Accessibility links

"Xəzərin Korleoneləri"


2012-ci il, 9 oktyabrda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 12 milyon dollara Vaşinqton mərkəzində beşmərtəbəli imarət aldı. Məqsəd SOCAR-ın ABŞ-dakı fəaliyyətini genişləndirmək idi. 1319 18th St. NW ünvanında yerləşən bu binada vaxtikən Freedom House təşkilatı qərargahlanmışdı, deyə Michael Weiss FP (Xarici Siyasət) onlayn jurnalda Azərbaycan hökumətinin Qərbdəki lobbiçilik fəaliyyətinə həsr olunmuş məqaləsinin girişində yazır.

“Mənim buna heç sözüm yoxdur,” deyə Freedom House təşkilatının icraçı direktoru Jennifer Windsor dəhşətini gizlətmir. “Dünyanın ən qeyri-azad ölkələrindən birinin azadlıq binasına yiyələnməsi ironiyanın ən yüksək formasıdır.”

Weissin yazdığına görə Azərbaycanın sabiq Freedom House binasına yiyələnməsi külli miqdarda pul hesabına ABŞ və Avropa paytaxtlarında qazanılan nüfuzun bəhrəsidir. Zəngin neft yataqlarına malik Azərbaycana rəhbərlik edən İlham Əliyev son bir neçə ildə Konqres üzvlərindən tutmuş iri PR firmalarınadək çoxlu pullar xərcləyərək xaricdə öz imicini parıldatmağa can atır.

İlham Əliyev hökuməti öz mövqeyini üç başlıca arqumentlə əsaslandırır. Birinci olaraq Azərbaycanın dünyəvi müsəlman kimi NATO və İsrail müttəfiqi olduğu vurğulanır. İkincisi, Azərbaycan özünün zəngin enerji resurslarını yüksək təlabatla üzləşən Avropa iqtisadiyyatına Rusiyaya alternativ kimi təklif edir. Üçüncüsü, bu Cənubi Qafqaz ölkəsi Vladimir Putinin Sovet İmperiyasını bərpa etmək səylərinə qarşı müqavimət göstərən strateji qüvvə kimi təqdim olunur.

Dünyanın ən qeyri-azad ölkələrindən birinin azadlıq binasına yiyələnməsi ironiyanın ən yüksək formasıdır.
Jennifer Windsor, Freedom House
Problem ondadır ki, Azərbaycanda insan haqlarının durumu bərbaddır və tədricən daha da pisləşir. Əslində göstərilən səylər Azərbaycan daxilindəki eybəcər siyasi reallıqları pərdələməyə yönəlib. ABŞ-da yerləşən Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinski hesab edir ki, İlham Əliyev hökuməti konqresmenlər və başqa nüfuzlu şəxslərlə təmas qurmaqla Azərbaycandakı cəmiyyətə mesaj göndərmək isyiər. Mesajın qayəsi Azərbaycan xalqına təlqin etməkdir ki, dünyada heç bir qüvvə Əliyevlər ailəsini hakimiyyətdən uzaqlaşdırmağa qadir deyil. “Hər dəfə konqresmen yaxud sabiq konqresmen Azərbaycana təbrik məktubu yollayanda, bu, rejimin Qərbdəki mövqeyini yaxşılaşdırmır, amma ölkə ictimaiyyətinə gedən mesaj budur ki, Azərbaycandan xaricdə vəziyyət heç də fərqli deyil.” Beləliklə, Əliyevlər sivil cəmiyyət fəallarında ruh düşkünlüyü yaratmağa çalışırlar.

Azərbaycanda idarəçiliyin diktatorial əsaslar üzərində qurulduğunu təsvir edən Michael Weiss ölkədə baş alıb gedən repressiyadan, həbslərdən və təqiblərdən yazır. İlham Əliyevin hədəf aldığı adamlar sırasında jurnalistlər, sivil cəmiyyət liderləri və gənc fəallar xüsusi yer alır. “Ölkədə siyasi məhbusların sayını artırmaqla Əliyev Azərbaycanda “qorxu iqlimi “ yaradıb, deyə sabiq ABŞ diplomati Rebecca Vincent bildirir. Əvvəlki illərdə tez-tez əfv fərmanları imzalayan prezidentin əli indi bu praktikadan da soyuyub.
Leyla və Arzu Əliyevalar
Leyla və Arzu Əliyevalar
İlham Əliyevin hakimiyyəti atasından miras aldığını qeyd edən Weiss Əliyevlər sülaləsini hakimiyyətdə ən uzun müddət qalmış sülalələrdən hesab edir. Wikileaks-ın sızdırdığı diplomatik teleqramlarada çılğınlığına və qəddarlığına görə Sonny Korleoneyə bənzədilən İlham Əliyev özünün bütün ailə üzvlərini multi-milyoner edib. Belə ki, atasının adını daşıyan oğlu Heydər hələ 11 yaşında olarkən təkcə Dubayda 44 milyon dollar həcmində imarətlər almışdı. Oxşar miqdarda var-dövlət prezident Əliyevin qızları Arzu və Leyla Əliyevalara məxsusdur.

İlham Əliyevin bu cür açıq şəkildə Qərbdə nüfuz satın almaq cəhdlərini müəllif ABŞ və Avropa hökumətlərinin xaricdə demokratik inkişafa diqqətlərini azaltması ilə əlaqələndirir.

Məqalənin ingiliscə tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.foreignpolicy.com/articles/2014/06/10/the_corleones_of_the_caspian_azerbaijan_lobbying_baku_aliyev

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG