Accessibility links

Ilqar Nəsibov: Polis nəzarətinə verməklə məni sağlamlıq hüququmdan məhrum etdilər


Ilqar Nəsibov

Ilqar Nəsibov

O, dövlət tərəfindən tutulan vəkildən imtina edib

Avqustun 21-də fiziki təzyiqə məruz qalaraq ağır xəsarətlər alan hüquq müdafiəçisi və müstəqil jurnalist İlqar Nəsibova qarşı Naxçıvan şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi cinayət işi qaldırılıb.

İlqar Nəsibovun Amerikanın Səsinə verdiyi məlumata görə artıq onun və Fərid Əsgərovun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət-Prosessual Məcəlləsinin 169-cu maddəsinə görə polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz.

O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

Onun sözlərinə görə bu gün polis idarəsinə çağırılaraq ittiham akt ilə tanış olub. Bununla belə ona dövlət hesabına vəkil tutmaq təklif olunub.

“Mən vəkildən imtina etdim. Dedim ki, özüm özümü müdafiə edəcəm. Müəyyən vaxtdan sonra lazım gəlsə Bakıdan vəkil tutacam”, o qeyd edib.

İ.Nəsibov bildirib ki, üzləşmə prosesində F.Əsgərov onun üzünə duraraq xəsarət yetirdiyini deyib.

Hüquq müdafiəçisi F.Əsgərovun dediklərini təkzib edib.

İlqar Nəsibov ona qarşı qətimkan tədbirinin seçilməsini belə şərh edib: “Onlar mənim sağlamlıq hüququmu əlimdən alıblar. Mən hələ sağalmamışam .İki litr qan itirmişəm. İndi də başım fırlanır, üzümün keyi açılmayıb. Müalicə olunmağıma ehtiyac var. Bunu işgəncə kimi hesab edirəm“, o bildirib.

Bununla belə İlqar Nəsibov yaxın günlərdə işin yekunlaşaraq məhkəməyə göndəriləcəyini də istisna etməyib.

Avqustun 21-də İ.Nəsibov ofisində fiziki zorakılığına məruz qalaraq döyülüb. Bir neçə gün Naxçıvanda müalicə alıb. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.

XS
SM
MD
LG