Accessibility links

Allahşükür Paşazadə İrana səfər edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranda İŞİD-dən danışıb

“Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın Qum şəhərində keçirilən "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Həmin konfransda 80 ölkədən şiə və sünni ruhanilər İranın Qum şəhərində toplaşıb, İslam Dövləti (İD) yaraqlıları ilə mübarizəni müzakirə edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, Şeyxülislam İranda ikigünlük rəsmi səfərdədir.

Səfər din alimlərindən olan Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşib.

Noyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri deyib:

“Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Ayətullah əl-üzma Nasser Makarem Shirazi deyib ki, konfransda məqsəd məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır.

«İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir».

XS
SM
MD
LG