Accessibility links

Mehman Hüseynov: Məni ölkəmdə girov saxlayırlar [Video-müsahibə]


Bloger Mehman Hüseynovun Amerikanın Səsinə müsahibəsi

Bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində noyabrın 10-da ATƏT-in media azadlığı ilə bağlı Tbilisidə keçirilən konfransına getdiyi zaman Bakı Hava limanında saxlanılmasından, polis və prokurorluqda dindirilməsindən, pasportunun fəaliyyətsiz kimi göstərilməsindən danışıb.

“Bakı aeroportunda sərhəd xidməti mənim pasportum barədə məlumat tapa bilmədi. Pasportumun seriya nömrəsini yazdılar ağ vərəq çıxdı. Dedilər belə adam yoxdur, bu pasport saxtadır. Mən deyəndə saxta pasport nədir? Dedilər sən uyğun gəlmirsən. Dəvət etdilər otağa başladılar üz cizgilərimin şəkillərini yoxlamağa. Bildirdim ki, pasportumda vizalar var, ölkədən çıxış və ölkəyə girişlə bağlı sərhəd xidmətinin möhürləri var. Bu necə saxta ola bilər?”, o qeyd edib.

Blogerin qollarını qandallayıblar. Əvvəlcə iki saat sərhəd xidmətində, bir neçə saat Hava Nəqliyyatında Polis İdarəsində saxlandıqdan sonra Səbayel rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətiriblər. Oradan isə Səbayel Rayon Polis İdarəsinə aparıblar və müstəntiqlər sorğu-sual edib. Nəhayət 9 saata yaxın saxlandıqdan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib və orada azad buraxılıb.

Hüseynov 2012-ci ildə xuliqanlıq ittihamı ilə saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Bir gün saxlandıqdan sonra azad buraxılıb, ölkədən çıxışına qadağa qoyulub. Buna baxmayaraq o müstəntiqin razılığı ilə bir neçə dəfə xarici ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edib, ölkəyə qayıdıb. O bu dəfə də ölkədən çıxmaq üçün polisə müraciət edib. Polis problemin olmadığını və prokurorluqdan da icazənin lazım olduğunu xatırladıb. Prokurorluğun müstəntiqi onu bir neçə gün ləngidib. Lakin sonda problem olmayacağını deyib. Buna baxmayaraq Hüseynov hava limanında saxlanılıb.

“Dünən Səbayel rayon Polis İdarəsi Sərhəd Xidmətinə rəsmi sorğu göndərdi ki, mənim ölkədən çıxışıma polis qadağa qoymayıb. Polis idarəsi bildirdi ki, bu məsələni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi ilə müzakirə et. Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi isə dedi ki, bundan sonra ölkədən çıxanda bizə də müraciət et. Bununla da məni azad buraxdılar”, o qeyd edib.

Bloger məhkəməyə müraciət edəcəyini bildirib. “Məhkəməyə müraciət edəcəyik ki, artıq 3 ildən çoxdur cinayət işi açılıb, lakin heç bir nəticəsi yoxdur. Bu səbəbdən cinayət işi dayandırılsın və mənim qanunsuz olaraq ölkəni tərk etməyimə qoyulmuş qadağa aradan götürülsün. Eyni zamanda dünən heç bir əsas olmadan mənim qollarımı qandallayıblar”.

O, saxlanılmasını və ölkədən çıxışına qadağa qoyulmasını bloger fəaliyyəti ilə əlaqəli olduğunu düşünür. “Çünki mənə saxlanan və dindirilən zaman qeyri-rəsmi deyirlər ki, bu sənə lazım idi? Bəlkə fəaliyyətindən bir az geri çəkiləsən, fəaliyyətini dəyişəsən. Bunu nəzərə alıb gələn dəfə səni ölkədən buraxarlar”.

Hüseynov təzyiqlərə baxmayaraq bloger fəaliyyətini davam etdirəcəyini bildirib. “Məni öz ölkəmdə girov kimi saxlayırlar. Bunlar düşünürlər ki, bu addımla mənim fəaliyyətimi dəyişdirə bilərlər. Çox yanlış yoldadırlar. Mən heç bir qeyri-qanuni fəaliyyətlə məşğul deyiləm. Ona görə də bundan sonra da fəaliyyətimi davam etdirəcəm”, o qeyd edib.

Show comments

XS
SM
MD
LG