Accessibility links

Tədqiqat obyekti icra, qanunvericilik, məhkəmə hakimiyyətləri, siyasi partiyalar, QHT, media və biznes qurumları olub

İyulun 18-də Bakıda “Transparency Azerbaijan” təşkilatı “Milli şəffaflıq sisteminin qiymətləndirilməsi: Azərbaycan 2014" hesabatını təqdim edib.

Hesabat yerli qanunvericiliyin və təcrübənin təhlili, hakimiyyət orqanları və müstəqil ekspertlər arasında sorğular əsasında tərtib edilib. Tədqiqat icra, qanunvericilik, məhkəmə hakimiyyəti, siyasi partiyalar, QHT, media, biznes orqanlarını əhatə edir.

Layihə Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilib.

"Transparency Azerbaijan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva bildirib ki, araşdırma “Transparency İnternational” təşkilatının dünyanın 100-dən çox ölkəsi üzrə hesabatlarda istifadə edilmiş metodologiyası üzrə hazırlanıb.

"Son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə təsirli addımlar atılmasına baxmayaraq, dövlət və ictimai institutların şəffaflığının, habelə dövlət alqıları sahəsində şəffaflığın artırılması üzrə tədbirlər zəruridir".

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının katibi Vüsal Hüseynov ümumilikdə hesabatı müsbət qiymətləndirib. Onun fikrincə, araşdırma antikorrupsiya mexanizmlərinin gücləndirilməsi üzrə son illər atılmış addımları, institusional strukturların beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsini əks etdirir.

O qeyd edib ki, araşdırma dövlət orqanlarının və vətəndaş cəmiyyətinin əməkdaşlığının göstəricisi olub.

Aİ nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Federik Bern Aİ-nin dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə potensialının və şəffaflığın artırılması üzrə layihələri dəstəklədiyini bildirib.

Xüsusən, Aİ maliyyə və vergilər nazirliklərində tvinninq-layihələr, o cümlədən böyük vergi ödəyiciləri üçün eletron auditin yaradılması üzrə layihələr həyata keçirib. Dünya Bankı ilə birlikdə dövlət xərclərinin qiymətləndirilməsi üzrə layihə həyata keçirmək nəzərdə tutulur.

“Milli şəffaflıq sisteminin qiymətləndirilməsi” layihəsinin koordinatoru Məhəmməd Muradov araşdırmanın özünü təqdim edib.

13 subyekt: dövlət və özəl institutlar, o cümlədən qanunvericilik orqanları, icra hakimiyyəti, məhkəmə hakimiyyəti, dövlət sektoru (dövlət xidməti), hüquq-mühafizə orqanları, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və biznes qurumları araşdırma obyekti olub.

Qiymətləndirmə üç meyar – fəaliyyət qabiliyyəti, idarəçilik və şəffaflıq sistemində rolu, həmçin 5 indikator: resurslar, müstəqillik, şəffaflıq, hesabatlılıq, dürüstlük üzrə həyata keçirilib.

Belə ki, “resurslar” indikatoru üzrə Milli Şəffaflıq Sistemi 100 baldan 66 bal ilə qiymətləndirilib.

İcra hakimiyyəti korrupsiyaya qarşı ən çox mübarizə resurslarına malikdir.

Eyni zamanda, vətəndaş cəmiyyəti və siyasi partiyalar maliyyələşmə, o cümlədən özəl sektor tərəfindən maliyyələşmə sahəsində problemlər yaşayır.

İnsan hüquqları üzrə müvəkkilə əlavə olaraq informasiya ombudsmanı funksiyası verilib, lakin bunun üçün əlavə vəsait ayrılmayıb.

Hesablama Palatasının resurs bazası da məhduddur.

“Müstəqillik” indikatoruna görə, şəffaflığın qiymətləndirilməsi 60 bal təşkil edib.

Burada da icra hakimiyyətinin müstəqilliyi daha çoxdur.

Birinci instansiya məhkəmələri maliyyə məsələlərində və işçilərin ştatının müəyyən edilməsində icra hakimiyyəti orqanından – Ədliyyə Nazirliyindən asılıdır. Ədliyyə naziri həmçinin Məhkəmə-Hüquq Şurasının rəhbəridir.

İcra hakimiyyətindən informasiya alınması nöqteyi-nəzərdən parlamentin imkanları da məhduddur.

“Şəffaflıq” indikatoru üzrə orta bal 53-dür. Burada parlamentin şəffaflığı ilə bağlı problemlər diqqət çəkir, heç bir televiziya kanalı və ya onlayn televiziya ilə debatlar nümayiş olunmur.

Tezliklərin verilməsi üzrə müsabiqlərin keçirilməsində Milli Teleradio Şurasının (MTRŞ) işində şəffaflıq yoxdur.

Qanunvericiliyə 2012-ci il tarixli düzəlişlər də qınağa səbəb olub, həmin düzəlişlərə görə şirkət sahibləri haqqında məlumatlar kommersiya sirrinə aid edilib.

“Hesabatlılıq” indikatoru üzrə qiymətləndirmə 52 bal təşkil edib.

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ictimaiyyət qarşısında hər rüb hesabat verməsinə baxmayaraq, məhkəmələr cinayət işlərinə baxılmasının yekunlaşması haqqında statistika vermir.

Biznes sahəsində şirkətlərin hesabatlılığını icbari edən korporativ idarəetmə haqqında qanun qəbul edilməyib.

Satınalmalar üzrə Dövlət Agentliyini tender komissiyalarına kənardan ekspert cəlb etməyə məcbur edən qanunvericilik norması yoxdur. Bu agentlik də Hesablama Palatasının nəzarəti altında deyil.

“Dürüstlük” meyarı üzrə orta qiymət 54 bal təşkil edir.

Burada söhbət etik məcəlləyə riayət etməkdən gedir. Bu sahədə nöqsanlar arasında deputatların həmkarlarının yerinə səs verməsi qeyd edilir.

Maraqların toqquşması və korrupsiya faktları haqqında informasiya verənlərin müdafiəsi haqqında qanun qəbul edilməsi tövsiyə olunur.

Aşağıdakı üç meyar üzrə ballar belə olub: “fəaliyyət qabiliyyəti” – 63, “idarəçilik” – 53 və “şəffaflıq sistemində rolu” – 46.

Bu zaman sonuncu meyar üzrə ən yüksək bal icra hakimiyyətindədir – 68, bu da “ASAN-xidmət”in yaradılması sayəsində mümkün olub.

Məhkəmə hakimiyyətinin cəmi 37 balı var, bu da onun icra hakimiyyətindən asılılığı ilə bağlıdır.

Hesabatda həmçinin tövsiyələr irəli sürülüb. Xüsusən, deputatların və məmurların gəlirləri haqqında bəyannamə verməsini təmin etmək təklif olunur.

Hesablama Palatasına Satınalmalar üzrə Dövlət Agentliyinin və Neft Fondunun auditini keçirmək üçün səlahiyyətlər, habelə ilkin istintaq aparmaq funksiyaları verilməsi təklif edilir. Həmçinin Milli Teleradio Şurasının şəffaflığını təmin etmək və vətəndaş cəmiyyətini sabit şəkildə maliyyələşdirmək tövsiyə olunur.

XS
SM
MD
LG