Accessibility links

Fuad Ələsgərov: Vətəndaş cəmiyyəti iştirakçılarının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də tam şəffaf deyil


Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

Onun sözlərinə görə yardımların məqsədi dövlətlərin daxili işlərinə qarışmaq deyil, qlobal problemlərin həllində onların yanında olmaqdır

“Vətəndaş cəmiyyəti iştirakçılarının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti tam şəffaf deyil və burada korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir.”

Bu barədə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov QHT-lərin fəaliyyəti, “Qrant haqqında” qanuna edilən dəyişikliklərdən sonra xarici donorlar tərəfindən verilən qrantların azalacağı, nəticədə bəzi QHT-lərin fəaliyyət göstərə bilməyəcəyi barədə iddialarla bağlı http://www.azerbaijan-news.az/index.php?mod=3id=54681b “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O, müsahibəsində bir neçə faktı diqqətə çatdırıb.

“Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində doqquz qrant müqaviləsinə əsasən təxminən üz yüz əlli səkkiz min manat məbləğində vəsait alıb. Qanunvericiliyə görə, qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı doqquz qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirib. Başqa bir misal kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarıb və bundan şəxsi məqsədləri üçün istifadə edib.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər. Belə ki, son bir neçə il ərzində yerli QHT-lərə ABŞ-ın Demokratiyaya Yardım Fondu (NED) tərəfindən səksən üç qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən on iki qrant müqaviləsi əsasında beş yüz min manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (IREX) tərəfindən otuz beş qrant müqaviləsi üzrə təxminən doqquz yüz min manat, Avropanın Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən üç yüz min manat, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılıb, lakin bu qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməyib.

...Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən üz yüz min ABŞ dolları məbləğində qrant ayırıb. Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir”.

Fuad Ələsgərov həmçinin Azərbaycan dövlətininkifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrıldığını da müsahibədə qeyd edib.

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin 13 dekabrında imzalanmış fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. Şura tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrantlar ayrılır və bu qrantların məbləği ilbəil artırılır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 may tarixli sərəncamı ilə Şuraya Prezidentin Ehtiyat Fondundan müxtəlif layihələrin icrası üçün 5 milyon manat vəsait ayrılmışdır. Şura yerli QHT-lərə 2013-cü ildə 3,4 milyon manatdan artıq, 2014-cü ilin ilk 9 ayı ərzində isə 2,7 milyon manat məbləğində qrant vermişdir. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə yalnız 2013-cü ildə kütləvi informasiya vasitələrinə təxminən 3,2 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün 2013-cü ildə təxminən 2,9 milyon, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1,8 milyon manat məbləğində qrant verilmişdir.

Bunlarla yanaşı, ayrı-ayrı nazirliklər tərəfindən də böyük qrantlar ayrılır. Belə ki, Gənclər və İdman Nazirliyi 2013-cü ildə 137 layihənin həyata keçirilməsi üçün 5,5 milyon manatdan, 2014-cü ilin ilk doqquz ayı ərzində isə 2,1 milyon manatdan artıq qrant ayırmışdır. Səhiyyə Nazirliyi müxtəlif layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün 2013-cü ildə 1,4 milyon manatdan artıq, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1 milyon manat həcmində qrant ayırmışdır. Ümumiyyətlə, hazırda ölkəmizdə dövlət büdcəsi hesabına maliyyələşən 20-yə yaxın qurum tərəfindən qeyri-hökumət təşkilatlarına qrantlar ayrılır.

Bütün bunlar onu göstərir ki, QHT-lərin layihələrinin ölkədaxili mənbələr hesabına maliyyələşdirilməsi üçün kifayət qədər imkanlar mövcuddur və hazırda ölkəmizdə fəaliyyət göstərən 4 mindən çox qeyri-hökumət təşkilatının hər biri bu imkanlardan yararlana bilər. Bu mənada yerli QHT-lərin fəaliyyətinin yalnız xarici donorların qrantları hesabına mümkün olduğu barədə deyilən fikirlər qətiyyən həqiqəti əks etdirmir. ”

PA rəsmisi hesab edir ki, xarici donorların öz maliyyə vəsaitlərini vətəndaş cəmiyyətinin tamamilə yox səviyyəsində olduğu və ya vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirmək imkanına malik olmayan dövlətlərə, o cümlədən münaqişələr, vətəndaş müharibələri və onların nəticələrinin aradan qaldırılması, aclıq, quraqlıq, ebola və digər bu kimi qlobal təhlükə və çağırışlarla mübarizəyə yönəltməsi daha məqsədəuyğun olardı.

“Bütün bunları deməkdə məqsədim odur ki, Azərbaycanın maliyyə resursları kifayət qədərdir və bu resurslar hesabına nəinki ölkə daxilində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin maliyyələşdirilməsi, eyni zamanda başqa dövlətlərə yardımlar edilməsi də mümkündür və edilir də. Lakin bu yardımların məqsədi həmin dövlətlərin daxili işlərinə qarışmaq deyil, qlobal problemlərin həllində onların yanında olmaqdır. Hesab edirəm ki, xarici donorlar da maliyyə imkanlarını məhz bu kimi qlobal problemlərin həllinə yönəltməlidirlər. Bununla onlar daha vacib məqsədlərə xidmət etmiş olarlar.” Fuad Ələsgərov deyib.

XS
SM
MD
LG