Accessibility links

Müdafiə Komitəsi: Siyasi məhbuslara qarşı münasibətlə bağlı “SOS” siqnalı çalınmalıdır[Video]


Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarını İctimai Müdafiə Komitəsi toplantı keçirib

Siyasi məhbuslara qarşı dözülməz münasibətlərlə bağlı beynəlxalq və yerli ictimaiyyətə “SOS” siqnalı göndərilməlidir.

Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və digər siyasi məhbuslara qarşı amansız təzyiqlər barədə həyəcanlı xəbərlər var.

Bunlar Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarını İctimai Müdafiə Komitəsinin sentyabrın 26-da keçirdiyi toplantıda müzakirə edilib. Müdafiə Komitəsində yaxın günlərdə etiraz olaraq mitinq keçiriləcəyi barədə müzakirələr aparıldığı qeyd edilib.

“Son dövrlər ölkədəki feodal qaydaları həbsxanalara da çatıb. Həbs yerlərində insanların döyülməsi, təhqir edilməsi adi hala çevrilib. Belə təhqirlər yalnız ötən əsrin ortalarında Stalin Rusiyası və Hitler Almaniyasında olub”, müdafiə komitəsinin rəhbəri Cəmil Həsənli bildirib.

Onun fikrincə həbs yerlərində Leyla Yunus və Mövsüm Səmədovla (İslam Partiyasının lideri) bağlı baş verənlər orta əsrlərdən bu günə boylanmaqdır. “Fəqan Yaqubov (Penitensiar Xidmətin mayoru) otaqda axtarış (şmon) adı ilə Leyla Yunusu boş kameraya apararaq orada döyüb. Penitensiar Xidmət isə bildirir ki, təcridxanada sıxlıq olduğundan L.Yunusun saxlandığı kamerada çoxsaylı məhbus saxlanılır. Sual olunur, təcridxanada adam döyməyə boş otaq varsa insanları nə üçün bir otağa yığırlar?”, Həsənli sual edib.

O hesab edir ki, şəxsən İlham Əliyevin tapşırığı olmadan heç kəs siyasi məhbuslara və Leyla Yunusa qarşı belə hərəkətlərə yol verə bilməz. “Təəssüf edirəm ki, bir şəxs Azərbaycan qadınına qarşı belə hərəkət edir. Əgər belə deyilsə göstəriş versin Leyla Yunusa qarşı vəhşi hərəkət edənlər cəzalandırılsın”, Həsənli bildirib.

Komitə sədri Azərbaycan ziyalılarını, ictimaiyyəti ölkədə siyasi məhbuslara qarşı baş verənlərə reaksiya verməyə çağırıb. “Zaman Azərbaycanı dövlət, millət olaraq imtahana çəkir. Təəssüflə deyim ki, biz hələ bu imtahandan alnıaçıq çıxmırıq. Ölkədə 105 siyasi məhbus var. Onlara qarşı təhqir, döyülmə tüğyan edir. Kimin daxilində ziyalılıq varsa ortaya qoymalıdır, sonra gec olacaq”.

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev deyib ki, ölkədə alternativ fikrə qarşı təzyiqlər pik həddinə çatıb.

“Həbsxanalardakı təzyiqlərlə cəmiyyətə mesaj verirlər ki, orada həyat asan deyil. Çünki son zamanlar həbs stereotipi aradan qalxıb” .

“Qarabağ” İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədov həbsdə olan İslam Partiyasının lideri Mövsüm Səmədova qarşı münasibətin kəskinləşdiyini diqqətə çatdırıb.

“Onu son günlər 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı müəssisəyə köçürüblər. Orada isə artıq 7-ci gündür ki, cəza kamerasına salıblar. O aclığa başlayıb. Vəkillə görüşə imkan verilmir, sovqat qəbul edilmir, ona qələm və kağızın da verilməsi qadağan edilib”.

Forumda Leyla Yunusun səhhətinin də ağır olduğu da diqqətə gətirilib. “Leyla Yunusun qızı onun xəstəlik dosyesini Beynəlxalq Qızıl Xaç Komitəsinə təqdim edib. Onlar isə çox ləng hərəkət edir. Yunusa vaxtında tibbi yardım göstərilməsə o ölə bilər”, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.

Hüquq müdafiəçiləri və siyasətçilər son zamanlar həbsxanalarda və ictimai həyatda qadınlara qarşı zorakılıqların artdığını da deyib. Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bu mənada son zamanlar demokratik düşüncəli qadınlara qarşı məhkəmə proseslərini və həbs yerlərindəki qəddar münasibətləri sadalayıb.

AXCP sədri sona zamanlar siyasi məhbuslara qarşı baş verənləri İlham Əliyelə əlaqələndirib. “İlham Əliyevin hikkəsi Azərbaycanı uçuruma aparır”.

Onun fikrincə Əliyevlərin hakimiyyəti dövründə daim siyasi məhbus konveyeri işləyib. “Azərbaycan hələ 2001-ci ildə Avropa Şurasına üzvlüyə 700-dən çox siyasi məhbusla qəbul edildi. Siyasi məhbus konveyeri bu gün də işləyir”, o qeyd edib.

Kərimli siyasi həbslərə qarşı mübarizə aparmayanları qınayıb. “Özünü müxalifət adlandırıb susanlara qınağımız var. Bəlkə vətəndaş cəmiyyəti olmaq Azay Quliyevdən (Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri) qrant almaq deməkdir. Sizin ictimai məsuliyyətiniz var. Mövqe bildirməlisiniz”.

O, AXCP də etiraz mitinqlərinin keçirilməsi ilə bağlı müzakirələr aparıldığını da diqqətə çatdırıb. “Yəqin ki, növbəti həftə müzakirələr başa çatacaq”.

AXCP sədri Leyla Yunusu mübarizədə qalib adlandırıb.

“Leyla Yunus zərif vicudu ilə hakimiyyəti məğlub edib. İşgəncələr durdurulmalı, Azərbaycan hökuməti məsuliyyətini dərk etməlidir”, Kərimli bildirib.

Azərbaycanın Moskvada yaşayan ziyalıları kinorejissor Rüstəm İbrahimbəyov və yazıçı Çingiz Hüseynov da Leyla Yunusun müdafiəsi ilə bağlı bəyanatla çıxış edib. Hər iki bəyanatda “vətənimdə baş verənlərdən xəcalət çəkirəm”, deyə qeyd edilir.

XS
SM
MD
LG