Accessibility links

Dunya Miyatoviç: Azərbaycan hakimiyyətini Rəsul Cəfərovu dərhal azad etməyə çağırıram


ATƏT mərbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç

ATƏT mərbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç

Miyatoviç bəyanatında Azərbaycanda KİV azadlığını dəstəkləyən QHT-lərin təqib olunması ilə bağlı həyəcanını ifadə edib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov həbs olunduqdan sonra KİV-ə hücumların davam etməsindən narahatlığını bildirib.

Miyatoviç bəyanatında Azərbaycanda KİV azadlığını dəstəkləyən QHT-lərin təqib olunması ilə bağlı həyəcanını ifadə edib.

Nəticədə onların işi faktiki olaraq dayandırılıb.

“Görünür, bu hərəkətlər azad fikrin və KİV azadlığının məqsədyönlü şəkildə susdurulmasına yönələn kampaniyanın tərkib hissəsidir.

Mən hakimiyyəti Rəsul Cəfərovu dərhal həbsdən azad etməyə, tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırıram”, o qeyd edib.

Mayda Baş Prokurorluq xarici və yerli QHT-lərə qarşı cinayət araşdırmasına başlayıb. Bura Danimarkanın International Media Support və Amerikanın IREX təşkiatları da daxildir. Onlar sui-istifadələrdə və saxtakarlıqda şübhəli bilinirlər. Hər iki təşkilat Azərbaycanda söz azadlığı ilə bağlı layihələri dəstəkləyir, onların bank hesabları dondurulub.

Həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bank hesabları dondurulub və nəticədə qurum öz fəaliyyətini dayandırmaq məcburiyyətindədir.

“Media üzrə QHT-lər jurnalistlərə və bütün mediaya mühüm dəstək göstərir. Onları qorxutmaq üçün istənilən hərəkətləri etmək və ya onların işinə müdaxilə ATƏT çərçivəsində öhdəliklərə ziddir”, Miyatoviç vurğulayıb.

O, həmçinin öz tənqidi reportajları ilə seçilən “Azadlıq” qəzetinin maliyyə çətinliyi səbəbindən nəşrini dayandırmağa məcbur olmasından təəssüfləndiyini bildirib.

XS
SM
MD
LG