Accessibility links

Əli Həsənov: Heç kəs Azərbaycana ağıl öyrətməsin, demokratiya dərsi keçməyə çalışmasın


Əli Həsənov

Əli Həsənov

Şöbə müdiri 2008-2014-cü illərdə 2 mindən çox layihəyə 20 milyon manat xərcləniyini bildirib

“Bu günlərdə ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun keçirdiyi dinləmələrdə Azərbaycanı təmsil edən QHT-lərə baxın! Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki, Azərbaycanın ərazi bütövlünü pozan, milli dövlətçiliyimizə qarşı çıxan separatçı rejimi təmsil edən “QHT-lər”lə bir araya gəlib heç bir etiraz etmədən, heç bir münasibət bildirmədən Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Etsinlər, bu, onların öz işidir. Amma heç kəs Azərbaycana ağıl öyrətməsin, demokratiya dərsi keçməyə çalışmasın. Azərbaycana üçüncü sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsin”.

Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu gün keçirilən 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.

Əli Həsənov onları qondarma “Dağlıq Qarabağ respublikası”nı təmsiletmədə ittiham edib.

Onun sözlərinə görə, bu şəxslər ictimai qınağa çəkilməlidir.

"Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrdən qisas almağa çalışır. Xeyr. Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir”, deyə o bildirib.

Ə. Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub.

Ə.Həsənov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Qərb ölkələrində insan hüquqlarının, o cümlədən III sektorun fəaliyyəti təhlil edilib.

"Bu təhlil qərəzli şəkildə yox, tam obyektiv, heç bir kənar müdaxilə olmadan, əvvəlcədən müəyyən olunmuş mülahizə ortaya qoyulmadan həyata keçirilib. Təhlillər belə olmalıdır, kimisə idarə etmək, kiminsə müstəqil milli iradəsinə təzyiq göstərmək, kiminsə dövlət maraqlarını subyektiv mülahizələr istiqamətində dəyişmək məqsədilə yox".

PA rəsmisi bildirib ki, 2015-ci ildə bütün sahələrdə olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Şurasının və onun qrantları çərçivəsində fəaliyyət göstərən QHT-lərin qarşısında bir çox prioritetlər var.

"Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən III sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi müxtəlif sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidirlər.

2015-ci ilin prioritetləri sırasında həm cəmiyyətdə, həm dövlət qurumlarının fəaliyyətində, həm də QHT sektorunun özündə şəffaflıq məsələsi yenə də qalır.

“Bəzi subyektiv maraqlı qüvvələr bizi tənqid edirlər ki, biz bu sahədəki fəaliyyəti çətinləşdiririk. Xeyr. Biz heç bir şeyi çətinləşdirmirik. Biz şəffaflaşdırırıq. Hər bir fəaliyyət cəmiyyətə bəlli olmalıdır. Əgər cəmiyyətin bu fəaliyyətdən xəbəri yoxdursa, onun cəmiyyətin maraqlarına xidmət etməsi də sual doğurur. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu şuraların fəaliyyəti ayrı-ayrı sahələr üzrə QHT-lərin iştirakını da təmin edir. Mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, sosial strukturların fəaliyyətində, məktəbdən tutmuş ən yüksək dövlət orqanlarınadək şəffaflıq dövlətin vahid prinsipidir. Buna eyni zamanda QHT-lər də qoşulmalı, dəstək verməlidir".

Ə.Həsənov vurğulayıb ki, hər bir sahədə qanunçuluq olmalı, hər bir şey qanuna söykənməlidir:

" QHT-lər də, dövlət strukturları da və ya ölkədə fəaliyyət göstərən xarici strukturlar da, mətbuat orqanları da, xarici donorlar da Azərbaycan qanunlarına hörmətlə yanaşmalı və onları icra etməlidir. Əks halda qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər".

Daha sonra Əli Həsənov QHT-lərin fəaliyyətini önə çəkib.

PA rəsmisi deyib ki, Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşməsinə 20 milyon manata yaxın vəsait sərf olunub.

Azərbaycan dövlətinin QHT-ləri maliyyələşdirməsi təkcə Şura vasitəsilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilib. Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyasının, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyasının aparılması dövlət başçısının sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasına həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb. Bu gün 3 minə yaxın QHT qeydiyyatdan keçib”.

XS
SM
MD
LG