Accessibility links

Qulamrza Səbri Təbrizi: Azərbaycanlılar İrana inanmır [Video Müsahibə]


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) rəhbəri Qulamrza Səbri Təbrizi Amerikanın Səsinə müsahibəsində İran prezidenti Həsən Ruhaninin bu ölkədə yaşayan azərbaycanlılara verdiyi vədlərdən və vədinə əməl etməməsinin səbəblərindən danışıb.

“Təəssüf ki, Həsən Ruhani verdiyi vədləri yerinə yetirmədi. Bu da insanları narahat edir və qəzəbləndirib. Ruhani gərək milləti hakimiyyətə qurban verməyə, çünki millət ona səs verib”, deyə Təbrizi qeyd edib.

Onun fikrincə millətlərin ana dilində təhsili ilə bağlı dövlətin davamlı siyasəti olmalıdır. “Bu yoxdursa, haradasa məktəb açdılar, haradasa müəllim təyin etdilər, bunlar süni hərəkətlərdir”.

Amma fakt budur ki, Ruhani hakimiyyətə gələndən sonra həbslər artıb, edamlar çoxalıb.

O, İranda baş verənlərin bütün günahının Həsən Ruhani hökumətində olmadığını güman edir. “Amma fakt budur ki, Ruhani hakimiyyətə gələndən sonra həbslər artıb, edamlar çoxalıb. Mən inanmıram ki, Ruhani insan kimi camaatın ölməsinə razı olar. Elə əllər var ki, ona mane olur”.

Səbri Təbrizi İranda insan hüquqlarının durumunun ağır vəziyyətində Avropa və ABŞ-ın İranla danışıqlarından danışarkən deyib ki, sanksiyalar İranı “ölüm halı”na gətirib.

“Sanksiyalar götürülməsə İran məhv olub gedəcək. Öz pullarını (İran rəsmiləri nəzərdə tutulur-red) banklardan çıxarıb camaata verməyəcəklər ki? Ümid var ki, Avropa ilə danışıqlarda razılıq əldə edilə və pulları alıb camaata verələr. Yoxsa İranda vəziyyət çox ağırdır”.

GAMAC rəhbəri İranın nüvə silahı əldə etməsi ehtimallarına da münasibət bildirib.

İran nüvə silahı əldə etsə dünyanı məhv edəcək. Ümid edirəm ki, o gün gəlməyəcək

“İran nüvə silahı əldə etsə dünyanı məhv edəcək. Ümid edirəm ki, o gün gəlməyəcək”.

Təbrizi Ruhanini İranda yaşayan azərbaycanlılara azadlıq verməyə çağırıb. “Azərbaycan dili gərək azad ola. Azərbaycan ictimai cəhətdən də azad olmalıdır. Fars şovinizmi və mollalar buna düşməndir və Azərbaycanın hər cəhətdən yolunu kəsir. Cənab Ruhani gərək bu siyasətə qarşı ola”.

GAMAC rəhbərinin fikrincə azərbaycanlılar heç zaman İranla düşmənçilik etməyib.

“Azərbaycanlılar İranı müdafiə edib. İran-İraq müharibəsi dövlətlər arasında olmuşdu, amma cəbhədə döyüşənlərin və həlak olanların əksəriyyəti azərbaycanlılardır. Azərbaycanlılar İranı həm davada, həm də sülhdə müdafiə edib. Bunun əvəzində İran hakimiyyəti azərbaycanlılara insan kimi münasibət bəsləmir. Hətta, 2006-cı ildə azərbaycanlıları təhqir də etdilər. İndiyədək bu araşdırılmayıb. Azərbaycanlılar artıq İran dövlətinə inanmır, özü ayaq üstə durmalıdır və duracaq”, o qeyd edib

Müəlliflərdən: İran hökuməti ölkədə bütün millətlərin qanun qarşısında bərabər olduğunu bəyan edir. Hökumət rəsmiləri ölkədə yaşayan azərbaycanlıların digər vətəndaşlarla bərabər hüquqlara malik olduğunu dəfələrlə bəyan edib.

Öz növbəsində beynəlxalq hüquq müdafiə təşkilatları İranda azərbaycanlıların hüquqlarının davamlı pozulduğu barədə bəyanatlarla çıxış edir.

XS
SM
MD
LG