Accessibility links

Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimələyib


Politoloq Gültəkin Hacıbəyli
Politoloq Gültəkin Hacıbəyli

O, məhkəmə hökmünü qəbul etmir

Yanvarın 22-də Yasamal Rayon Məhkəməsində Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylini 500 manat cərimə edib. Belə ki, hakim Sərdar Mehrəliyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib.

Məhkəmənin hökmü ilə Gültəkin Hacıbəyli Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimələnib.

Eləcə də ekspertiza xərci olaraq 150 manat məbləğində vəsaitin də təqsirləndirilən şəxsdən tutulması hökmdə qeyd olunub.

Gültəkin Hacıbəyli Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı əsassız, ədalətsiz, saxta və gülüncdür.

“Əslində bu qərarı ilə məhkəmə mənim şərəf və ləyaqətimi tapdalayıb. Hakim Sərdar Mehrəliyev bilə-bilə qanunsuz qərar qəbul etdiyinə görə Cinayət Məcəlləsinin 295-ci maddəsi (Bilə-bilə ədaslətsiz hökm, qərar çıxarma) ilə cinayət məsuliyyəti daşımalıdır. Hakim faktları kobud şəkildə saxtalaşdırıb, mənim demədiklərim əsasında, Ədliyyə Nazirliyinin ekspertizasının rəyinin mənim xeyrimə olmasına baxmayaraq saxta qərar verib”, o qeyd edib.

Hacıbəylinin fikrincə, ümumiyyətlə məhkəmə saxtakarlıq üzərində qurulub.

“Xüsusi ittihamçı Aynur Mehdiyevanın imzası da saxtadır. Eyni zamanda insan alveri cinayəti törətməkdə məhkum olunan Aynur Mehdiyeva və Xətai rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyev məhkəmədə bilə-bilə yalan ifadə verdiklərinə baxmayaraq hakim onlar barədə xüsusi qərardad qəbul etməyib. Məhkəmə məni faktiki olaraq KİV-də geniş tirajlanmış insan alveri cinayəti törədərək 8 il 6 ay məhkum edilmiş Aynur Mehdiyeva barədə xəbəri təkrarən yaydığıma görə ittiham edib.

Məhkəmə bununla da mənim Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli mühakimə və konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüququmu kobud şəkildə pozub”.

Hacıbəyli mübarizəsini sonadək davam etdirəcəyini deyib.

“Mehdiyevlərin və barəmdə ədalətsiz hökm vermiş hakim Sərdar Mehrəliyevin cinayət məsuliyyətinə cəlb olunacağına nail olacağam”, o qeyd edib.

XS
SM
MD
LG