyyət həyata keçirmir. Qeydiyyata alınmamış 2 min QHT-dən cəmi 400-ü məhkəmələrə müraciət edib, onların yarısı isə öz hüquqlarının müdafiəsini davam etdirməyib.

“Hüquq və inkişaf” QHT-nin rəhbəri Hafiz Həsənov deyib ki, Strasburq məhkəməsinin Azərbaycan üzrə 5 presedent qərarının olmasına baxmayaraq, Azərbaycan hakimiyyəti QHT-ləri qeydiyyata almaqdan imtina edir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu sözdə vətəndaş cəmiyyətini dəstəkləyən, əməldə isə hakimiyyətin bu institutları məhv etməsinə imkan verən beynəlxalq təşkilatların “ikiüzlülüyünə” münasibət bildirməyi zəruri hesab edir.

Humanitar Səylər Cəmiyyətinin rəhbəri Əvəz Həsənov vətəndaş cəmiyyətini hakimiyyətin QHT-lərə qarşı repressiv tədbirlərinə qarşı mübarizədə səylərini birləşdirməyə, habelə məhkəmələrdə öz hüquqlarını müdafiə etməyə çağırıb.

Sonda səslənən təklifləri ümumiləşdirərək, hökumətə vətəndaş cəmiyyətinin inkişaf yolunda mövcud olan problemlərin aradan qaldırılması üzrə konkret təkliflər göndərmək qərara alınıb.

Ədliyyə Nazirliyindən isə şərh almaq mümkün olmayıb.
XS
SM
MD
LG